ƏHALİNİN NƏZƏRİNƏ: Güzəştli mənzillərin satış tarixi açıqlandı


16:11     29 Mart 2019 menziller.jpg

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Yasamal Yaşayış Kompleksində mənzillərin güzəştlə satışı barədə elan verib.


Femida.az-ın MİDA-ya istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin 6-7 saylı binaları üzrə 22 mənzil, həmçinin 8 və 9 saylı binalarında yerləşən 132 mənzilin, ümumilikdə 154 mənzilin satışı 29 aprel 2019-cu il tarixində saat 11:00-da başlayacaq və 30 aprel 2019-cu il tarixi saat 23:59-dək davam edəcəkdir.

Satışa ümumilikdə 154 mənzil çıxarılır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.

Bütün binalar Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarına (AzDTN) uyğun layihələndirilib və inşa olunub. Bununla bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin 15.11.2016-cı il tarixli 22880 nömrəli və 27.12.2016-cı il tarixli 23089 nömrəli müsbət rəyləri mövcuddur.



Azərbaycan Respublikası Prezidentinin 16.11.2016-cı il tarixli 1113 nömrəli Fərmanı ilə təsdiq edilmiş Qaydanın 1.2.10-cu yarımbəndi və 3.2-ci bəndinə əsasən vətəndaşlara güzəştli şərtlərlə təklif olunan mənzillərin satış qiyməti Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən təyin edilmiş orta bazar qiymətindən aşağı müəyyən olunmuşdur.

Qeyd edək ki, bir otaqlı mənzillərin qiyməti – 29 925 manatdan, iki otaqlı mənzillərin qiyməti – 47 282 manatdan, üç otaqlı mənzillərin qiyməti isə 65 626 manatdan başlayır. Mənzillərin satış qiymətinə ƏDV daxildir.

Mənzilə güzəştli ipoteka krediti vasitəsilə sahib olmaq istəyən vətəndaş minimal ilkin ödənişdən artıq ödənilən məbləğə görə, mənzilin satış qiymətini tam həcmdə öz vəsaiti hesabına birdəfəlik ödəyən vətəndaş isə bütün məbləğə əlavə 10% endirim əldə edəcək.

Femida.az

Açar sözlər:

Oxunub: 733