Gənc müəllimdən Təhsil Nazirliyinə İTTİHAM: "Uşaqları dərsdən çıxarıb işləməyə aparırdılar"


09:58     16 Aprel 2019 19_04_16_1555394241.jpg


Gənc müəllim Leyla Ucalın "facebook" hesabında Təhsil Nazirliyi haqqında paylaşdığı fikirlər geniş müzakirələrə səbəb olub.

Femida.az xəbər verir ki, Mərdəkanda valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün nəzərdə tutulmuş 2 saylı internat məktəbində baş verənləri deyən Leyla xanəm cəmi 2 həftə orada dərs deyib. 2017-ci ildəki müşahidələrini ictimaiyyətlə bölüşən Ucal bildirib ki, məktəbdəki problemlərlə bağlı Təhsil Nazirliyinə müraciət etsə də, buna baxan olmayıb.

Leyla xanımın fikirlərindən bir qismini təqdim edirik:

“Məktəbdə müəllimlər (direktor, direktor köməkçisi daxil) toplu şəklində uşaqları təhqir edir, şəxsiyyətlərini alçaldırdılar. Uşaqları divara çırpan, qapazlayan, qızların saçını yolan müəllimlər görmək adi hal idi.

Şagirdlərə kitab yalnız 45 dəqiqə ərzində paylanıb dərs sonunda yığılırdı. Buna etiraz etdiyim zaman müavin mənə dedi ki, uşaqlar vəhşidir, kitabları versələr, cıra bilərlər. Halbuki oxumaq istəyən uşaqlar var idi, amma yazıqların əllərinə kitabı verəndə o qədər minnət qoyurdularki, uşaqlar oxumaqdan soyuyurdu.

Sözdə məktəbin psixoloqu, əslində olan direktorun sürücüsü idi. O, tez-tez uşaqları heç bir əsas olmadan dərsdən çıxarıb fiziki iş görməyə aparırdı.

Sözdə məktəbdəki təmizliyə riayət etməli olan xanımlar əslində direktorun evinə təmizliyə gedən xanımlar idi. Hər müəllim öz otağını özü təmizləməli idi.

Məktəbdə dərs keçən bir mən, bir də rus dili müəlliməsi idi. Digər heç bir müəllim dərs keçmədi mən orda olduğum müddətdə. Fizika müəllimi direktor müavini idi. Uşaqlar deyirdi ki, bu adam öz dərsinə ildə iki dəfə girir - ilin əvvəlində və ilin sonunda.



Məktəb tarixində 1 nəfər də olsun universitetə daxil ola bilməyib. Təhsil Nazirliyinin vecinə də deyil...

Uşaqlara gələn keyfiyyətli qidalar satılırdı.

Müəllimlər deyirdi ki, burada qatil insanların uşaqları da var, burdakı uşaqlar vəhşidir və s.

5 saat dərsimin hər saatı bir günə salınmışdı, Mənə bildirildi ki, hər ay direktor müavininə 50 manat versəm, dərsim 2 günə salınar. Bütün bu rahatlıq direktorun icra başçısı ilə çox yaxın olmasından gəlirmiş.

İnternetdə yerləşdirilən bütün şəkillər şou xətrinə çəkilirdi. Tədbirlərdə maddi sübut olsun deyə həqiqətən də incəsənət, musiqi dərsləri keçirilirdi. Amma yenə də məqsəd uşaqlarda qabiliyyət formalaşdırmaq yox, rəsmi qonaqlar olanda onları musiqi ilə əyləndirə bilmək olurdu.

Elinanın ölümündə günahı olan direktoru başa düşürəm. Bizim təhsil nazirliyinin yetirdiyi direktordu. Olar üçün əsas olan maddi sübütdur. İnsan həyatı nədi, insanlıq nədir? Ümumiyyətlə lazımdır insanlıq bizə?

Qeyd edək ki, məsələ ilə bağlı Təhsil Nazirliyinin nümayəndəsi, De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin müdir müavini Həbib Kərimov qafqazinfo.az saytına açıqlamasında bildirib ki, məsələ ilə bağlı komissiya yaradılıb. Araşdırma gedir və nəticələrlə bağlı ictimaiyyətə məlumat veriləcək".



Amin Nəzərli

Femida.az

Açar sözlər: #təhsil   #nazirlik   #müəllim   #şagird  

Oxunub: 1198