Nazirlikdən səhv qanköçürmədən öldüyü deyilən uşaqla bağlı - Açıqlama


17:43     27 Aprel 2019 19_04_27_1556372201.jpg

Səhiyyə Nazirliyi yanlış qanköçürmə nəticəsində öldüyü bildirilən 3 aylıq körpə Mədinə Orxan qızı Əsgərzadə ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Femida.az xəbər verir ki, nazirlik Respublika Uşaq Klinik Xəstəxanasına daxil olan uşaqla bağlı yayılan məlumatın araşdırıldığını bəyan edib və xəstəxanadan verilən açıqlamanı təqdim edib. Açıqlamada deyilir:

“Əsgərzadə Mədinə Orxan qızı 28.03.2019 ci il tarixdə saat 14.10 da Respublika Uşaq Klinik Xəstəxanasına valideynləri tərəfindən gətirilib, aparılan müayinədən sonra vəziyyətinin ağırılığı ilə əlaqədar təcili anesteziologiya reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilib. Daxil olarkən vəziyyəti həddindən artıq ağır olub. Ağırlığı anemik sindromla, nevroloji simptomatika ilə əlaqədardır.

Dəri örtüyü kəskin solğun, qaraciyər və dalaq böyük olçüdə (6-7sm) olub. Reanimasiyada olduğu müddətdə bütün müayinələr aparılıb (imumi kliniki, biokimyəvi, serroloji, insturmental və dar ixtisaslı həkimlər). Eyni zamanda xəstəyə ET Hematologiya və Transfuziologiya İnstitunun əməkdaşı tərəfindən baxılıb və orda bir sıra müayinələr aparılıb. Son nəticədə xəstəyə “Fetal hepatit, immun hemolotik anemiya” diaqnozu qoyulub.


Xəstə daxil olarkən Hb səviyyəsi çox aşağı (60ql) olduğuna görə təcili qan köçürülməsi həyati göstəriş idi. Valideyn heç bir sənəd təqdim etmədən , şifahi olaraq bildirdi ki, doğum evində qan qrupunun A(II)Rh olduğunu demişdilər.

Buna əsaslanaraq, həkim laborant tərəfindən qan qrupu 3 dəfə yoxlanaraq, 0(I)Rh+ təstiq olundu. Bioloji sınaqlar aparıldıqdan xəstəyə qan köçürüldü. 4dəfə yuyulmuş eritrosit kütləsi köçürülməsinə baxmayaraq, Hb –nin səviyyəsi qalxmırdı. Buda uşağın əsas xəstəliyi ilə əlaqədardır. Tibbi protokolara və elmi ədəbiyyatlara əsaslanaraq, I qrup universal qan olduğu üçün bütün qruplara köçürülə bilər.

Aparılan müalicə fonunda xəstənin vəziyyəti stabil olub, lakin 04.04.2019-cu ildə valideynlər həkimlərin təkidinə baxmayaraq, məsuliyəti öz üzərlərinə götürüb, müalicə və müayinələrdən imtina edərək uşağı İran İslam Respublikasına aparacaqlarını bildirdilər. Bu barədə valideynlərdən iltizamnamə alındı”.

Xatırladaq ki, mətbuatda yaxınlarına istinadən körpəyə qan köçürüləndən sonra vəziyyətinin pisləşdiyi, buna görə də, İrana aparıldığı, Təbriz şəhərindəki klinikaların birində 11 gün komada qalandan sonra öldüyü ilə bağlı məlumatlar yayılıb. İranlı həkimlər bildiriblər ki, uşağın qan qrupu A(II) Rh (+) olduğu halda birinci I qrup qan köçürülüb.

Açar sözlər:

Oxunub: 497