Emin Sabitoğlunun doğum günüdür


14:52     02 Noyabr 2015 emin%20sab.jpg

Mahmudov Emin Sabit Rəhman oğlu (Emin Sabitoğlu) 1937-ci il noyabr ayının 2-də anadan olub.


Emin Sabitoğlu 1955-ci ildə Konservatoriyaya, Qara Qarayevin sinfinə qəbul olunur. Təhsilini Moskva Konservatoriyasında davam etdirərək bu şöhrətli təhsil ocağını professor Y.Şaporinin sinfi üzrə bitirir.

1961-ci ildə "Azərbaycanfilm" kinostudiyasında musiqi redaktoru vəzifəsində çalışıb. Sonrakı illərdə Dövlət Filarmoniyasında bədii rəhbər, Ü.Hacıbəyov adına Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) müəllim işləyib.
Musiqinin müxtəlif janrlarında bir çox dəyərli əsərlərin müəllifi olan Emin Sabitoğlu bir simfoniya, üç simfonik poema, üç kantata, simli kvartet, skripka və fortepiano üçün poema yazıb.

Lakin bir neçə musiqi janrı onun yaradıcılığının əsasını, müəyyənedici hissəsini təşkil edirdi. O, 600-dən artıq mahnı, 9 musiqili komediya, 40-a yaxın filmə musiqi bəstələyib.

"Alagözlüm", "Bu gecə", Şükriyyə", "Payız gəldi", "Çiçək yağışı", "Bağışla", "Əlvida", "Bəlkə", "Bir axşam taksidən..", "Gəncədən gəlirəm", "Ağ çiçəyim", "Dərələr", "Bakı, sabahın xeyir", "Uzaq yaşıl ada", "Dağlar", "İnsaf da yaxşı şeydir", "İncəbellim" mahnıları çoxsaylı əsərlərindən bəziləridir. Tamaşalara yazdığı musiqilərsə o qədər çoxdur ki, sayını heç bəstəkarın özü də doğru-dürüst bilmirdi. Paytaxt teatrları ilə yanaşı Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Naxçıvan teatrlarının tamaşalarına musiqi bəstələyib.

Onun adını "Bizim Cəbiş müəllim", "Gün keçdi", "Ad günü", "Dədə Qorqud", "İstintaq", "Atları yəhərləyin", "Onun bəlalı sevgisi", "Bəyin oğurlanması", "Ölsəm bağışla", "Təhminə", "Özgə ömür", "Həm ziyarət, həm ticarət", "Bağlı qapı", "Qaçaq Nəbi" və digər filmlərin titrlərində oxuyuruq.

E.Sabitoğlunun mahnılarının təlqinedici gücü onun qeyri-adi gözəlliyi ilə seçilən melodiyalarındadır. Özü də bu melodiyalar nə qədər sadə, nə qədər yığcamdırsa bir o qədər təsirli, cazibədardır.

Bəstəkar Emin Sabitoğlu 18 noyabr 2000-ci ildə Bakıda vəfat edib.

Açar sözlər:

Oxunub: 1296