“Razdevalka”lara kamera quraşdırıla bilərmi? - ARAŞDIRMA


19:12     02 Noyabr 2015 tehlukesizlik%20kameralari.png

Bu gün Bakının əksər küçələrində təhlükəsizlik kameralarına addımbaşı rast gəlinir. Təkcə küçələrdə deyil, ictimai və istirahət məqsədli obyektlərin də böyük əksəriyyətində bu kameralarla rastlaşmaq mümkündür. İş o yerə çatıb ki, bəzi istirahət mərkəzlərinin şəxsi istifadə üçün nəzərdə tutulmuş otaqlarında belə bu kameraları görmək olur.


Bəzi hallarda kameraların quraşdırılması vətəndaşların da narazılığına səbəb olur.

Belə ki, hansısa istirahət mərkəzində istirahət edən şəxs görüntülənməsini heç vaxt istəməz.

Bəs görəsən, bununla bağlı qanunvericilik nə deyir? Hansı ərazilərdə təhlükəsizlik kameraları quraşdırıla bilməz? Hansısa istirahət mərkəzinin, yaxud da ki mağazaların soyunub-geyinmə otağına kamera quraşdırıla bilərmi?

Hüquqşünas Fərhad Mehdiyevin mövzu ilə bağlı fikirlərini bizimlə bölüşdü.

Fərhad Mehdiyev:



“Təhlükəsizlik kameralarının quraşdırılması ilə bağlı qanunvericilikdə hər hansı bir tənzimləmə olmadığı üçün, bu kameraların quraşdırılmasının əsasları qanunvericiliyin digər normalarına uyğunlaşdırılmalıdır. Bir insanın şəxsi mülkiyyətinin yaşayış məqsədi ilə bağlı istifadə edildiyi yerlərdə hüquqi problem yaranmasa da, aşağıda nümunə kimi göstərdiyim faktorların varlığı sual yaradır:

1. Kameraların ictimaiyyətə açıq yerlərdə quraşdırılması hallarında, müşahidədən başqa qeyd aparmaq olarmı?

2. Özəl iş yerlərində rəhbərlik hansı otaqlarda müşahidə kamerası quraşdıra bilər?

3. Dövlət mülkiyyətində olan müəssisələrdə hansı yerlərdə müşahidə kameraları qoymaq mümkümdür?


Kameraların quraşdırılması adətən təhlükəsizliyin və nizam-intizamın təmin edilməsi məqsədi daşısa da, verəcəyim misallarda praktikada necə aktual mübahisələrin yaranabiləcəyi anlaşılsın:

Mənzil sahibi öz qapısının üzərinə kamera qoyur, kamera bloka girən hər kəsi qeyd edir. Qarşı mənzildə yaşayan onun evinə girib-çıxanların kamerada qeydə alınmasından narazıdır və bunun onun şəxsi və ailə həyatına müdaxilə təşkil etidiyini irəli sürür. Əslində, qonşunun belə bir etirazı haqlıdır, kamera elə çevirilməlidir ki, qonşunun qapısına girib çıxanlar qeydə alınmasın.

Bəs bloklara girənlərin video qeydiyatı aparıla bilərmi?

Qeyd edim ki, video-qeydlərə ancaq cinayət işinin istintaqı zamanı müvafiq şəxslər tərəfindən baxıla bilər.

İş yeri sahibi ayaq yolu istisna olmaqla, hər ofis otağına yuxarı küncdən kamera quraşdırır və mərkəzi ofisdən işçilərin necə işlədiyini izləməyə çalışır. İşçilər isə bu durumdan narazıdır və şikayət edirlər ki, biz iş yerində də bəzi özəl və şəxsi işlərimizi görürük, məsələn evimizə zəng edirik, ya da qapını bağlayıb, üstümüzü dəyişmək istəyə bilərik və s. Burada əsas ölçü, şəxsi həyata əsassız müdaxilənin qarşısını almaqdır. Müdaxilə o halda əsaslı olur ki, təhlükəsizlik və cinayətlərin qarşısını almağa yönəlsin və vətəndaşın icazəsi olmadan istifadə olunmasın, yəni yayımlanmasın, təhqiqatçı və müvafiq şəxslərdən başqa həmin məlumatlara giriş mümkün olmasın.

Əslində qərbdə bu kimi hallar mümkün deyil. Yəni qərb ölkələrində işçinin otağına kamera quraşdırıla bilməz. Kameralar müştərilərlə görüşə açıq olan yerlərdə problemsiz quraşdırıla biler. Yəni Avropada əsas ölçü budur. Otelin korridorunda kamera quraşdırıla bilər. Amma otelin yaşayış otaqlarında qətiyyən olmaz”.

Araşdırmanın yekunu olaraq deyə bilərik ki, ilk növbədə kameraların quraşdırılması ilə bağlı müəyyən məhdudiyyətlər mövcuddur. Belə ki, bu kameralara hansısa cinayət işinin istintaqı zamanı təhqiqatçı və müvafiq şəxslərdən başqa giriş mümkün olmasın. Otel və ya istirahət mərkəzlərinin koridorunda kamera quraşdırıla bilər. Amma otelin yaşayış otaqlarında və yaxud da istirahət mərkəzlərinin şəxsi istifadə üçün ayrılmış hissələrində kameraların quraşdırılması qətiyyen olmaz. Ayaqyolu və paltardəyişmə otaqlarına isə kamera quraşdırıla bilməz.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 12948


Oxşar xəbərlər