Parlamentin yeni sakinləri - İlkin təəssürat


15:21     04 Noyabr 2015 12109090_10207138490488075_8415029740591296482_n.jpg

V Azərbaycan Milli Məclisinə seçkilərin səsverməsi başa çatıb. Artıq millət vəkili adını qazanan namizədlərin adı məlumdur. Bu seçkilərdə bir sıra yeni namizədlər də Milli Məclisə daxil ola bildilər.


Femida.az həmin deputatların bəziləri ilə həmsöhbət oldu. Namizədliyi 89 saylı Göyçay-Ağdaş seçki dairəsindən Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş Elman Nəsirov da Milli Məclisdə ilk dəfə təmsil olunan deputatlardandır.

Elman Nəsirov seçki ilə bağlı ilkin təəssüratlarını bizimlə bölüşdü:



“Bu seçkilər ölkəmizin demokratik inkişaf yolunda növbəti mühüm addımı oldu və kifayət qədər demokratik, şəffaf, obyektiv, azad şəkildə həyata keçirildi. Azərbaycan seçicisi öz namizədini seçmək üçün hər cür imkanla təmin edilmişdi. Beynəlxalq müşahidəçilər özləri keçirilən seçkilərdən çox razı qaldılar. Xarici müşahidəçilər bütün seçki məntəqələrində kamera quraşdırılmasını şox unikal bir hadisə olduğunu bildirdilər. Mənim namizədliyim 89 saylı Göyçay - Ağdaş seçki dairəsindən irəli sürülmüşdü. Seçki günü Ağdaş və Göyçayda havanın çox soyuq və sərt olmasına baxmayaraq insanlar öz seçki hüququnu həyata keçirmək üçün çox böyük fəallıq nümayiş etdirdilər. İlk növbədə bu fəallıq ondan irəli gəlirdi ki, xalq öz gələcəyinə biganə yanaşmır. Ölkə üzrə seçici fəallığının 6% artması çox şeydən xəbər verirdi. Seçicilərin mənim namizədliyimi dəstəkləməyi əslində onların Yeni Azərbaycan Partiyasına olan rəğbətindən irəli gəlirdi”.

Milli Məclisdə ilk dəfə təmsil olunan deputatlardan biri də Tahir Mirkişilidir



Yeni Azərbaycan Partiyasının 42 saylı Sumqayıt ikinci seçki dairəsindən Milli Məclisə seçkilərdə deputatlığa namizədi olan Tahir Mirkişili seçki ilə bağlı təəsüratlarını aşağıdakı kimi təsvir etdi:

“Bir namizəd kimi seckilərin kecirilməsi prossesini, secicilərin aktivliyini yüksək dəyərləndirirəm. Şəffaflıq yüksək səviyyədə idi. Əminəm ki, seçicilərin əksəriyyəti Yeni Azərbaycan Partiyasının hədəfləri olan inkişafa, muasirliyə, sabitliyə səs verib”.

Milli Məclisə keçirilmiş seçkilərdə ilk dəfə millət vəkili adını qazanan namizədlər içərisində qadınlar da var idi.

Bu qadınlardan biri də namizədliyi Yeni Azərbaycan Partiyası 6 saylı Culfa–Babək seçki dairəsindən irəli sürülmüş Həmzəyeva Ülviyyə Tapdıq qızıdır.

Ülviyyə Həmzəyeva Azvision.az-a verdiyi açıqlamada ilk dəfə millət vəkili seçildiyi üçün çox həyəcanlı olduğunu açıqladı:



“Millət vəkilliyi ilə yanaşı rəssamlıq fəaliyyətimi də davam etdirəcəyəm. Millət vəkili hər bir insanın vəkilidir. Mən də hər bir insanın vəkili olacağam. Gələcəkdə daha çox incəsənət istiqamətində işlərin görülməsinə çalışacağam. İnanıram hər şey yaxşı olacaq. İlk dəfə millət vəkili seçildiyim üçün çox həyəcanlıyam. Həm də çox gəncəm. Sözün açığı hələ bilmirəm ki, işlərim nədən ibarət olacaq”.

Ü.Həmzəyeva həmçinin qeyd edib ki, millət vəkili seçilməsinə baxmayaraq, müəlliməlik fəaliyyətini də davam etdirəcək:

“Mən bu gün də müəlliməyəm, hazırda tələbələrə, uşaqlara köməklik edirəm. Daha çox öz yaradıcılığıma vaxt ayırıram. İnanıram ki, gələcək də yaxışı rəssamlar yetişdirəcəyik”.

Bəs yeni seçilmiş millət vəkilləri növbəti beş il ərzində parlamentdə daha çox hansı istiqamətdə fəaliyyət göstərəcək?

Elman Nəsirov:

“Yəqin ki, Milli Məclisdə beynəlxalq əməkdaşlıq, daxili siyasi məsələlər, insan hüquq və azadlıqlarının qorunması istiqamətində fəaliyyət göstərərəm. Düşünürəm ki, politoloq kimi mənim parlamentdə fəaliyyətim daha çox xarici siyasət, beynəlxalq təhlükəsizlik sferalarını əhatə edəcək”.

Tahir Mirkişili:

“Seçkilərdə qələbəmiz tam rəsmiləşəndən sonra Parlamentdə iqtisadiyyat, informasiya-kommunikasiya texnologiyları, beynəlxalq munasibetler, innovasiyalar, vətəndaşlara xidmət standartlarının artırılması istiqamətində çalışmaq planlarımız mövcuddur”.

Qeyd edək ki, seçkilərdə uğur qazanmış 125 deputatın 27 - si ilk dəfədir ki, Mili Məclisdə təmsil olunur.

Femida.az

Açar sözlər:

Oxunub: 4923