Azərbaycanda dini dəyərlər: medianın rolu


19:44     13 İyul 2019 jurnalist%20qabiliyyet.jpg

Azərbaycan dövlətinin siyasətində din amili özünəməxsus yer tutur. Azərbaycan Prezidenti İlham Əliyev dini irsin qorunub saxlanmasına və inkişafına xüsusi həssaslıqla yanaşır. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycanda 2016-cı ilin “Multikulturalizm” ili, 2017-ci ilin isə “İslam Həmrəyliyi” ili elan edilməsi bunun əyani sübutudur. Azərbaycanda milli-mənəvi, o cümlədən dini dəyərlərin təbliğində medianın xüsusi rolu var. Ancaq bu məsələdə də diqqətlə yanaşılmalı məqamlar çoxdur.

18 il əvvəl dövlət-din münasibətlərini daha da təkmilləşdirmək, dini sabitlik yaratmaq məqsədilə ulu öndər Heydər Əliyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılması ilə bağlı Fərman imzalayıb. Komitə ölkədə dini məsələlərin tənzimlənməsində xüsusi rol oynayır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun sözlərinə görə, media və din mövzusuna geniş baxdıqda müəyyən narahatedici məqamlar nəzərə çarpır: “Media nümayəndələri arasında dini bilənlərin sayı kifayət qədər deyil. Çünki 70 il sovet dövründə yaşamışıq, dinlə bağlı məlumatlardan uzaq olmuşuq, bu informasiyalar bizə müstəqillikdən sonra çatıb. Bu baxımdan mətbuatda dinlə bağlı bilikləri olanların kifayət qədər olmaması normal haldır. Ancaq bu gün xüsusilə sosial mediada dinlə bağlı bilikləri olmadığı halda hansısa ideyanın, dini cərəyanın təsiri altında, onların maraqları çərçivəsində dinin düzgün olmayan, təriqət müstəvisində təbliğ edilməsi prosesində iştirak edən insanlar var. Əslində onlar jurnalist deyillər. Digər önəmli bir nüans odur ki, internetin Azərbaycan seqmentində çoxlu sayda dini saytlar var. Bu saytların bir hissəsi informasiya portalı kimi fəaliyyət göstərir və orada çalışan insanlar özlərini jurnalist, hətta dini jurnalist kimi təqdim edirlər. Belə saytların əksəriyyəti Azərbaycanın milli, dövlət maraqlarına uyğun olmayan hansısa qüvvələr tərəfindən idarə olunur və maliyyələşdirilir. Bu saytların bir hissəsinin domenləri belə Azərbaycan domeni deyil. Ancaq ümumilikdə mətbuatımızı götürsək, son dövrlərdə milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində xeyli işlər görülüb. Burada xüsusilə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi, Mətbuat Şurası, eyni zamanda Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun birgə əməkdaşlığını qeyd etmək istəyirəm. Son illər ərzində mediada dinlə bağlı mövzuların işıqlandırılmasında spesifik xüsusiyyətlərin öyrədilməsi, treninqlərə hesablanmış çoxsaylı tədbirlər keçirilib. Bu tədbirlərin nəticəsidir ki, bu gün tanınmış informasiya portallarında, xəbər agentliklərdə, qəzetlərdə dinlə bağlı bilikləri olan jurnalistlər, mütəxəssislər var. Bunu da unutmamalıyıq”.

Beynəlxalq təcrübədən danışan Gündüz İsmayılov bildirib ki, bəzi ölkələrdə, xüsusilə də MDB və müsəlman ölkələrinin bəzilərində jurnalistika üzrə ixtisaslaşma aparılır: “Bu ixtisaslaşmanın içərisində dini jurnalistika, dindən yazan jurnalistlərlə bağlı da ixtisas bölgüsü var”.

Azərbaycanda tarixən müxtəlif dinlərin, dini konfessiyaların nümayəndələri mehriban, tolerant, multikultural mühitdə yaşayıblar. Bu mühit ölkəmizdə bu gün də davam edir. Prezident İlham Əliyev multikulturalizmin həyat tərzinə çevrildiyi Azərbaycanın dünyaya tolerantlıq nümunəsi olaraq daha geniş tanıdılmasının vacibliyini, eləcə də ayrı-ayrı ölkələrdəki müxtəlif multikultural modellərə xas fəlsəfi, sosial, siyasi və digər aspektlərin Azərbaycan reallığında təhlili və təşviqinin əhəmiyyətini nəzərə alaraq 15 may 2014-cü ildə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması haqqında Fərman imzalayıb.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov deyir ki, bu gün ölkədə media-din münasibətləri kifayət qədər yaxşıdır: “Əvvəlki dövrlərlə müqayisədə bu gün hər şeyin daha sərbəst və daha aydın olduğunu düşünürəm. Əgər dinlə bağlı sərbəst fikir mübadiləsi apara biliriksə, hamı öz dini inanclarını və düşüncələrini sərbəst şəkildə bölüşürsə, bu, din və media arasındakı münasibətlərin daha açıq olduğuna dəlalət edir. Ənənəvi mediada dini maarifləndirmənin üstünlük təşkil etməsi kifayət qədər faydalıdır. Sosial mediada isə dini, irqi ideyalarda qarışıqlıq və hər kəsin öz fikrini yazmaq meylləri var. Bu sahədə bilgili olmayanlar da öz fikrini yazır. Bunun isə müsbət və mənfi tərəfləri var. Müsbət tərəfi odur ki, cəmiyyətin dinə münasibətini açıq ifadə etməsi dini ekstremizmin və radikallığın qarşısını alır. Media cəmiyyətin güzgüsüdür və bunu düzgün şəkildə çatdırmalıdır. Təhlükəli tərəfi isə budur ki, ənənəvi olmayan mediada fikirlər daha kəskindir. Elmə və dinə əsaslanmayan, dini təməli zəif olanların yalnız eşitdikləri əsasında çağırışlar etməsi narahatlıq doğurur. Çünki bunlar səhih fikirlər deyil. Din və media münasibətləri elə olmalıdır ki, hər iki tərəf qarşılıqlı olaraq bir-birindən bəhrələnməlidir. Media dini, dini maarifləndirməni düzgün çatdırmalı, cəmiyyətin bu istiqamətdə aydınlanmasına xidmət etməlidir. Eyni zamanda din də mediadan doğru istifadə etməli, Allaha əsaslanan dinin bütün insanlara çatdırılmasında medianın gücündən istifadə etməlidir”.

Media və din məsələsində beynəlxalq təcrübəni bölüşən Rəvan Həsənov bildirib ki, bu gün bizim o qədər də çox hiss etmədiyimiz problemlər Avropa və Amerikada daha kəskin hiss olunmağa başlayıb: “Sərhədsiz fikirlərin dinə əsaslandırılaraq çatdırılması kifayət qədər problemli məsələdir. Çünki, ənənəvi medianın gücü o qədər də qalmayıb. Təbliğ baxımından yeni media vasitələrinin potensialı daha yüksəkdir. Qərb dünyasında da qəzetlər artıq sıradan çıxır, televiziyada daha çox reytinqə əsaslanan verilişlərin verilməsi daha məqsədəuyğun sayılır, maarifçiliklə bağlı verilişlərin baxış səviyyəsi o qədər də yüksək olmur. Elə cəmiyyətlər var ki, dinə söykənən cəmiyyətdir və burada həqiqətən də din insan həyatının ayrılmaz tərkib hissəsidir. Buna qarşı olan hər hansı fikir çox gərginlik yaradır. Media çalışır ki, bu balansı qorusun. Ümumiyyətlə media ilə dinin münasibəti hər zaman balanslı olmalıdır”.

Azərbaycanda dini sahədə peşəkar mütəxəssislərin formalaşmasında Azərbaycan İlahiyyat İnstitutunun rolunu xüsusi qeyd etmək lazımdır. Azərbaycan İlahiyyat İnstitutun rektoru Ceyhun Məmmədov deyib ki, dinlə bağlı yazılar yazmaq tamamilə fərqli bir mövzudur: “Dinlə bağlı həssas nüanslar bəzən nəzərə alınmır. Bu, dünyada da aktual məsələdir ki, mütləq dinlə bağlı yazılarda mütəxəssislərlə məsləhətləşmək və onların rəyindən istifadə etmək lazımdır. Dünya təcrübəsi göstərir ki, bəzən hansısa bir mətbu orqanda dinlə bağlı gedən yanlış bir yazı böyük çaxnaşma, qarşıdurma yaradır. Ona görə də bu məsələdə həssas olmağımız çox vacibdir. Hesab edirəm ki, dinlə bağlı ixtisaslaşmış mətbu orqanların olması da yaxşı olardı. Ümumən götürəndə isə Azərbaycanda media-din münasibətlərini yüksək qiymətləndirirəm, bu sahədə əməkdaşlıq ürəkaçandır. Jurnalistlər üçün bu sahədə seminarların təşkilinə daha çox ehtiyac var. Biz Azərbaycan İlahiyyat İnstitutu olaraq gələcəkdə Mətbuat Şurası ilə birgə bu istiqamətdə bir sıra tədbirlər keçirmək barədə düşünürük”.

Rektor qeyd edib ki, Azərbaycan İlahiyyat İnstitutunda magistratura səviyyəsində dini jurnalistika ixtisasının yaradılması ilə bağlı müzakirələr aparılır: “Təbii ki, bu, aidiyyəti dövlət qurumları ilə razılaşdırılmalıdır. Hazırda bu prosesin hansı formada, necə qurulacağını düşünürük”.

Media nümayəndələrinin dini sahədə savadlı, bilgili olması üçün Mətbuat Şurası da daima tədbirlər, müsabiqələr həyata keçirir. Bu tədbirlərin əksəriyyəti Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə təşkil olunur. Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, din sahəsinə çox diqqətlə yanaşılmalıdır: “Bu sahədə yazan jurnalistlər təbii ki, din sahəsini dərindən bilməlidir. Peşəkar və bu sahəyə diqqətlə yanaşan jurnalistlər var. Eyni zamanda qeyri-peşəkar, yazdığı sahəyə dərindən bələd olmayan jurnalistlərə də rast gəlinir. Düşünürəm ki, keçirilən müsabiqələr, həyata keçirilən layihələr bu məsələyə öz müsbət təsirini göstərir, bununla bağlı işlər görülür. Azərbaycanda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsi çox uğurla fəaliyyət göstərir. Eyni zamanda Azərbaycan İlahiyyat İnstitutu dini cəhətdən peşəkarların formalaşmasına öz töhfəsini verir. Dini mövzuda yazan jurnalistlər bunun həssas mövzu olduğunu unutmamalı, incəliyinə qədər bu məsələləri, cəmiyyət-din, din-dövlət münasibətini dərindən bilməli, bütövlükdə bu sahənin biliciləri olmalıdırlar. Bu məsələlərin bundan sonra da yaxşı mənada cəmiyyətdə təbliğ və təşviq olunmasında hər bir azərbaycanlının, xüsusilə də medianın üzərinə böyük məsuliyyət düşür”.

Azərbaycanda medianın fəaliyyəti ölkə qanunvericiliyə uyğun həyata keçirilir. Bunun üçün də mediada dini radikalizmə qarşı maarifçilik işləri aparmalı, dini radikalizmin ölkə, dövlət və cəmiyyət üçün yarada biləcəyi təhlükələr göstərilməlidir.

Yazı Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Mətbuat Şurasının 22 iyul Milli Mətbuat Günü münasibətilə “Din və media” mövzusunda keçirdiyi birgə müsabiqəsinə təqdim olunur.

Femida.az

Açar sözlər:

Oxunub: 501