Bakıda Norveç Krallığı vətəndaşının başına iş gəldi: Aldığı evə girə bilmir (VİDEO)


13:05     23 İyul 2019 2019/07/67372073_425602281369663_2117776222501994496_n_1563869606.jpg

Norveç Krallığının vətəndaşı Qurbanov Zaməddin Yusif oğlu Bakıda aldadıldığını iddia edib. Hüquqlarının pozulduğunu bildirən xarici ölkə vətəndaşı Femida.az-a müraciətində bildirib ki, illərdir dostluq münasibətində olduğu keçmiş qonşusu Nağıyev Mətləb Zülfüqar oğlu tərəfindən aldadılıb.


O, müraciətində bildirib ki, M.Nağıyev onun etibarından sui-istifadə edərək saxta sənədlərlə ona torpaq və ev satıb. Mətləb Nağıyev qarşı tərəfə evin “kupçası” adı ilə saxta sənəd təqdim edib.

“ Goranboy rayonunda doğulmuşam. İllər öncə işimlə əlaqədar olaraq Norveç Krallığına köçdüm. 25 ilə yaxındır ki, oranın vətəndaşıyam. Azərbaycandan kənarda yaşasam da, tez-tez bura gəlirdim. Günün birində Bakıdan ev almaq istədiyimi qonşum Mətləbə dedim. O, bu işə mənə kömək edəcəyini və onda ev olduğunu bildirdi. Mən də ona etibar etdiyim üçün razılaşdım. Bir müddət sonra əlində sənədlər gəldi və bu sənədlərin mənim evimin “kupçası” olduğunu dedi. Mən də ona inandım. Kənd Əhmədlidə mənə ev tapdı. Bildirdi ki, torpağı və üzərində olan fərdi yaşayış evini o mənə Xətai Bələdiyyəsindəki tanışlarının əli ilə satır və sənədləşmədə heç bir problem ola bilməyəcəyini qeyd etdi. Bildirdi ki, orada yaxın müddətdə tikilən evlər söküləcək və mən dəyərindən artıq məbləğdə Azərbaycan Dövlətin kompensasiya alacam. Azərbaycanda uzun müddət yaşamadığım üçün qanunları bilmirdim.







23 avqust 2017-ci il tarixində Nağıyev Məndən Yeni Suraxanı ərazisində yerləşən çayxanaların birində evin mənim mülkiyyətimə küçirilməsi üçün 30.000 (otuz min) manat evin dəyərinə görə, ” 1500 (min beş yüz) manat guya sənədləşmə və qeydiyyat məsələsinə görə pul aldı. Daha sonra 8000 (səkkiz min) AZN pulu qeyd olunan fərdi yaşayış evinə məişət əşyaları alınması üçün məndən aldı.”


Aldadıldığını iddia edən Norveç Krallığı vətəndaşı bildirib ki, oğlunu Bakıda evləndirmək qərarına gəlib. Bu zaman Mətləb Nağıyev ona bacısı qızının subay olduğunu və qohum olmağı qarşı tərəfə təklif edib.



“Oğluma qız axtarırdım. Mətləb bacısı qızını məsləhət gördü. Mən də düşündüm ki, bunları çoxdan tanıyıram. Razılaşdıq. Toy oldu. Mətləb toy zamanı bildirdi ki, bacısı qızının və oğlumun evə qeydiyyata salınması üçün 1500 manat pul lazımdır. Həmin pulu da ona verdim. Oğlum fiziki qüsurlu olduğu üçün qız onu təhqir edirdi. Buna görə də ailədə söz-söhbət başladı. Problem yaranan zaman Mətləb bildirdi ki, ev onlarındır. Evin kilidini dəyişdilər, bizi evə girməyə qoymadılar. Məhkəməyə müraciət etmək istəyəndə vəkilim sənədlərə baxdı. Məlum oldu ki, Mətləbin mənə “kupça” adı ilə verdiyi sənəd MMC sənədi imiş. Bu sənəd “kupça” yox, sadəcə əmlakın qiymətləndirilməsi sənədi imiş. ”



Zaməddin Qurbanov bildirib ki, sənədlərin saxta olduğunu bildirkdən sonra evi ona satan Mətləb Nağıyevdən ödədiyi pulu tələb etməyə başlayıb. Bu zaman o təhqir və şantajla üzləşib.




(Norveç Krallığı vətəndaşı Zaməddin Qurbanov)


“Mətləbdən pulumu geri istəyəndə mənə bildirdi ki, bu sənədlər düzdür. Hətta məndə səs yazısı da var. Orada deyir ki, bu sənədlə bir çox adama ev satıb. Mətləb məni şantaj etməyə başladı. Polisə müraciət edəcəyim halda məni şərləyəcəyini dedi. Mətləb mənimlə telefon danışığında etiraf edir ki, bu cür sənədlərlə bir çox adamlara torpaq, ev satıb.”







(Zaməddin Qurbanov və Mətləb Nağıyev arasında olan telefon danışığının səs yazısı.Qeyd: səs yazısı Z.Qurbanov tərəfindən saytımıza təqdim olunub.)

Zaməddin Qurbanov bildirib ki, üzləşdiyi dələduzluqla bağlı Baş Prokurorluğa və digər hüquq-mühafizə orqanları rəhbərlərinə rəsmi şəkildə müraciət edib.
“Azərbaycanın bu gün hüquqi əsaslarla idarə olunduğu ölkə olmasını bilirəm. Elə hüququn aliliyinə inaraq hüquq mühafizə orqanlarına müraciət etmişəm. Tələbim məndən aldadılma yolu ilə alınmış məbləğin geri qaytarılması, mənə qarşı edilən təhdidin və təhqirin dayandırılmasıdır. Həmçinin Mətləb Nağıyev törətdiyi qeyri-qanuni əməllərə görə məsuliyyətə cəlb edilməlidir.”






Zaməddin Qurbanovun vəkili Vüqar Səfərli bildirib ki, mövcud durumda Azərbaycan Respublikasının Qanunvericiliyi kobud şəkildə pozulub. Vəkil Vüqar Səfərlinin sözlərinə görə, Azərbaycan qanunvericiliyində əcnəbilərin ölkədə mənzil almasına dair heç bir problem yaranmasa da, torpaq alışına məhdudiyyət var.





"“Torpaq haqqında" Qanuna görə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər mənzil əldə etdikdə Azərbaycan Respublikası vətəndaşlarına nisbətdə bir qədər artıq rüsum edirlər. Lakin torpaq almaqları problemdir. Əcnəbilərin mülkiyyətinə torpaq verilə bilməz. Bizim qanunvericilik onu qadağan edir. Əgər onların mülkiyyətinə torpaq düşürsə, onu 1 il müddətinə özgəninkiləşdirməlidirlər. Ancaq torpaqdan başqa istənilən növ daşınmaz əmlak ala bilərlər.”

Vəkil bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxsin xarici ölkə vətəndaşı olmasından istifadə edən tanışı Mətləb Nağıyev ona qarşı qanuna zidd əməllərə yol verib.

“Biz qanununvericiliyin tələblərinə uyğun olaraq rəsmi şəkildə müraciətlərimizi etmişik. İnanırıq ki, hər zaman olduğu kimi bu dəfə də məsələyə ədalət prinsipi çərçivəsində baxılacaq və qərar veriləcək”, deyə vəkil bildirib.


Femida.az yazıda adı hallanan Mətləb Nağıyevlə əlaqə saxlayıb. O, açıqlamasında bildirib ki, məsələ ilə bağlı jurnalistə münasibət bildirmək istəmir.



“Bu məsələ ilə bağlı ancaq məhkəmə olsa orada danışaram.Hər şey qanunla həll olunur”, deyə o bildirib.

Mətləb Nağıyev onun ünvanına səsləndirilən saxta sənəd iddialarını rədd edib.





Hazırladı: Miri Məcidli
Oğuz Altay
Operator:Əhməd Xəlilov
Femida.az

Açar sözlər: #hüquq   #femida   #Zaməddin_Qurbanov   #Mətləb_Nağıyev   #şikayət   #Azərbaycan   #Bakı   #Norveç_krallığı  

Oxunub: 3623