Bakının Baş planı ilə bağlı təkliflər müzakirə olundu
10:16 19 Sentyabr 2019
Bakı şəhərinin Baş planının hazırlanması işi plan-qrafikə uyğun davam etdirilməkdədir. Bu prosesin bütün iştirakçılarının əlaqələndirilməsi məqsədilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən formalaşdırılmış qurumlarası İşçi qrupun növbəti iclası 18 sentyabr 2019-cu il tarixində keçirilib.
Komitədən Femida.az -a verilən məlumata görə, bir çox nazirliklərin, dövlət komitələrinin və digər aidiyyəti dövlət qurumlarının həm rəhbərlik, həm də ekspert səviyyəsində təmsil olunduğu İşçi Qrupun bu iclası çərçivəsində ötən müddət ərzində görülmüş işlər təqdim olunub, beynəlxalq və yerli ekspertlər tərəfindən şəhər planlaması üzrə təklif edilən ilkin baxışlar müzakirə edilib.
İclası giriş sözü ilə açan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini Dövlətxan Dövlətxanov İşçi Qrupda təmsil olunan qurumların ötən müddət ərzində səmərəli əməkdaşlığını yüksək qiymətləndirərək, Baş plana daxil ediləcək strateji layihələr üzrə irəli sürülmüş təkliflər barədə məlumat verib. Sədr müavini aidiyyəti dövlət qurumlarının təşəbbüsü və iştirakı ilə işlənilən strateji layihələrin Bakının müəyyən olunmuş inkişaf prioritetlərinə əsaslandığını bildirib və iclas iştirakçılarını seçilmiş layihələrin fəal müzakirəsinə dəvət edib. Eyni zamanda, məlumat verilib ki, bu günədək 31 dövlət qurumunun şəhərin inkişafına dair təqdim etdiyi müxtəlif məlumatlar sistemləşdirilərək vahid baza şəklində formalaşdırılmış və Baş plan üzərində çalışan mütəxəssislər qrupunun istifadəsinə verilib.
Daha sonra Bakının baş planının hazırlanması üzrə keçirilmiş beynəlxalq tenderin qalibi “AS+P” şəhərsalma şirkətinin nümayəndəsi - layihə rəhbəri Frank Höf çıxış edərək Bakının inkişaf prioritelərinə əsaslanaraq işlənmiş bir neçə şəhərsalma baxışları və həlləri ilə bağlı ilkin təklifləri müzakirə üçün təqdim edib. Təqdim olunmuş şəhər planlaması baxışları (1) “Çoxmərkəzli şəhər nüvəsinin formalaşdırılması və ərazilərdən səmərəli istifadə”, (2) “Şəhər əhalisinin mobilliyini təmin edən ictimai nəqliyyat şəbəkələri və onların inteqrasiyası”, habelə (3) “Müasir şəhər iqtisadiyyatı - gələcək iqtisadi inkişafı şərtləndirəcək hərəkətverici amillər” kimi mövzuları əhatə edib.
Daha sonra İşçi Qrupun iclası sözügedən mövzulardan hər biri üzrə ixtisaslaşan təşkilatların nümayəndələrinin iştirakı ilə 3 parallel sessiya formatında davam edib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmiləri və Komitənin məsləhətçisi olan “BCG” şirkətinin nümayəndələri tərəfindən idarə olunan sessiyalarda hər 3 mövzu üzrə təklif olunmuş baxış və həllərə dair ətraflı müzakirələr aparılıb, aidiyyəti dövlət qurumlarının rəyləri dinlənilib. Eyni zamanda, iclasda təqdim olunmuş və Bakının Baş planının reallaşdırılmasında təkanverici qüvvə rolunu oynayacaq, şəhərin qısa və uzunmüddətli perspektivdə davamlı və sistemli inkişafına xidmət edəcək bəzi strateji layihələrin də müzakirəsi və ilkin qiymətləndirilməsi təşkil olunub.
Qeyd etmək lazımdır ki, İşçi Qrupun ilk iclası cari ilin iyun ayında baş tutmuş və fəaliyyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi əsasında Komitə tərəfindən paytaxtın Baş planının hazırlanması üzrə davam etdirilən işlərin səmərəliliyinin artırılması, dövlət qurumları arasında bununla bağlı məlumat mübadiləsinin təşkili, şəhərin gələcək inkişafı üçün aparılan genişmiqyaslı planlaşdırma işlərində vahid yanaşmaya uyğun olaraq səylərin birləşdirilməsini əhatə edir.
Oxunub: 403
Oxşar xəbərlər
- Bakının Qaradağ rayonunda qaz kəsiləcək
- Bakının bəzi yerlərində içməli suyun verilişi dayandırılıb
- Bakının Xəzər rayonunda neft oğruları peyda olub
- Bakının bəzi küçə və prospektlərində yeni hərəkət sxemi müəyyən edilib
- Bakının mərkəzində ağacların kəsilməsinə görə vəzifəli şəxs cərimələnib
- Bakının mərkəzində restoranda lift qırılıb, 2 nəfər ağır xəsarət alıb
- Bakının 6 küçə və prospektində hərəkət məhdudlaşdırılacaq
- Bakının Nəsimi və Səbail rayonlarında su kəsiləcək
- Bakının parklanma Baş Planı hazırlanıb və qiymət tarifi müəyyənləşdirilib
- Bakının bir sıra ərazilərində su kəsiləcək