“Lexus”da öldürülən qardaşların MƏHKƏMƏSİ


03:32     17 Noyabr 2015 49410.jpg


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iki qardaşı qətlə yetirməkdə təqsirləndirilən Zaur Tərlanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.


Femida.az-ın "Qafqazinfo"ya istinadən verdiyi xəbərə görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

Zərərçəkmişlərin anası Nigar Rəhimova məhkəməyə dəvət olunan şahidlərə etiraz edib: "Bütün var-yoxlarını satıb özlərinə şahid tutublar. Mənim dünyam tarımar olub, dağılıb. Mən övladlarımın qanını tələb edirəm. Mənimkilər ölüb, qoy bu da ölsün. Gecəylə get onun xarabasına od vur, qoy diri-diri yansınlar (Həyat yoldaşına müraciətlə)".

Şahid qismində dindirilən Emin Verdiyev sərbəst ifadəsi zamanı bildirib ki, mərhum qardaşlar onu qəbiristanlığa aparıb döyərək ölümlə hədələyiblər: "Zaurla bir yerdə böyümüşük. Hadisədən əvvəl Zaur avtoqəzaya düşmüşdü. Buna görə onunla görüşdük, həmin vaxt dedi ki, Cavid onun ailəsinə "SMS"lər yazır, təhdid edir. Zaur qorxmasın deyə onu bu məsələ barədə fikirləşməkdən uzaqlaşdırmağa çalışdım. Bir gün sonra uşaqlar dedi ki, Zaurla Cavid söhbətə gediblər. Biz də getdik ora, onları aralaşdırdıq. Orada Cavid Zaura təhqiramiz sözlər dedi".

Bu vaxt Nigar Rəhimova yüksək səslə şahidin ifadəsinə "yalan deyir" deyərək etiraz edib. Hakim ona xəbərdarlıq edib.

Şahid ifadəsinə davam edərək deyib ki, onlar ərazidən uzaqlaşandan sonra Zaur Cavidi bıçaqladığını deyib: "Zaur dedi ki, qəzada qollarım, qıçım əzildiyi üçün gücüm çatmadı, məcbur olub bıçaqla vurdum. Hadisədən sonra Zaurun babası ilə xalası ard-arda rəhmətə getmişdi. Zaur da yoldaşını götürüb rayona getmişdi. Cavid mənə zəng edib görüşmək istədiyini dedi, razılaşdım. Binanın həyətinə düşəndə qolumu burub məni maşına basıb qəbiristanlığa apardılar. Orada məni döyüb dedilər ki, Zaurun yerini de, mən də demədim. Qabırğama yumruqla vurub, məni öldürəcəkləri ilə hədələdilər".

Mərhum qardaşların anası təkrar etiraz edib. Hakim ona zaldan çıxarılacağı barədə növbəti xəbərdarlığını edib: "Siz belə edirsiz deyə heç bir şahid qorxusundan məhkəməyə gəlmək istəmir".

E.Verdiyev ifadəsinə davam edərək bildirib ki, bir neçə gün sonra Zaurla görüşsə də, bu barədə ona heç nə deməyib. Vəkil Mehman Əliyevin suallarını cavablandıran şahid deyib ki, Cavidin Zaurun ailəsi barədə dediklərini məhkəmədə səsləndirə bilməz: "Mən Cavidgili sələmçi Nigarın uşaqları kimi tanımışam".

Digər şahid Nahid Hacıyev ifadə verərək Zaurla Cavidin qətldən öncəki davasına Emin Verdiyevlə bir yerdə gedib. O da özündən öncəki şahidin dediklərinə oxşar ifadə verib. Onun Zaur haqda "sakit təbiətli, ali savadlı oğlan" ifadəsi işlətməsi vəkil Ceyhun Yusifovun etirazına səbəb olub. O şahidə "sən bura bəy tərifi deməyə gəlməmisən" deyə etiraz edib. Bu zaman Zaur Tərlanov vəkilə "sən klounsan" deyib. Mübahisədən sonra şahid ifadəsinə davam edib. O bildirib ki, davada Zaurla Cavidi aralaşdıranda Cavidin dostu Zamiq Zauru hədələyib: "Cavidə dedi ki, bu belə qalmayacaq, səni ağzının içindən güllələyəcəyik. Həmin dava da Cavidin Zaurun həyat yoldaşı Xanıma sms yazmasına görə düşmüşdü. Zaur sonra onlardan qorxduğu üçün ailəsini götürüb rayona getmişdi. Həmin vaxt Cavidgil gəlib məni tutub apardılar, döyüb Zaurun yerini soruşurdular, amma demədim".

Növbəti şahid Elşad Abdullayev deyib ki, Zaur evdə olmadığı vaxt Cavidin onların evinə gəldiyini görüb: "Gecə saat 1-də gələndə gördüm, bizim bloka girdi. Çöldə xeyli gözlədim çıxmadı. Səhər bildim ki, saat 4-5-də gedib. Çağırıb dedim ki, xeyir ola bizim məhləyə gecə gəlib gedirsən, dedi pul məsələsi idi. Amma Zaur həmin gün evdə yox idi".

Bundan sonra hadisənin səbəbi olduğu deyilən Xanımın qardaşı Samir Aslanov ifadə verib. O bildirib ki, bacılarını Zaura verdikləri üçün Cavid onu hədələyib: "Mən işdən evə gələndə, maşını sürdüyüm vaxt qara maşın böyrümdə şüşəni aşağı salıb dedi ki, arxamca sür sənlə söhbətim var. Mən də getdim, Cavid başladı Zaurun anası, bacısı haqda nalayiq sözlər deməyə. Dedi onlar kimdi ki, siz ona qız vermisiz?! Sonra dedi ki, Zaurdan qorxursansa, sənə beşbarmaq verək vur, biz bu işlərə baxırıq. Həmin vaxt Cavidin maşınında silah da var idi. Mənə də hədə-qorxu gəldi".

Mərhum qardaşlarən anası S.Aslanovun ifadəsinə etiraz edərək yüksək səslə "yalansa, balaları qırılsın" deyib, bundan sonra onun halı pisləşib.

Məhkəmə prosesi noyabrın 23-nə kimi təxirə salınıb.

Qeyd edək ki, hadisə bu il yanvarın 8-də saat 17 radələrində Qaradağ rayonu, Sahil qəsəbəsində baş verib. Qəsəbədə yaşayan Zaur Tərlanov aralarında yaranmış mübahisə zəmnində özünə məxsus “Vinçester” markalı odlu silahdan Sahil qəsəbəsinin girişində yolun kənarında dayanmış “Lexus” markalı avtomobilin içərisində oturmuş həmin qəsəbə sakinləri Cavid və Cahid Rəhimov qardaşlarına bir neçə dəfə atəş açaraq onları qəsdən öldürüb və hadisə yerindən qaçıb. Daxil olmuş məlumat əsasında dərhal hadisə yerinə və meyitlərə baxış keçirilib, maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2. 4ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq müvafiq ekspertizalar təyin edilib. Rayon Polis İdarəsi və prokurorluğun əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Z.Tərlanov tutularaq istintaqa cəlb edilib.

Açar sözlər:

Oxunub: 1912