Gender Əsaslı Bələdiyyələrin Təşviqi: Qadınların ictimai-siyasi proseslərdə aktivliyi


10:52     14 Oktyabr 2019 19_10_14_1571032042.jpg


Məqalə Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin İnkişaf Proqramının qismən maliyyələşdirdiyi və icra etdiyi “Genderə həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” proqramı üzrə “Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyi tərəfindən həyata keçirilən “Dayanıqlı İnkişaf Məqsədlərinin Tətbiqi Vasitəsilə Gender Əsaslı Bələdiyyələrin Təşviqi" layihəsi çərçivəsində hazırlanıb.


Günümüzün İnkişaf Məqsədləri çərçivəsində gender bərabərliyi və qadınların səlahiyyətləndirilməsi sahəsi ən aktual məsələlərdəndir. Bununla belə dünyanın hər yerində qızlar və qadınlar hələ də ayrı-seçkilik və zorakılıqdan əziyyət çəkirlər.

Azərbaycan Respublikasının Qanunları qadınlara kişilərlə bərabər hüquqlar verir. Bu hüquqlar sırasında seçmək və seçilmək hüququ da mühüm yer tutur. Təsadüfi deyil ki, Azərbaycan Şərqdə qadınlara seçki hüququ verən ilk ölkə kimi də tarixə düşüb.



Azərbaycan müstəqillik əldə etdikdən sonra da qadınların cəmiyyətdə, xüsusilə idaretmə sahəsində faəllığı müşahidə olunub. 1995-ci il noyabrın 12-də qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyanın 25-ci maddəsində deyilir ki, kişi ilə qadının eyni hüquqları və azadlıqları var. Konstitusiyanın 56-cı maddəsinə əsasən, qadınların dövlət orqanlarına seçmək və seçilmək, həmçinin referendumda iştirak etmək hüququna malikdir. Göründüyü kimi Azərbaycanda seçki məsələsində gender bərabərliyinin müəyyən tarixi var.

Gender bərabərliyi yalnız təməl insan hüquqlarından biri deyil, həm də sülh və dayanıqlı dünya üçün zəruri şərtlərdəndir. Qızların təhsilə, səhiyyə xidmətlərinə, ictimai sferaya bərabər çıxışının, eləcə də siyasi və iqtisadi qərarların qəbulu proseslərində iştirakının təmin olunması bəşəriyyətə əhəmiyyətli faydadan başqa heç nə verə bilməz.



BMT-nin 2015-ci ilin sentyabrında keçirilən tarixi sammitində dünya liderləri tərəfindən qəbul edilmiş “2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”də əks olunan Dayanıqlı İnkişaf Məqsədləri (DİM-lər) 1 yanvar 2016-cı ildə qüvvəyə mindi. Bu məqsədlərin hədəfləri arasında gender bərabərliyinə dair müddəalar xüsusilə diqqət çəkir:

- Dünyanın hər yerinddə bütün qadınlara və qızlara qarşı ayrı-seçkiliyin bütün formalarına son qoymaq;
- Siyasi, iqtisadi və ictimai həyatda qərarların qəbulu prosesinin bütün səviyyələrində qadınların tam və səmərəli iştirakını və bərabər rəhbərlik imkanlarını təmin etmək;
- Milli qanunvericiliyə uyğun olaraq qadınlara iqtisadi resurslara bərabər çıxış hüquqlarına, habelə əsas xidmətlərə, torpaq və əmlak formaları üzərində mülkiyyət və nəzarətə, maliyyə xidmətləri, miras və təbii ehtiyatlara çıxışlarını təmin etmək;
- Qadınların səlahiyyətləndirilməsini təşviq etmək üçün, köməkçi texnologiyalardan, xüsusilə də informasiya və kommunikasiya texnologiyalarından istifadəni genişləndirmək;
- Gender bərabərliyinin təşviq olunması və bütün qadınların və qızların səlahiyyətlərinin bütün səviyyələrdə artırılması üzrə əsaslı siyasətlər və effektiv hüquqi normalar qəbul etmək və onları möhkəmləndirmək.


Azərbaycanda bu sahədə xüsusi fəallıq göstərən qurumlardan biri də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsidir (AQUPDK). Komitə Azərbaycanda qadınların irəli çəkilməsində bir çox proqramlara imza atıb ki, bunlardan biri də “Dayanıqlı İnkişaf Məqsədlərinin tətbiqi vasitəsilə Gender Əsaslı Bələdiyyələrin təşviqi" layihəsidir. Qurumun İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov Femida.az-a açıqlamasında bildirib ki, qadınların irəli çəkilməsində, siyasi təmsilçilikdə, liderlik keyfiyyətlərinin artırılmasında ölkədə AQUPDK bir çox hökumət və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq müstəvisində iş aparır:

“1998-ci ildə AQUPDK yaradılanda da məqsəd ondan ibarət idi ki, qadınlar cəmiyyətdə irəli mövqelərə çəkilsin. Azərbaycanda ilk bələdiyyə seçkilərində (1999-cu il) bələdiyyələrə üzv seçilənlər sırasında cəmi 400 nəfərə yaxın qadın olub. 2004-cü ildəki bələdiyyə seçkiləri ilə son seçkilər arasında müqayisə aparsaq, bələdiyyələrdəki qadınların nisbəti 4 faizdən 35 faizə yüksəlib. 2016-ci ildə Avropa Şurası tərəfindən aparılan araşdırmaya görə, bu rəqəm Avropa ölkələri arasında son 15 ilin ən böyük göstəricisidir. Hazırda Azərbaycanda bələdiyyə sədrlərinin 29 faizi qadındır. Bu da böyük bir irəliləyişdir”.



Diqqətə çatdıraq ki, bu il dekabrda Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçiriləcək. Burada ən vacib məqsəd qadın təmsilçiliyinin yalnız kəmiyyəti artırmaq yox, həm də keyfiyyətli yerli idarəetməni təşkil etməkdir. Bu mənada yerli qərarların qəbulunda qadınların təşəbbüskarlığının artırılması və səlahiyyətləndirilməsi çox önəmlidir.

E.Səfərov təəssüflə bildirir ki, bəzi qadınlar seçildikdən sonra ailələri, xüsusilə ərləri onları bələdiyyə sahəsində aktivlikdən kənarda qoymağa çalışır:

“Təəssüf ki, bəzi hallarda qadınlar ümumiyyətlə bələdiyyə iclaslarında iştirak edə bilmir. Çünki ailəsi tərəfindən ona icazə verilmir. Bu hallar təkcə regionlarda yox, hətta Bakı şəhərində də olur. Məsələn, ötən seçkidə biz Bakının 2 rayonunda bu halla rastlaşdıq. Bildiyiniz kimi seçkidən sonra bələdiyyə nümayəndələri yerli problemləri araşdırıb onların həllinə yönələn qərarları qəbul etməli, yerli əhəmiyyətli sosial, iqtisadi və ekoloji proqramlar hazırlamalı və onların icrasına nəzarət etməlidir, əhali arasında hesabatlar verməlidirlər və s. bir çox daxili proseslər var, amma ailələri qadınlara əngəl yaradıllar. Ona görə biz stereotiplərin qırılması sahəsində iş aparırıq”.

Azərbaycan qadınları ilk növbədə səsvermə ilə bağlı özünə inamsızlığı dəf etməli, ictimai-siyasi proseslərdə aktivlik göstərməli, öz hüquqlarını bilməli və bir vətəndaş olaraq onlardan istifadə etməlidir. Onlar qanunvericilik siyasətinin təkmilləşdirilməsinə kömək etməklə öz ölkələrində demokratik fikrin inkişafına nail ola bilərlər. Dövlətin idarəetmədə daha çox təmsil olunacaq lider qadınlara ehtiyacı var.



Sonda unutmayaq ki, seçkilər insanların və ideyaların yarışdığı bir meydandır. Qadınlar özünə və sosial-siyasi layihələrinə uğur qazandırmaq üçün məqsədli və fikirlərini düzgün çatdırmaq qabiliyyətinə malik olmalıdır. Bu iş, seçki platformanı yazmaqdan və siyasi tədbirləri təşkil etməkdən çox-çox öncə başlamalıdır. Bunun üçün səmərəli siyasi ünsiyyət çox vacibdir. Seçkilərə qatılacaq hər bir qadın bilməlidir ki, qələbənin təməlində ağıllı, düşünülmüş siyasi mesajı güclü olan ifadə tərzi və məqsədyönlü fəallıq durur. Çünki insanlar yalnız sizin məqsədinizi başa düşdükləri halda sizi dəstəkləyəcəklər.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #qadın   #AQUPDK   #bələdiyyə   #seçki  

Oxunub: 1301