Hüquqşünaslara xoş xəbər...


02:50     07 Aprel 2015 2857kitab.jpg


Bakıda “Azərbaycanca-rusca izahlı hüquq lüğəti”, “Azərbaycanca-ingiliscə izahlı hüquq lüğəti” və “Rusca-azərbaycanca izahlı hüquq lüğəti” nəşr olunub.

Femida.az-ın Azərtac-az istinadən verdiyi məlumata görə, nəşrlər Ali Məhkəmənin təşəbbüsü və bilavasitə iştirakı ilə tərtib edilib. Qeyd etmək lazımdır ki, lüğətin redaksiya heyətinə, müəlliflər qrupuna və redaktorluğuna təcrübəli hüquqşünaslar və dilçi-alimlər daxildirlər. Bu isə həmin lüğətlərin mötəbərliliyini daha da artırır.

Filologiya elmləri doktoru, professor, Bakı Slavyan Universiteti “Lüğət mərkəzi” elmi-tədqiqat laboratoriyasının müdiri Təvəkkül Şükürbəyli bildirib ki, lüğətlərin etibarlı mənbələrdən toplanmış sözlüyü (lüğətlərin tərtibində 90-dan artıq mənbədən istifadə edilib) hüquq sahəsində işlənən18 minədək söz və terminoloji söz birləşmələrini əhatə edir. Sözlük kifayət qədər əhatəli və genişdir. Burada Azərbaycan dilində işlənən hüquq terminləri ilə yanaşı, dünya hüquq sistemində istifadə edilən termin və ifadələr, hüquq ədəbiyyatında tez-tez rast gəlinən klassik məfhumlar və artıq dilimizə daxil olmuş marketinq, menecer, xaker kimi yeni alınma sözlər də öz əksini tapıb. Ümumiyyətlə, lüğətləri səciyyələndirən şərtlərdən biri onun dolğunluğudur, yəni, sözlüyünün genişliyidir.

Lüğətlərdə verilən Azərbaycan hüquq terminlərinin mənaları rus və ingilis dillərində, rus dilində işlənən hüquq terminlərinin mənaları isə Azərbaycan dilində tam şəkildə açılır. Belə ki, tərcümə ilə yanaşı, onların hər üç dildə – Azərbaycan, rus və ingilis dillərində izahı verilir. Məsələn, “Azərbaycanca-rusca izahlı hüquq lüğətində” beylif (şerifin köməkçisi, məhkəmə pristavı) бейлиф (помощник шерифа, судебный пристав), bayram günləri (qanunla müəyyən edilmiş günlər) праздничные дни (дни, установленные законом) və yaxud ”Azərbaycanca-ingiliscə izahlı hüquq lüğətində” çarter (beynəlxalq dəniz ticarətində yükdaşıma müqaviləsi növü) charter (the agreement or contrakt regulating shipping), kontrafaksiya (ədəbi saxtakarlıq; başqasının əsərini icazəsiz çap etdirib yayma) counterfeiting (makinq an imitation of something genuine (literary work, work of art) with the intent to deceiveor defraut; forged) kimi qeyd olunur.

İzahı verilən sözlər sırasına, əsasən, alınma və beynəlxalq terminlər daxildir: bodmerey, bonus, dispaç, dispozitiv, emitent, eskarp, fidusiari, fiskal, fotorobot, hipotez, indigenat, klertofobiya, kolliziya, korrupsiya, nostrifikasiya, reversiya, subagent, vindikasiya və s.

Lüğətlərdə baş (yəni, izah olunan) söz qismində ayrı-ayrı terminlər (azadlıq, bandit, cəza, çıxarış, dalaşma, edam, ədliyyə, fərarilik, güllələnmə...) və sabit birləşmələr (hal şahidi, xəyanət etmək, ibtidai istintaq, kosmos hüququ, qətimkan tədbiri, lizinq alan, məhkəmə aidiyyatı...) çıxış edir. Əsas terminlərlə bərabər, törəmə terminlərə (daxil.., daxili.., sağlam.., sağlamlıq.., şahid.., şahidlik...) və baş sözlərin yuvasında terminoloji xarakter daşıyan söz birləşmələri də geniş yer tutur. Məsələn, cinayət, hüquq, iddia, qanun, məhkəmə, müqavilə, sübut, şəxs və digər lüğət məqalələrində baş sözlərlə bağlı onlarla, yüzlərlə birləşmə terminləri gətirilir və tərcüməsi verilir: cəhd etmək покушаться, cinayət axtarışı уголовный розыск, cinayət məcəlləsi уголовный кодекс..; hüquq fəaliyyəti юридическая деятельность, hüquq normaları нормы права, hüquq subyekti субъект права..; iddia ərizəsi исковое заявление, iddia qaldırmaq возбуждать иск..; qanun layihəsi проект закона, qanuna görə по закону, qanunlar toplusu свод законов..; məhkəmə iclası судебное заседание, məhkəmə icraçısı судебный исполнитель, məhkəmə qətnaməsi судебное постановление..; müqavilə bağlamaq заключить договор, müqaviləni ləğv etmək аннулировать договор..; sübut təqdim etmək представлять доказательство, maddi sübut вещественное доказательство..; mülki şəxs гражданское лицо, vəzifəli şəxs должностное лицо, şübhəli şəxs подозреваемое лицо… Bu müsbət haldır, çünki terminologiyanın müəyyən hissəsini sabitləşmiş birləşmələr təşkil edir. Baş sözün yanındakı birləşmələr əlifba sırası ilə yerləşdirilir ki, bu da lazımi termini (söz birləşməsini) asanlıqla tapmağa imkan yaradır.

Terminlərin mənalandırılmasında sinonimlərdən geniş istifadə edilir. Məsələn, lüğətdə davranış sözünün mənası обращение, отношение, обхождение, поведение, поступок sinonimləri vasitəsilə açılır. Bu, həmin sözün çoxmənalılığı ilə bağlıdır. Hər bir sinonim mətndən asılı olaraq davranışın bir mənasına uyğun gəlir. Eynilə dayaq – опора, оплот, защита, помощь, поддержка; var-dövlət – богатство, имущество, состояние və s.

Elm və texnikanın, müxtəlif bilik sahələrinin belə sürətlə inkişaf etdiyi, dövlətlər və xalqlar arasında iqtisadi-siyasi əlaqələrin genişləndiyi bir zamanda, dünyada baş verən qloballaşma və inteqrasiya dövründə ikidilli terminoloji lüğətlərin əhəmiyyəti, onların yaranma zərurəti də artır, həyati məsələyə çevrilir. Haqqında söhbət gedən lüğətlər bu şəkildə (bu keyfiyyətdə, bu tərkibdə və bu həcmdə) respublikamızda ilk dəfə olaraq yaradılır. Lüğət müasir leksikoqrafiyanın bütün tələblərinə cavab verir, elmi üslub gözlənilməklə dilçilik baxımından mükəmməldir, texniki tərtibatı ilə diqqəti cəlb edir.

Azərbaycanca-rusca, azərbaycanca-ingiliscə və rusca-azərbaycanca izahlı hüquq terminləri lüğətlərinin oxucu dairəsi kifayət qədər genişdir. Onlar, ilk növbədə hüquqşünaslar və tərcüməçilər üçün nəzərdə tutulub. Lakin ondan elmi işçilər, dissertantlar, hüquq sahəsində çalışan işçilər, hüququ öyrənən tələbələr, onu tədris edən müəllimlər, sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar da faydalana bilərlər. Bundan əlavə lüğətdən işgüzar məktubların, sorğuların, şikayətlərin, etirazların, sövdələşmələrin, müqavilələrin, protokolların, ərizələrin tərtibində də istifadə etmək olar.

Femida.az 


Açar sözlər:

Oxunub: 2651


Oxşar xəbərlər