QHT-lərdən nə qədər vəsait tutulub?


16:00     26 Noyabr 2015 manat7.jpg

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə QHT-lərin Ümumrespublika Forumu keçirilib.


Femida.az xəbər verir ki, QHT rəhbərləri şuranın növbəti il üçün maliyyə yardımı müsabiqəsi mövzuları ilə bağlı rəy və təkliflərini səsləndiriblər.

Forumda çıxış edən şura katibliyinin icraçı direktoru Fərasət Qurbanov cari ildə həyata keçirilən layihələrin icra vəziyyəti və hesabatlılıq məsələlərinə toxunub.

O bildirib ki, hələ də bir sıra QHT-lərin müqavilə öhdəliklərinin icrasında ciddi problemlər müşahidə olunmaqdadır. Şuranın katibliyi müqavilə öhdəliyini pozan QHT-lərə qarşı sərt tədbirlər görüb, onlar haqqında müxtəlif qərarlar qəbul edib:

“89 yerli və xarici QHT-dən 135 min 843 manat vəsait tutulub. 2015-ci ilin sonuna qədər bu istiqamətdə intizam tədbirləri davam etdiriləcək”.

Şura sədri Azay Quliyev isə çıxışında deyib ki, forumun əsas məqsədi Şuranın 2016-cı il maliyyə yardımı müsabiqəsinin mövzuları ilə bağlı ictimai dinləmələr keçirmək, QHT-lərin rəy və təkliflərini öyrənməkdir.

A. Quliyev bu il şuraya ayrılan vəsaitdən qənaətlə istifadə olunduğunu qeyd edib. QHT-lərə maliyyə yardımı fondundan, eyni zamanda şura və katibliyin saxlanılması xərclərindən 360 min manat vəsaitə qənaət olunub və bu vəsaitin dövlət büdcəsinə qaytarılması nəzərdə tutulur. Bundan başqa, 2013-2014-cü illərdə xarici QHT-lərin layihələrinin maliyyələşdirilməsi məqsədilə ayrılan vəsaitə də xüsusi diqqətlə yanaşılıb və 1 milyon 927 min 788 manat növbəti illərdə istifadə olunması üçün şuranın hesabında saxlanılıb.

Açar sözlər:

Oxunub: 941