Dövlət Komitəsi uşaq siyasətində fəaliyyət istiqamətlərini açıqladı


10:37     07 Fevral 2020 20_02_07_1581057465.jpg


Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaq siyasəti sahəsində fəaliyyət istiqamətlərini açıqlayıb. Femida.az komitəyə istinadən bildirir ki, açıqlanan siyahıda 4 əsas istiqamət yer alıb.

Həmin istiqamətləri təqdim edirik:

1. Uşaqların maarifləndirilməsi, onların istedadının inkişaf etdirilməsi və asudə vaxtının təşkili istiqamətində tədbirlərə xüsusi önəm verilir. Bu istiqamətdə:

- uşaqların insan alveri və uşaq əməyinin istismarı ilə bağlı təhlükələrdən müdafiəsi istiqamətində maarifləndirmə tədbirlərinə xüsusi diqqət yetirilib. 2014-cü ildən etibarən Bakı şəhərində və regionlarda 36 tədbir keçirilib, tədbirlərdə 1600-ə yaxın uşağın iştirakı təmin edilib. 2016-cı ildə 39 şəhər və rayonu əhatə etməklə uşaq əməyinin istismarı hallarının aradan qaldırılması istiqamətində aidiyyəti qurumların əməkdaşlarına regional təlimlər keçirilib. Təlimlərdə ümumilikdə 400-ə yaxın nümayəndənin iştirakı təmin edilib.

- uşaqların zərərli vərdişlərin mənfi təsirləri barədə marifləndirilməsi məqsədilə 180-ə yaxın tədbir keçirilib, tədbirlərdə 7000-ə yaxın uşağın iştirakı təmin edilib. Bu istiqamətdə müxtəlif profilli internat məktəblərində, uşaq tərbiyə müəssisəsində Ədliyyə, Daxili İşlər, Təhsil Nazirlikləri, Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası ilə birgə tədbirlər həyata keçirilib.

- şəhər və rayonlarda uşaqların asudə vaxtının təşkili istiqamətində tədbirlərə xüsusi önəm verilir. Bu istiqamətdə 7 yay məktəbi təşkil edilib və 350-yə yaxın uşağın iştirakı təmin edilib.

- uşaqların Azərbaycanın tarixi, mədəniyyəti haqqında biliklərini artırmaq, uşaqlar arasında inteqrasiya yaratmaq, onların istedadlarının aşkar edilməsi və stimullaşdırılması məqsədilə 2015-ci ildən uşaqlar arasında intellektual oyunlar keçirilir.

- gənclər arasında erkən nikah hallarına qarşı mübarizə işinin gücləndirilməsi işləri davam etdirilir. 2011-2013-cü illərdə bu istiqamətdə UNİCEF-lə birgə Lənkəran şəhəri, Masallı, Lerik rayonlarında əhali arasında kütləvi maarifləndirmə kampaniyaları təşkil edilmiş, erkən nikah hallarının qarşısının alınması məqsədilə yerli səviyyədə nəzarət qrupları yaradılıb. Tədbirlərin əhatə etdiyi 9 kənd üzrə erkən nikah hallarının baş verməsinin qarşısı alınıb.

- Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Heydər Əliyev Fondu və UNİCEF-lə birgə artıq 2009-cu ildən etibarən Azərbaycan Uşaqlarının Forumlarını keçirir. Məhz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu ili “Uşaq ili” elan etməsi ilə həmin ildən başlayaraq uşaqların həyatında əhəmiyyətli hadisə olan Forumların keçirilməsi ənənə halı alıb. 2009-cu ildə I Forum, 2011-ci ildə II Forum, 2014-cü ildə III Forum keçirilmiş və 2017-ci il noyabr ayının 20-də IV Forum keçirilib. Forumlar uşaqlarda liderlik keyfiyyətlərinin formalaşmasına təkan verməklə yanaşı, uşaqların öz hüquqları ilə bağlı qərarların qəbul edilməsində iştirakını təmin etmək, uşaqlara öz problemləri ilə bağlı təşəbbüslərlə çıxış etmək və təkliflər vermək imkanı yaratmaq, həmçinin ictimaiyyətin diqqətinin uşaq hüquqlarının qorunmasına yönəldilməsi məqsədini daşıyır. Belə ki, Forumlar uşaqların iştirakı ilə uşaqlar tərəfindən idarə olunan bir tədbirdir. Forumlarda ölkə üzrə bütün şəhər və rayonları təmsil edən 400-ə yaxın uşaq iştirak edir.

2. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi UNİCEF ilə birgə uşaqların dilənçiliyə cəlb edilməsinin qarşısının alınması, onların təhsil, səhiyyə və sosial xidmətlərə çıxış imkanlarının artırılması məqsədilə 2018-ci ilin iyul ayından etibarən Qazax və Ağstafa rayonlarında layihə reallaşdırıb. Layihədən ümumilikdə Ağstafa və Qazax rayonlarından 316 nəfər faydalanıb.

3. Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı mövcud real faktları, məlumatları beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq, dünya birliyini xalqımıza, eləcə də azyaşlı uşaqlara qarşı törədilmiş qanunsuz erməni vəhşiliyi, cinayətləri barədə bir daha məlumatlandırmaq məqsədilə “Uşaqlar müharibənin günahsız qurbanlarıdır“ adlı kitab 2 dəfə azərbaycan və 1 dəfə ingilis dilində çap edilmiş, ölkəmizdə fəaliyyət göstərən səfirlik, konsulluq və beynəlxalq təşkilatlara paylanılması təmin edilib.

4. Azərbaycan Respublikasının Prezidentinin 8 may 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya uşaq hüquqlarının həyata keçirilməsinə nəzarət etmək məqsədilə 2013-cü ildən etibarən dövlət uşaq müəssisələrində monitorinqlər keçirir. Azərbaycan Hökuməti BMT-nin Uşaq hüquqları haqqında Konvensiyası üzrə BMT-nin Uşaq Hüquqları Komitəsinə dövri məruzələr təqdim edir.

Femida.az

Açar sözlər: #AQUPDK   #uşaq  

Oxunub: 1284