Azərbaycan-İraq əlaqələri müzakirə olunub


16:41     28 Noyabr 2015 femida.az.PNG

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə ölkəmizdə səfərdə olan İraqın xarici işlər nazirinin müşaviri Qeys Əl-Amiri ilə görüşüb.


İdarənin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, görüşdə A.Paşazadə Azərbaycan və İraq arasında dini-mənəvi əlaqələrdən danışıb, xalqlarımızı bir-birinə bağlayan dəyərlərin böyük önəm daşıdığını vurğulayıb. Azərbaycanda dövlət-din münasibətlərinin və dinlərarası, məzhəblərarası tolerantlığın yüksək səviyyəsi barədə iraqlı qonağı məlumatlandıran QMİ sədri ölkəmizdə dini irsin qorunmasından, mənəviyyat abidələrinə göstərilən yüksək diqqət və qayğıdan söhbət açıb.

İraqda yerləşən ziyarətgahların azərbaycanlı zəvvarlar üçün kəsb etdiyi mənəvi dəyərin çox böyük olduğunu vurğulayan şeyxülislam bildirib ki, təhlükəsizliyin təmin olunacağı təqdirdə Qafqaz Müsəlmanları İdarəsi İraqda yerləşən ziyarətgahlara səfərlərin həyata keçirilməsini təmin edə bilər.

Nazir müşaviri Qeys Əl-Amiri şeyxülislam Allahşükür Paşazadənin dəyərli fəaliyyəti barədə məlumatlı olduğunu, onu İslam dünyasında nüfuzlu liderlərdən biri kimi tanındığını vurğulayıb. Azərbaycana səfərindən məmnunluğunu ifadə edən iraqlı qonaq ölkələrimiz arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində səylərin davam və inkişaf etdirilməsində maraqlı olduqlarını bildirib. O, İraqda yerləşən ziyarətgahlara zəvvar səfərlərinin Azərbaycanın dini mərkəzinin xətti ilə daha yüksək səviyyədə və təhlükəsiz təşkili üçün əllərindən gələni edəcəklərini və bununla bağlı QMİ-nin ən qısa müddətdə məlumatlandırılacağını diqqətə çatdırıb.

Nazir müşavirini İraqın Turizm və Dini Komplekslərinin baş direktoru Mahmud Əz-Zeydi və ölkənin Azərbaycandakı müvəqqəti işlər vəkili Əbdülhəkim müşayiət edib.

Açar sözlər:

Oxunub: 1030


Oxşar xəbərlər