QHT-lərin donor bazarı bağlanır – ŞƏRH


18:14     04 Dekabr 2015 fight-over-money.jpg

Bilindiyi kimi, Nazirlər Kabineti “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməsi ilə bağlı qərar qəbul edib. Bu dəyişikliyə əsasən qrant vermək hüququnu əldə etməmiş xarici donorlarla qrant müqaviləsi bağlanıla bilməz.


Yeni qərarın QHT sektoruna təsirsiz ötüşməyəcəyi məlum məsələdir. Əgər əvvəllər ölkəmizdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları xarici donorlardan rahat şəkildə qrant əldə edə bilirdisə, indi vəziyyət bir qədər dəyişib. Belə ki, QHT-lər yalnız rəsmi formada qrant vermək hüququna sahib olan donorlardan qrant ala biləcəklər. Bir sözlə, QHT-lərin əl-qolu bağlandı.

Bəs görəsən ölkədə fəaliyyət göstərən QHT rəhbərləri bu haqda nə düşünür?

Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədovun fikrincə, yeni dəyişikliyin tətbiqi ciddi fəsadlara səbəb olacaq:



“Düşünürəm ki, bu qərarın qəbul edilməsi QHT sektoruna mənfi təsir göstərəcək. Çünki bununla ölkəyə qrant kütləsinin gizli şəkildə gəlməsinə şərait yaranacaq. Artıq ölkəyə gizli şəkildə qrantların gəldiyi xəbərlərini də eşidirik. Açıq şəkildə deyirəm ki, ölkəyə əvvəlki illərlə müqayisədə qat-qat çox gizli qrant kütləsi daxil olmaqdadır. Bu prosesə dövlət nəzarət etmir. Əlbəttə ki, Nazirlər Kabinetinin bu cür sərt qərarlar qəbul etməsi müəyyən əsasa söykənir. Burada əsas məqsəd xarici donorların sui-istifadə hallarının qarşısını almaqdır. Lakin hesab edirəm ki, bu dəyişiklik daha ciddi fəsadlara səbəb olacaq”.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirdi ki, əgər Azərbaycanda kifayət qədər donor potensialı olsaydı, QHT-lər də xarici donorlardan qrant almağa üstünlük verməzdilər:



“İstənilən halda QHT-lər öz fəaliyyətlərini davam etdirəcəklər. Lakin nəzərə almaq lazımdır ki, xarici donorların yardımı olmadan QHT-lərin fəaliyyəti xeyli çətinləşir. QHT sektorunun fəaliyyəti bütün dünyada bu cür qurulub. Əgər Azərbaycanda kifayət qədər donor potensialı olsaydı, QHT-lər də xarici donorlardan qrant almağa üstünlük verməzdilər. Lakin ölkəmizdə yalnız bəzi nazirliklər donor qismində çıxış edir. Əlbəttə ki, xarici donorların maliyyə dəstəyi olmadan QHT-lərin səmərəli fəaliyyəti təmin oluna bilməz”.

Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlının fikrincə, qəbul edilmiş bu cür sərt qaydalar QHT sektorunun inkişafına mane olur:



“Ölkəmizdə xarici donorlardan qrant almaq qaydaları hələ də tam tənzimlənməyib. Xarici donor ölkəmizdəki hansısa qeyri-hökumət təşkilatına qrant vermək istəyirsə, həmin donor mütləq Azərbaycanda rəsmi formada qeydiyyatdan keçməlidir. Son dəyişiklik isə həmin donorların QHT-lərə qrant verməsinin qarşısını alır. Nəticədə, vətəndaş cəmiyyəti inkişafdan qalır. Düşünürəm ki, bu cür sərt qaydalar QHT sektorunu inkişafdan saxlayır”.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 2825