“Bizim üçün İranın rəsmi mövqeyi əsasdır” – Mübariz Qurbanlı


21:48     07 Dekabr 2015 6aa7368296536023b4ab47f53a923a555.jpg

“İran İslam Respublikasında hansısa din adamının bəyanatı hələ bu dövlətin mövqeyi demək deyil”.


Femida.az xəbər verir ki, bu sözləri Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Nardaran hadisələri zamanı saxlanılan şəxslərin İranda bəzi dairələr tərəfindən qəhrəman kimi təqdim olunmasına münasibət bildirərəkən deyib.

“Azərbaycanın daxilində baş verən hadisələrə özləri bildiyi kimi qiymət vermək istəyirlərsə bu yolverilməzdir. Biz hesab edirik ki, İranın rəsmi mövqeyi əsasdır. Həm İran İslam Respublikası rəsmilərinin, həm də İranın Azərbaycandakı səfirliyinin açıqlamaları belədir ki, Nardaranda baş verən hadisələrdə bu ölkənin hər hansı formada iştirakı yoxdur.

Əslində dolayısı ilə İran tərəfi də Nardaranda təxribatçı, ekstremist qrupların hərəkətlərini pislədiyini bəyan edir. Amma bütün ölkələrdə siyasi mühit yekcins deyil. Bizim Ermənistan istisna olmaqla, heç bir dövlətlə qarşıdurmamız yoxdur. Qonşularımızla dost münasibətlərimiz var.

İran İslam Respublikasında hansısa din adamının bəyanatı hələ bu dövlətin mövqeyi demək deyil. İranda bu cür hərəkətləri edənlər, bu təşəbbüsü göstərənlər bu dövlətin Azərbaycanla münasibətlərinə xələl gətirmiş olurlar”.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 1199