Hesablama Palatası 6 ayda büdcəyə 2,8 milyon manat bərpa edib


11:45     10 İyul 2020 20_07_10_1594367804.jpg

Bu ilin yanvar-iyun aylarının iş planı əsasında aparılmış auditlərin nəticələri üzrə Azərbaycanda büdcə vəsaitlərinin istifadəsi üzrə mövcud qanunvericilik aktlarının tələblərinə tam riayət edilməməsi səbəbindən 3 300,1 min manat məbləğində vəsaitin artıq və əsassız icra edildiyi müəyyən olunub, müxtəlif qurumların həyata keçirdiyi tədbirlər nəticəsində 1 521,4 min manat məbləğində vəsaitin müvafiq qaydada bərpası təmin edilib.


Femida.az bu barədə Hesablama Palatasına istinadən xəbər verir.

Məlumata görə, qurum hesabat dövründə 2019-cu il və əvvəlki illər üzrə İş planına əsasən başa çatdırılmış nəzarət tədbirləri zamanı müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün həyata keçirilmiş addımları da izləyib. Belə ki, ötən il görülmüş tədbirlərlə yanaşı, hesabat dövründə 1 287,4 min manat vəsait müvafiq qaydada bərpa olunub.

2019-cu ildə başa çatdırılmış nəzarət tədbirlərinin nəticələrinə dair qəbul edilmiş qərarların icrasını bir çox qurumlar tam təmin edib, Bakı Nəqliyyat Agentliyindən təqdim edilmiş məlumata görə qərarla artıq xərc edilmiş vəsaitlər üzrə 986,9 min manat və əlavə dəyər vergisi üzrə az hesablanmış 61,3 min manat, ümumilikdə 1048,2 min manat hesablanılmış vəsaitdən hesabat dövründə 795,5 min manatı dövlət büdcəsinə bərpa olunub, 128,9 min manat debitor borc bağlanılıb, qalan məbləğin bərpası və Kollegiya qərarı ilə müəyyən edlmiş digər istiqamətlər üzrə tədbirlər davam etdirilir. Həmçinin dövlət əmlakının 2018-ci ildə Agentliyin balansına götürülməməsi və nəticədə 2018-ci ildə Vergi Məcəlləsinin 199.1-ci maddəsinin tələblərinin pozulması üzrə əmlak vergisinin hesablanmaması və büdcəyə ödənilməməsi halı ilə bağlı Hesablama Palatasının müraciətinə cavab olaraq Dövlət Vergi Xidmətindən daxil olmuş məlumata görə, Agentlik 86,5 min manat vegi məbləği hesablayaraq müvafiq dövr üçün əmlak vergisi bəyənnaməsini vergi orqanına təqdim edib.

Beləliklə, 2020-ci ilin yanvar-iyun ayları üzrə ümumilikdə 2 808,8 min manat məbləğində vəsaitin bərpası təmin olunub, I yarımildə başlamış digər nəzarət tədbirləri davam etdirilir.

Femida.az

Açar sözlər: #HesablamaPalatası   #büdcə   #bərpa  

Oxunub: 712