Biznesmenlərin məhkəməsində hökm - 11 il iş


18:33     09 Dekabr 2015 sud600_default.jpg



Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən 1984-cü il təvəllüdlü Araz Eyvazovun cinayət işi üzrə növbəti məhkəməsi yekunlaşıb.

Femida.az-ın “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı, vəkillər və təqsirləndirilən şəxs çıxış edib.

Dövlət ittihamçısı Araz Eyvazovun 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmədə zərərçəkmiş kimi tanınan “Şərur” MTK rəhbəri İsfəndiyar Axundovun qardaşı oğlu Eldəniz Axundovun vəkili çıxış edərək bildirib ki, prokurorun istədiyi cəza ilə razıdır: “Araz Eyvazovun 201-cu ildən bəri cəmi 10 manat vergi ödəyib. Necə olur ki, 2 milyon 770 min dollar əldə edəsən, bundan biznes qurub pul qazanasan və vergi orqanlarına arxa çevirəsən. Araz Eyvazov özünü nüfuzlu “Procter and Gamble” şirkətinin nümayəndəsi kimi təqdim edib, sonra başqa adamların adına saxta şirkətlər yaradaraq onların vasitəsilə işini görüb. Hesab edirəm ki, Araz Eyvazovun dələduzluq niyyəti sübuti yetirilib. O, Eldəniz Axundovdan əldə etdiyi pulun bir qismini dələduzluq yolu ilə mənimsəyib, qalanını isə borc müqaviləsi bağlayaraq mülki iş kimi göstərib. O bu əməlləri ilə təkcə Eldəniz Axundovu yox, başqa zərərçəkmişləri də aldadıb”.

Digər zərərçəkən, Şərur rayonunun keçmiş icra başçısı Rafael Rəsulovun oğlu Orxan Rəsulovun vəkili çıxış edərək təqsirləndirilən şəxsə ittiham olunduğu maddənin sanksiyası qədər cəza verilməsini istəyib: “Araz Eyvazov Orxandan 232900 manat pulu dələduzluq yolu ilə ələ keçirib və hesab edirəm ki, bu fakt məhkəmədə sübuta yetirilib”.

Təqsirləndirilən Araz Eyvazovun vəkili Akif Məlikov çıxış edərək bildirib ki, bu məsələlərdə Araz Eyvazovun əməllərində cinayət tərkibi yoxdur: “İstintaq orqanı əvvəlcədən tamamilə qərəzli aparılıb. Burada 4 nəfər qeyri-rəsmi kommersiya fəlaiyyəti ilə məşğul olublar. Bunlar Eldəniz Axundov, Tağı Nağıyev, Orxan Rəsulov və Araz Eyvazov olub. Məhkəmədə Arazın vergidən yayındığı, cəmi 10 manat vergi ödədiyi tez-tez vurğulanır. Axı bu həmin biznes işini digər 3 nəfərlə birgə görüb. Onların adı niyə çəkilmir? Eldəniz Axundov pul verib ki, biznes qursunlar və gəlir əldə etsinlər. Eldəniz Axundov da bu işdə birbaşa məsuliyyət daşıyır. İbtidai istintaq zamanı biz vəsatət verdik ki, cinayət işində qeyd olunan mallar Eldəniz Axundovun obyektində zirzəmidədir, gedib baxış keçirin. Amma baxış keçirilmədi. İş göndərildi məhkəməyə, siz onu istintaqa geri qaytardınız. Onda elan olundu ki, mallara baxış keçiriləcək. Amma 11 ay sonra həmin yerə baxış keçirildi. Elektrik lampaları ilə bağlı Daxili İşlər Nazirliyinin müstəntiqi ekspertiza təyin etdi. Ekspertizanln rəyində göstərildi ki, lampalar xarabdır, heç birir yararlı deyil. Amma müstəntiq dedi ki, mən bunu qərarda göstərməyəcəm və əlavə də etmədi. Əgər o ekspertizanın rəyi cinayət işinə əlavə edilməyəcəkdisə, onda niyə ekspertiza təyin olunmuşdu?
Eldəniz Axundov “Bank of Baku”nun filial müdiridir, verdiyi pulları da bankdan verib, amma heç bir sənədləşdirmə aparmayıb. İndi də bu oyunu qurub ki, Araz həbs olunsun, həmin pullar onun adına yazılsın və o yuxarılara bunu əsas göstərib həmin pulu silsin. Bu işin əsası budur və Araz Eyvazov sifariş əsasında həbs olunub.

Məhkəmədə də heç kim bir sənəd təqdim etmir, hər kəs gəlib ağlına gələn rəqəmi deyir. Kimin ağlına neçə milyon gəlir onu da deyir. Xahiş edirəm, məhkəmədə havadan qərar verməsin, sübutlara, sənədlərə əsaslansın.
Bu işdə cinayət tərkibi yoxdur. Hörmətli məhkəmə, sadəcə istintaq cinayət işini sizə göndərib deyə baxmağa məcbursunuz. Amma bu işdə mülki qaydada baxılmalıdır. Xahiş edirəm, qanunlarımızdan düzgün istifadə edərək Araz Eyvazov haqda qərar çıxarasınız”.

Bundan sonra təqsirləndirilən Araz Eyvazov son söz ilə çıxış edib. O bildirib ki, Daxili İşlər Nazirliyində istintaq Eldəniz Axundovun şifahi sözləri əsasında keçirilib: “Mən Orxan Rəsulovla ilk dəfə biznesə 360 manat pulla başlamışam. Sonradan Orxangil məıni incitdi, buna görə ayrıldım. Ondan sonra Eldənizlə işləməyə başladım. Bu vaxt Orxan biznesi idarə edə bilmədi, qazandıqlarını da batırdı. Ona görə dəfələrlə mənə dedi ki, biz sənlə 360 manatla biznesə başlamışdıq, amma sən bizi atıb gedib Eldənizlə işlədin. Orxangil buna görə məndən acıqlı qaldı və gedib şikayət etdilər.

Orxan birinci dəfə evini girov qoyub kredit götürdü, mən həmin 70 mini ödədim. Bundan sonra götürülən kreditləri də ödəmişəm. Orxanın, Eldənizin heç bir sənədi yoxdur, mənim isə əlimdə ödənişlərə dair bank qəbzləri var. Amma Daxili İşlər Nazirliyinin İstintaq idarəsi bu 2 şəxsin şifahi sözlərini rəsmi sənədlərdən üstün tutdu. Biz vəsatət vermişik ki, Eldəniz Axundovun malları gəlib gömrükdə qalıb, gedib baxın, baxmadılar.

Cinayət işində Emin Nəsirovun adı keçir və 140 min dollar verdiyi qeyd olunur. Onda niyə Emin Nəsirov məhkəməyə gəlib, ifadə verərək bunu təsdiqləmədi? Orxan Emindən pul alıbsa, bunun mənə nə aidyyatı var?
Eldəniz Axundov mənlə işləməyə başlayan kimi mənə 1 milyon 155 min dollar borc verməsinə dair müqavilə imzaladı. Eldəniz məni 5 gün idi tanıyırdı və tanıyan kimi bu qədər pul verərdimi? Bu başqa məqsədlə bağlanmışdı. Orxan və atası məni hədələyirdi, incidir. Mən də bunu Eldənizə dedim, dedi ki həll edərik. Mənlə belə bir müqavilə imzaladı və dedi ki, daha Orxangil sənə heç nə edə bilməz. Eldəniz mənə 1 milyon 155 min vermişdisə, onu qaytarmamış niyə əlavə 2 milyon 770 min verdi?

Məhkəmədə qeyd olundu ki, “Sərhəng G” MMC adına mal gətirilməyib. Amma sizə sənədlər təqdim olunsa da, nəzərə almırsınız ki, 2013-cü ildə “Sərhəng G” şirkətinə qarşı gömrükdə bəyan olunmamış mala görə cinayət işi açılıb. O cinayət işində Eldəniz Axundov və Vüsal Cəfərov da ittiham olunurd. Mən buna görə 250 min cərimə ödədim. Malları da “Karvan Karqo” şirkəti göndərmişdi.

Mən bunları dəfələrdə deyirəm, cənab hakim. Siz də razılaşırdız, ama qəbul etmirsiniz. Cənab prokuror, möhətərəm hakimlər, siz hər şeyin necə olduğunu çox yaxşı bilirsiniz. Mən günahsız yerə həbsdə yatmalı deyiləm. Mənim taleyim sizin əlinizdədir. Xahiş edirəm, ədalətli qərar verəsiniz”.
Məhkəmə kollegiyasının hökmü ilə Araz Eyvazov dövlət ittihamçısının istədiyi qədər, 11 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Araz Eyvazov külli miqdarda dələduzluqda təqsirləndirilir. Prosesdə zərərçəkmiş şəxs qismində Şərurun keçmiş icra başçısı Rəfael Rəsulovun oğlu Orxan Rəsulov, Polis Akademiyasının keçmiş rəisi, general-mayor Ramiz Nağıyevin oğlu Tağı Nağıyev, "Şərur" Tikinti şirkətinin rəhbəri İsfəndiyar Axundovun qardaşı oğlu Eldəniz Axundov tanınıblar. Ümumilikdə, Araz Eyvazovun 3 milyon 600 min manat pulu mənimsədiyi bildirilir. Araz Eyvazov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunur.

Açar sözlər:

Oxunub: 1269


Oxşar xəbərlər