Mükəmməl vəkil olmağın 10 QIZIL QAYDASI


18:53     27 Sentyabr 2017 vekil%20esasss.jpg

“Yaxşı vəkil hüququn, mükəmməl vəkil isə ədalətin carçısıdır....”


Mükəmməl vəkil olmaq üçün müvəkkilini uğurla müdafiə etmək, iştirak etdiyi məhkəmə proseslərində yaxşı nəticələr qazanmaq kifayət etmir.

Mükəmməl vəkil olmaq üçün bir sıra əlavə keyfiyyətlərə də yiyələnmək tələb olunur. Bu, əslində, bütün peşələrə aiddir. Məsələn, fiziki baxımdan zəif olan bir idmançının ciddi uğur əldə etməsi də çətinləşir. Eynilə, təhsildən və insan keyfiyyətlərdən uzaq olan insanın da mükəmməl vəkil olmaq arzusunun reallaşması sual altında qalır.

Türkiyənin hüquqi xəbər portalları mükəmməl vəkil olmağın 10 qızıl qaydasını müəyyənləşdirib.

Femida.az həmin qaydaları oxucularına təqdim edir:

1. Analitik keyfiyyətlər...



Analitik düşünmə qabiliyyəti mükəmməl vəkil olmağın əsas prinsiplərindən sayılır. Peşə fəaliyyəti ilə əlaqədar yaranan problemlərin həll olunmasında nəyisə analiz etmək zərurəti meydana çıxır. Problemi dəqiq analiz etməklə uğurlu nəticənin əldə olunması da asanlaşır. Məhz buna görə analitik keyfiyyətlər vəkillərin olmazsa olmaz özəlliklərindən biridir.

2. Yaradıcılıq...



Hüquq sahəsində tanınmış bir vəkil olmaq istəyirsinizsə, məsələyə fərqli prizmalardan yanaşmalı və daima yenilikçi olmalısınız. Fərqli yanaşma tərzi ortaya qoymaq, problemin həlli ilə əlaqədar yeni versiyalar axtarıb tapmaq müsbət nəticələrə gətirib çıxaran əsas elementlərdəndir. Bir sözlə, qəbul olunmuş standardlardan fərqli düşüncə tərzinə sahib olmaq vəkillik peşəsində mühüm keyfiyyətlərdən biridir.

3. Araşdırma...



Sənədlər üzərində geniş araşdırma aparmaq, məhkəmənin çıxardığı qərarları və qanunvericilik toplusunu incə detallarına qədər araşdırmaq vəkillik fəaliyyətinin əsas prinsiplərindən hesab edilir. Bu araşdırmaların nəticəsində tərtib olunmuş ərizələr çox müsbət nəticələrə gətirib çıxara bilər.

4. Əlaqə...



Geniş əlaqələrə sahib olmaq vəkillərə xas olan əsas və müsbət keyfiyyətlərdəndir. Mükəmməl vəkil olmaq üçün digər vəkillərlə əlaqə saxlamaq, yaranmış problemləri başqa hüquqşünaslarla birlikdə müzakirə etmək lazımdır. Bu zərurəti doldurmaq üçün vəkillər daima digər hüquqşünaslarla əlaqədə olmalı, başqa vəkillərin təcrübəsindən istifadə etməlidir.

5. Əzm və səbr...



Vəkillik peşəsi ilə məşğul olan istənilən şəxs daima əzm və səbrli olmalıdır. Gərgin araşdırmalar aparmaq, sənədləri hazırlamaq, ərizə yazmaq uzun vaxt tələb edir. Bunun üçün isə təbii olaraq, güclü iradə, əzm və səbr kimi müsbət keyfiyyətlərə sahib olmaq zərurəti yaranır.

6. Təsirli nitq söyləmək...



Natiqlik keyfiyyəti vəkillərin uğurlu nəticələr əldə etməsində ən mühüm ünsürlərdəndir. Güclü nitq qabiliyyətinə sahib olmayan vəkil öz müvəkkilini də mdafiə etməkdə çətinlik çəkəcək. Buna görə də məhkəmə prosesi zamanı təsirli nitq söyləmək, qanunvericiliyin tələblərini aydın və tam şəkildə izah etmək vəkillər üçün ən əsas keyfiyyətlərdəndir.

7. Təhsil...



Əgər mükəmməl bir vəkil olmaq istəyirsinizsə, daima biliklərinizi artırmağa çalışın. Hüquq geniş bir məfhumdur. Yəni qısa müddət ərzində güclü hüquqşünas olmaq mümkün deyil. Buna görə də istənilən vəkil yaşından asılı olmayaraq daima öz təhsilini artırmalıdır.

8. Oxuduğunu qavramaq...



Vəkillik peşəsi dedikdə ilk ağla gələn qalın kitablardır. Bu kitabları həmişə vəkillərin yanında görmək adət halını alıb. Oxuduğunu mükəmməl şəkildə qavramaq və nəticədə, oxuduqlarını analiz etmək bacarığı mükəmməl bir vəkil olmağın əsas tələblərindəndir.

9. Yazma bacarığı...



Mükəmməl vəkil bunu yaxşı bilməlidir: Kəlmələr ən təsirli silahdır. Məhz sözlərin doğru-düzgün seçilməsi nəticəsində ideal bir ərizə hazırlamaq mümkündür. Bir çox vəkil məhz təqdim etdiyi mükəmməl ərizələr vasitəsilə xeyli sayda məhkəmə udub. Buna görə də vəkillər məhkəməyə ideal ərizə təqdim etmək istəyirlərsə, daima yazı yazmaq bacarıqlarını inkişaf etdirməlidirlər.

10. Təvazökarlıq...



Özünü üst səviyyədə görməyən, mütəmadi olaraq daha yaxşısını əldə etmək üçün çalışan vəkillər uğur qazanmağa da daima yaxın olurlar. Bütün peşələrdə olduğu kimi, vəkillik peşəsində də təvazökarlıq mühüm keyfiyyətlərdən biridir.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 20220


Oxşar xəbərlər