Oğurlanan mahnılarımız - Müəlliflik hüquqlarımız necə qorunur?


15:47     18 Sentyabr 2015 23.jpg

Azərbaycan Respublikasının Konstitusiyasının 30-cu maddəsinə əsasən “Hər kəsin əqli mülkiyyət hüququ vardır. Müəlliflik hüququ, ixtiraçılıq hüququ və əqli-mülkiyyət hüququnun başqa növləri qanunla qorunur”


Müəlliflik hüququ elm, ədəbiyyat və incəsənət əsəri müəlliflərinin hüquqlarını ifadə edən termindir. Müəlliflik hüququ əqli mülkiyyət hüququnun ən geniş yayılmış formasıdır.

Bəs müəllif hüquqlarının əhəmiyyəti nədən ibarətdir? Müəlliflik hüququ əsasında qorunan obyektlər hansılardır və həmin obyektlər hansı müddətə qorunur?

Femida.az saytı bütün bu sualları cavablandırmaq üçün Müəllif Hüquqları Agentliyi ilə əlaqə saxladı. Agentliyin əsərlərin qeydiyyatı və hüquq şöbəsinin müdiri Nadirə Bədəlbəyli suallarmızı cavablandırdı.

“Əsəri qeydiyyatdan keçirən hüquq sahibinə əsərin qeydiyyatı haqqında şəhadətnamə verilir və bu şəhadətnamə müəlliflik prezumpsiyası kimi tanınır.” – deyə Nadirə Bədəlbəyli vurğuladı.

“Ümumilikdə müəllif hüquqlarının qorunması mədəni irsin qorunub saxlanılmasına şərait yaradır: “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun görə müəlliflik hüququ təyinatından, dəyərindən və məzmunundan, habelə ifadə formasından və üsulundan asılı olmayaraq yaradıcılıq fəaliyyətinin nəticəsi olan elm, ədəbiyyat və incəsənət əsərlərinə şamil edilir. Müəlliflik hüquqlarının sahibləri bu hüquqların qüvvədə olduğu müddətdə öz əsərlərini qeydiyyatdan keçirə bilərlər. Əsəri qeydiyyatdankeçirən hüquq sahibinə əsərin qeydiyyat haqqında şəhadətnamə verilir. Mübahisə yaranan hallarda, digər sübutlar olmadıqda, qeydiyyat haqqında şəhadətnamə məhkəmə tərəfindən müəlliflik prezumpsiyası kimi tanınır. Eyni zamanda əsərdən qeyri-qanuni istifadə edildikdə müəllifin pozulmuş hüquqlarının müdafiəsi daha asan olur. Müəlliflik hüququ obyektiv mənada əsərlərin yaradılması və istifadəsi ilə bağlı münasibətləri tənzimləyən hüquqi normaların məcmusudur və qorunma aləti kimi çıxış edir, subyektiv mənada isə öz-özlüyündə əsərlərin yaradıcılarına məxsus olan şəxsi (qeyri-əmlak) və əmlak (iqtisadi) hüquqlardır. “

Nadirə Bədəlbəylinin sözlərinə görə müəlliflik hüququ ilə bağlı qorunan obyektlər aşağıdakılardır.

Nadirə Bədəlbəyli:

“Qanunun 6-cı maddəsinə əsasən müəlliflik hüququnun obyekti olan əsərləri belə qruplaşdıra bilərik: ədəbi əsərlər, dram, musiqili-dram və başqa səhnə əsərləri; mətnli və ya mətnsiz musiqi əsərləri; audiovizual əsərlər (kino, tele və videofilmlər, slaydfilmlər); heykəltəraşlıq, rəngkarlıq, qrafika, dizayn, qrafik hekayələr və digər təsviri sənət əsərləri; dekorativ tətbiqi və səhnə tərtibatlı sənəti əsərləri, əl ilə toxunan xalçalar;memarlıq, şəhərsalma və bağ-park sənəti əsərləri; fotoqrafiya əsərləri və ona oxşar üsulla yaradılmış əsərlər; törəmə əsərlər (tərcümələr, dəyişdirmələr, iqtibaslar, annotasiyalar, referatlar, xülasələr, icmallar, səhnələşdirmələr, aranjemanlar, elm, ədəbiyyat və incəsənət əsərlərinin yenidən işlənməsi); toplular; teleradio verilişlərinin proqramları, kataloqlar, bukletlər, fotoalbomlar, mündəricatlar, multimedia məhsulları (əsərləri), kompüter proqramları və digər əsərlər.”

“Qanunun 25-ci maddəsinə əsasən müəlliflik hüququnun qüvvədə olma müddəti müəllifin bütün həyatı boyu və onun ölümündən sonra 70 il müddətində qüvvədə qalır. Müəllifin şəxsi hüquqlarının qorunması müddətsizdir.Əsərə müəlliflik hüququnun qüvvədə olma müddəti qurtardıqda əsər ictimai varidata keçir.” – deyə Nadirə Bədəlbəyli bildirdi.

Bəs müəlliflik hüququnun pozulması Azərbaycan qanunvericiliyinə əsasən hansı məsuliyyətə səbəb olur?

Femida.az bu sualı cavablandırmaq üçün hüquqşünas Ruslan Vəlyevlə əlaqə saxladı. Həmsöhbətimizin sözlərinə görə müəlliflik hüququnun pozulması inzibati və cinayət məsuliyyətinə səbəb olur.

Hüquqşünas Ruslan Vəliyev:

“Azərbaycan qanunvericiliyində müəllif hüquqları ilə bağlı konkret göstərişlər mövcuddur. 1996-cı ildə “Müəllif hüquqları və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının qanunu qəbul edilib. Müəllif hüquqları ilə bağlı bütün məsələlər bu qanunla tənzimlənir. Bu qanuna əsasən istənilən bir ixtira, kəşf, əsər müəllifinin adı ilə Müəllif Hüquqları Agentliyində qeydiyyata alınmalıdır. Bu zaman müəllifə şəhadətnamə verilir. Həmin şəhadətnamə əsərin, kəşfin, ixtiranın hansı müəllif tərəfindən edildiyini göstərir. Müəlliflik hüququnun pozulması Cinayət və İnzibati məsuliyyətə səbəb olur.”

“Müəllif hüquqları Avropada daha ciddi şəkildə qorunur.” – deyə hüquqşünas Anar Qasımlı münasibət bildirdi.

Hüquqşünas Anar Qasımlı:

“Müəllif hüquqlarının pozulması ilə əlaqədar hər kəsin məhkəmə müdafiəsi var.Yəni hər hansı hüququ pozulmuş şəxs qanunla müəyyən olunuş şəkildə məhkəməyə müraciət edə bilər.Bununla bağlı şəxs öz yaratdığı əsəri Müəllif Hüquqları Agentliyində qeydiyyatdan keçirib həmin əsərlə bağlı şəhadətnamə almalıdır. Bu şəhadətnamə müəlliflik hüququnu təsdiq edən əsas sənəddir. Bu sahədə Avropa ölkələri daha irəliyə gediblər. Azərbaycanla müqayisədə Avropada müəllif hüquqlarının pozulması ilə əlaqədar daha ciddi cəzalar tətbiq edilir. Bir sözlə Avropada müəllif hüquqları daha ciddi şəkildə qorunur.”

Günümüzdə müəlliflik hüququnun pozuntusu halları ilə tez-tez rast gəlirik. Ermənilər tərəfindən müəllif hüquqlarının pozulması faktları isə daha çoxluq təşkil edir. Bu günəqədər ermənilər Azərbaycanın 13 müəllif əsərini, 12 milli oyun havası və rəqsini, 6 xalq mahnısını və 6 xalq musiqi alətini oğurlamaq, mənimsəmək istəyib. Azərbaycan Müəllif Hüquqları Agentliyindən verilən məlumata görə, oğurlanan əsərlərin ilk sırasında Üzeyir Hacıbəyovun “Arşın mal alan” və “Məşədi İbad” operettalarından ariyalar və musiqi parçaları yer alır. Ermənilər, həmçinin, Qara Qarayevin “Yeddi gözəl” baletindən musiqi parçalarını, Tofiq Quliyevin “Sənə də qalmaz”, Emin Sabitoğlunun “Neylərəm”, Ələkbər Tağıyevin “Sən gəlməz oldun”, Aygün Səmədzadənin “Məktəb illəri”, Eldar Mansurovun “Gecə zəngləri”, “Melodiya”, Bəhram Nəsibovun “Ay qız”, Oqtay Kazımovun “İndi məni tanımadı”, İbrahim Topçubaşovun “Söz olmasaydı”, Rauf Hacıyevin “Saçlarına gül düzüm” mahnılarını, Brilliant Dadaşovanın “Vokaliz” musiqi toplusunu öz adlarına çıxıblar. Azərbaycan müəlliflərinin hüquqlarının ermənilər tərəfindən mütəmadi pozulması halları artıq o həddə çatıb ki, onlar hətta dünya şöhrətli Azərbaycan bəstəkarı Fikrət Əmirovun Azərbaycanın dahi şairi Hüseyn Cavidin “Şeyx Sənan” əsərinə bəstələdiyi “Kor ərəbin mahnısı”nı da erməni əsəri kimi təqdim edirlər.Dünya Əqli Mülkiyyət Təşkilatı (DƏMT) ermənilər tərəfindən müəllif hüquqlarının pozulması faktları barədə müntəzəm məlumatlandırılır. Azərbaycanın Müəllif Hüquqları Agentliyi daim erməni plagiatına qarşı mübarizə aparır.

Çox populyar olan, dinləyicilərə vətənpərlik ruhu aşılayan “Çırpınırdı Qara dəniz” mahnısı Nuru paşanın komandanlığındakı Qafqaz İslam Ordusunun Azərbaycandakı qəhrəmanlığına həsr olunub. Lakin ermənilər dahi şairmiz Əhməd Cavadın yazdığı və Üzeyir Hacıbəyovun bəstələdiyi əsərimizə də təcavüz etdilər. Hazırda bu mahnı Sayat Novanın əsəri kimi “kamança” adı ilə təqdim edilməkdədir. Eyni zamanda həmin plagiat mahnının “Daşnaksütyun” partiyasının himni olması da iddia edilir.

Femida.az “Çırpınırdı Qara dəniz” əsəri ətrafında gedən mübahisələrə aydınlıq gətirmək üçün Azərbaycan Milli Elmlər Akademiyasının akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun “Türk filologiyası” şöbəsinin müdiri, fəlsəfə doktoru Xalidə Qafqazlı ilə əlaqə saxladı.

Xalidə Qafqazlı:

“Türkiyədə ermənipərəst “Sabah” qəzeti “Çırpınırdı Qara dəniz” mahnısının tarixən ermənilərə məxsus olması barədə məlumat paylaşmışdı. Mən xəbəri eşidən kimi dərhal tarixi mənbələrə əsaslanaraq erməni hiyləgarlığının ifşa olunması üçün xəbəri paylaşan qrumlara məqalələr göndərdim. Sonradan “Sabah” qəzeti rəhbərliyi məlumatın yanlış olduğunu oxuyucuların diqqətinə çatdırdı.”

Ermənilər Ələkbər Tağıyevin “Sən gəlməz oldun” mahnısını da öz adlarına çıxarmağa çalışırlar. Bununla bağlı dolğun məluat əldə etmək üçün Ələkbər Tağıyevin oğlu, hüquqşünas Xaliq Tağıyevlə əlaqə saxladıq.

Xaliq Tağıyev:

“O mahnını Ələkbər Tağıyev bəstələyib və millətimizin sərvətinə çevrilib. Mən xəbəri eşidən kimi dərhal Müəllif Hüquqları gentliyinə müraciət elədim. Agentlik öz etiraz məktubunu Dünya Əqli Mülkiyyət təşkilatına çatdırdı. Bu xislət çoxdan ermənilərdə var. Lakin ermənilərin arzuları ürəyində qaldı. Biz lazımı yerlərə müraciət etdikdən sonra onlar öz mövqelərindən çəkilmək məcburiyyətində qaldılar. Düşünürəm ki, Erməni plagiatçılığına qarşı mübarizə ümummilli xarakter daşımalıdır. Hamı bu yolda öz əlindən gələni etməlidir. Mən öz mübarizəmi sonuna qədər aparacağam.”

Ölkə daxilində də müəllif hüquqlarının pozulması faktları ilə tez-tez qarşılaşırıq. Əməkdar artist, bədii qiraətçi Ağalar Bayramov şair İlham Qəhrəmanlının şeirlərini öz adına çıxarması ilə bağlı məlumatlar yayılmışdı. Bu faktla bağlı şairin özü kütləvi informasiya vasitələrinə məlumat verib. İlham Qəhrəmanlının sözlərinə görə onun şeirlərini Ağalar Bayarmov öz şeiri kimi ifa edir.

Cinayət məcəlləsinin 165-ci maddəsinə əsasən müəlliflik hüququ və ya əlaqəli hüquq obyektlərindən qanunsuz istifadə etmə, yəni özgənin elmi, ədəbi, bədii və ya başqa əsərini öz adı ilə nəşr etdirmə və ya özgənin müəllifliyini başqa cür mənimsəmə, bu cür əsəri qanunsuz olaraq yenidən dərc etmə və ya yayma, habelə şərikli müəllifliyə məcbur etmə, əgər bu əməllər nəticəsində xeyli miqdarda ziyan vurulmuşsa— yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər ilə cəzalandırılır. Bu əməl qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə əmlakı müsadirə olunmaqla beş yüz manatdan min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

İnzibati xətalar məcəlləsinin 50-ci maddəsinə əsasən müəlliflik hüququnu və əlaqəli hüquqları pozmağa görə, bu az miqdarda ziyan vurduqda(min manata qədər zərər)pirat nüsxələr, həmçinin pirat nüsxələrin surətinin çıxarılması üçün istifadə edilmiş material və avadanlıqlar müsadirə edilməklə on beş manatdan qırx manatadək miqdarda cərimə edilir.

Ceyhun Əhmədli

Femida.az

Açar sözlər:

Oxunub: 3251