“İki gözünü itirsə də, döyüşə qayıtmaq istəyirdi” - 117 əsgəri xilas edən həkim


13:52     07 Dekabr 2020 2020/12/13026-1607334244_1607334808.jpg

Bizim əsasən xəstələrimiz ən çox travma alan əsgərlər idi. Ağız- üz-çənə, göz, burun- boğaz və kəllə-beyin zədəsi almış xəstələrdən ibarət idi. Bu xəstələrin müalicəsi hərbi hospitalda başladı və tədris cərrahiyyə klinikasında davam etdirildi.

Femida.az xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının oftalmologiya şöbəsinin müdiri Qurban İsmayılov deyib. Onun sözlərinə görə, bu ümummilli işimizə şöbənin kollektivi ilə yanaşı, burun- boğaz, neyrocərrahiyyə və ağız- üz-çənə üzrə sahələrin də aparıcı mütəxəssisləri könüllü olaraq qoşulub.

“Bu müddət ərzində 117 ağır xəstə üzərində ağır əməliyyatlar apardım. Mən burada xüsusən haqqı olan bir neçə həkimlərimizin adlarını çəkmək istəyirəm. Onlardan Aytən Eyvazova, Aynur Verdiyeva, Gülnar Əliyeva və Fərhad Nurməmmədov gecə - gündüz əllərindən gələni əsirgəmədilər. Onlar ağır yaralılara ilkin tibbi yardım göstərməklə yanaşı, əməliyyatlarda yaxından iştirak etdilər. Mənə elə gəlir ki, biz üzərimizə düşən məsuliyyəti dərk etdik və gərgin işin öhdəsindən lazımınca gələ bildik. Bu gün qürurla deyə bilərik ki, Vətən müharibəsində biz həkimlər əsgərlərimizə yetərincə qayğılarımızı göstərə bildik”.

Həkim bildirib ki, yaralılara xidmət edərkən baş verən bir sıra maraqlı və yadda qalan faciəvi anlarla da qarşılaşıb.

“Heç vaxt yadımdan çıxmayan bu epizodları istəyirəm ki, sizinlə də bölüşüm: “İki gözünü itirmiş əsgərin yenidən cəbhəyə qayıtmaq istəməsi, yenə də iki gözünü itirmiş digər pasiyentimizin – “həkim, görəsən balalarımın üzünü bir daha görə biləcəyəmmi” sualını verməsi mənim həyatımda rast gəlmədiyim ən sarsıdıcı və acınacaqlı məqamlardan biri olduğunu hesab edirəm. Və yaxud başqa bir ağır yaralı əsgərin "canım- qanım torpağıma və Azərbaycanıma qurbandır" söyləməsi məni nə qədər qürurlandırdığını heç cür sözlə ifadə edə bilmirəm. Eşq olsun belə vətən oğullarımıza. Belə igidləri olan ölkə heç zaman düşmən işğalında qala bilməz!”.

Femida.az

Açar sözlər:

Oxunub: 540