Baş Prokurorluq: Ötən il 30 şəxs tutularaq ölkəmizə ekstradisiya edilib


16:12     25 Yanvar 2021 21_01_25_1611575448.jpg

2020-ci il ərzində birinci instansiya məhkəmələrində 10 849 şəxs barəsində 9 455 cinayət işi və məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallara baxılaraq yekun qərarlar qəbul edilib.

Femida.az xəbər verir ki, bu barədə yanvarın 23-də Azərbaycan Baş Prokurorluğunda 2020-ci ildə görülən işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan geniş Kollegiya iclasında bildirilib.

Qeyd edilib ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğunda istintaq edilən cinayət işi üzrə müəyyən edilmiş 5 əsas istiqamət - Azərbaycan xalqına qarşı soyqırımı-deportasiya, əsir düşmüş və girov götürülmüş şəxslərə qarşı işgəncə, terror, dövlətə və vətəndaşlara vurulmuş ziyan, müasir dövrdə düşmənlə təmas xəttində milli ədavət və düşmənçilik niyyətilə törədilmiş xüsusilə ağır cinayətlər kimi istiqamətlər üzrə istintaq və digər prosessual hərəkətlərin icrası, həmin cinayətləri törətmiş şəxslərin anket məlumatlarının müəyyən edilməsi üçün zəruri tədbirlərin görülməsi davam etdirilir, həmçinin barələrində axtarış elan olunmuş şəxslərin məsuliyyətə cəlb edilmələri üçün digər zəruri işlərin görülməsi təmin edilir.

2020-ci ildə Naxçıvan Muxtar Respublikası Prokurorluğu tərəfindən cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizə sahəsində müsbət göstəricilər əldə edilib, istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətinə nəzarət artırılıb, vətəndaşların müraciətlərinə baxılması, onların problemlərinin həll olunması diqqət mərkəzində saxlanılıb.

Hesabat dövründə istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarətin səmərəliliyinin artırılması məqsədilə prosessual rəhbərlik və effektiv nəzarətin həyata keçirilməsini təmin edəcək mexanizmin təkmilləşdirilməsi üçün zəruri tədbirlər görülməklə cinayət işləri üzrə icraata xitam verilməsinə dair 853 qərar əsassız və qanunsuz hesab edilərək ləğv olunub.

Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokurorlarının iştirakı ilə ötən il ərzində birinci instansiya məhkəmələrində 10 849 şəxs barəsində 9 455, apellyasiya instansiyası məhkəmələrində 3 292 şəxs barəsində 2 949, kassasiya instansiyası məhkəməsində 1 314 şəxs barəsində 1 097 (bütün instansiya məhkəmələri üzrə cəmi 15 455 şəxs barəsində 13 501 iş olmaqla) cinayət işi və məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallara baxılaraq yekun qərarlar qəbul edilib.

Bildirilib ki, daxil olmuş ərizə və şikayətlərə vaxtında və düzgün baxılması, müxtəlif sahələr üzrə müraciət etmiş vətəndaşlara hüquqlarının hərtərəfli və tam izah edilməsi məqsədilə Baş Prokurorluqda yaradılmış 961 saylı “Çağrı Mərkəzi”ndə hesabat dövründə 17 421 müraciət qeydə alınaraq onlardan 653-ü cinayət xarakterli məlumatlar olduğu üçün qeydə alınıb araşdırılması üçün aidiyyəti struktur qurumlara tapşırılıb, digərləri üzrə isə müvafiq hüquqi izahlar verilib.

Hesabat dövründə koronavirus pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, prokurorluq orqanlarının beynəlxalq nüfuzunun artırılması istiqamətində xarici ölkələrin müvafiq orqanları və beynəlxalq təşkilatlarla əlaqələrin möhkəmləndiyi, səmərəli əməkdaşlıq nəticəsində ağır və xüsusilə ağır cinayətlər törətməkdə təqsirləndirilən və ədalət mühakiməsindən yayınmaqla xaricdə gizlənən 30 şəxsin tutularaq ölkəmizə ekstradisiyasının həyata keçirildiyi bildirilib.

Qeyd edilib ki, prokurorluq orqanlarının fəaliyyətinin elmi-nəzəri təminatının gücləndirilməsi, hüquq elminin inkişafı və Avropa hüquq təcrübəsinin tətbiqi ilə əlaqədar prokurorluq işçilərinin nəzəri biliklərinin, peşə hazırlığının artırılması, prokurorluq orqanlarına həvalə edilmiş vəzifələrin həyata keçirilməsinə elmi-metodiki köməklik göstərilməsi məqsədilə Baş prokuror yanında Elmi-Məsləhət Şurasının 32 nəfərdən ibarət yeni tərkibi təsdiqlənməklə ötən ilin sentyabr ayında ilk iclas keçirilib.

Açar sözlər:

Oxunub: 634