Qazaxıstanlı iş adamından Azərbaycana təklif


19:35     02 Fevral 2021 2021/02/kalij-1612271806_1612284027.jpg

Qazaxıstanlı iş adamı Kuanış Kalijanov Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında iştirak etməyə hazır olduğunu bildirib.

Azvision.az xəbər verir ki, sahibkar Azərbaycan hökumətinə “Smart City” sistemlərinin yaradılması ilə bağlı Qazaxıstanın təcrübəsini təklif etməyi məqsədəuyğun hesab edir.

“Azərbaycan xalqını qələbə və torpaqlarının azad edilməsi münasibətilə təbrik edirəm, şəhid ailələrinə başsağlığı verirəm. Təsadüfən tarixi hadisələrin şahidi oldum. Qurtuluş müharibəsi 27 sentyabrda başladı, Şuşa 8 noyabrda azad edildi. 10 noyabr, səhər saat 4-də bütün Bakı sevinc içində idi: Zəfər çalındı! 10 dekabrda da Zəfər paradı oldu.

İşğaldan azad edilmiş ərazilərdən videolara baxarkən Azərbaycanın bu torpaqları bərpa etmək üçün görəcəyi çox böyük işlər barədə düşündüm. Aydındır ki, biz qardaş xalqlar bu işdə kənarda qalmamalı idik.

Mənim tərəfimdən Qazaxıstanın Azərbaycandakı səfirliyinə şirkətimin azad edilmiş ərazilərin bərpasında Qazaxıstanın tərəfdaş şirkətləri ilə iş birliyi çərçivəsində iştirak etməsi ilə bağlı təkliflərdən ibarət məktub göndərildi”, - iş adamı deyib.

O bildirib ki, bu il yanvarın 26-da Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yeni nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevə məhz bu təlimatları verib: işğaldan azad edilmiş ərazilərdə şəhərlər və kəndlər “smart city”, “smart village” konsepsiyası əsasında qurulmalıdır.

“Bu sahədə rəqabətə davamlı və gərəkli ola bilərik. İlkin mərhələdə mühəndislik və dizayn işləri üçün metodoloji zəmin yaradacaq texnologiyalardan və rəqəmsal həllərdən istifadənin çox vacib olduğunu yaxşı bilirik.

Qazaxıstanda seysmik zonalarda hidravlik, enerji və mülki tikililərin dizaynı və inşası sahəsində çox nüfuzlu dizayner, mühəndis məktəbi var. Bundan əlavə, Smart City - Ağıllı Şəhərin yaradılması, geoskanlaşdırma, mühəndis kommunikasiyaları bazasının yaradılması və onların monitorinqi üçün rəqəmsal həllərdə təcrübə əldə edilib. Bununla əlaqədar Qazaxıstanın “Smart City” sistemləri yaratmaq təcrübəsi ilə tanış olmaq və bunu diqqətə almaq üçün Azərbaycan Hökumətinə təklif irəli sürməyi məqsədəuyğun hesab etdik.

Bu çərçivədə, Smart City - Ağıllı Şəhər yaradılması sahəsində təkliflərimizi nəzərdən keçirib işğaldan azad olunan ərazilərin bərpası üçün sosial-iqtisadi konsepsiya layihəsinə əlavə edilməsini xahiş edirik.

Təkliflər ərazilərin bərpasına və inkişafına vahid yanaşma təmin edilməsi konsepsiyasının ilkin mərhələsinin proqramına uyğundur və infrastrukturun idarəedilməsi və təhlükəsizliyi məsələlərinin həllini özündə cəmləşdirir. Şuşa şəhərinin inkişafı üçün keçiriləcək tədbirləri nəzərə alaraq, şəhər və strateji obyektlər üçün təhlükəsizlik sistemləri sahəsindəki dizayn təcrübəmizi nəzərdən keçirməyi təklif edərdik.

Bu konsepsiya şəhərin və bölgənin intellektual video müşahidə və cavab tədbirlərinə əsaslanan inteqrasiya olunmuş əməliyyat idarəetmə sistemini əhatə edir. Ölkənin təhlükəsizliyini izləmək üçün vacib vasitə hava, su və torpaq keyfiyyətinə nəzarət sistemidir. Sistem onlayn olaraq saatlıq yeniləmələrlə ölkənin və bölgənin ətraf mühitinin çirklənməsi (yoluxması) xəritəsini yaratmağa imkan verir.

Əməliyyat idarəetmə mərkəzi gizli texnogen və terror təhdidlərini davamlı izləmək və cavab vermək qabiliyyətinə malikdir.

Digər mühüm istiqamət, yeraltı, yer üzərindəki və yerüstü rabitə və infrastrukturu əhatə edəcək Geoportal sisteminin və ya şəhərin rəqəmsal xəritəsinin yaradılmasıdır. Bu, bərpa tədqiqatı, dizayn və tikinti-quraşdırma işlərinin başlanğıcından etibarən hər bir obyektin rəqəmsal pasportunu və bütövlükdə şəhərin rəqəmsal xəritəsini formalaşdırmağa imkan verəcəkdir.

Növbəti mərhələdə şəhərin 3D layihəsinin hazırlamasıdır. Smart City konsepsiyasına nəqliyyat blokları, mənzil-kommunal xidmətləri, vətəndaşların müraciətləri, tibbi xidmətlərin təşkili, rəqəmsal dəfn etmə tətbiqi, şəhər nəqliyyat vasitələrinin monitorinqi, turizm, təhsil və s. daxildir. Hamısı birlikdə şəhərin idarə edilməsi və sakinlərinin təhlükəsizliyi üçün böyük imkanlar yaradır. Faydalı həllərin inkişaf etdirmək üçün ekspert cəmiyyəti ilə əlaqə qurmağa hazırıq. Yuxarıda qeyd olunanlardan savayı, mənim üçün maraqlı görünən müşahidələrimi də bölüşmək istəyirəm. Ölkəni gəzərək gəzdiyim yerlərin potensialını qiymətləndirməyə çalışıram.

Azərbaycanda turizm əhəmiyyətli dərəcədə iş yeri mənbəyi və ayrıca bir sahəyə çevrilə bilər. Təbii və tarixi parkların misilsiz imkanları ilə az tanışıq. Burada turizmin rəqəmsallaşdırılması, marşrutların və görməli yerlərin vizuallaşdırılması üçün imkanlar var”.

Kalijanov son iki il ərzində Almaniyanın "Thyssenkrupp elevator" konserninin liftlərinin quraşdırılması layihəsinin həyata keçirilməsi çərçivəsində Bakıda olduğunu deyib:

"Böyük bir tikinti şirkəti üçün layihə həyata keçiririk və son müştəri dövlət orqanıdır".

Açar sözlər:

Oxunub: 667