Borclu borc verənin evini yandırmaq istədi


03:27     24 Dekabr 2015 Saray.Still003.jpg


Abşeron rayonunda evə hücum edən şəxslər mənzili yandıraraq qaçmaq istəyiblər.

Femida.az-ın musavat.com-a istinadən məlumatına görə, hadisə Saray qəsəbəsinin Adil Mənsimov küçəsində, Şiruyə Azadəliyevaya məxsus mənzildə baş verib. Gecə saatlarında həyətdəki itin səsinə oyanan ev sahibləri nə baş verdiyini öyrənmək üçün həyətə çıxıblar.

Azərbaycan Dövlət Pedoqoji Universitetində işləyən ev sahibi deyir ki, həyətdən partlayış səsinə bənzər səs gəlib, sonra isə yanğın başlayıb. Yanğının təsirindən mənzilin qapısı şişib və ev sahibləri onu çətinliklə aça biliblər:

“Mən və həyat yoldaşım qarajdakı maşının yandığını gördük və söndürməyə çalışdıq. Evin pəncərələri də alovdan partlamışdı”.

Yanğını söndürəndən sonra ev sahibi Daxili İşlər Nazirliyinin 102 xidməti ilə əlaqə saxlayıb. Hadisə yerinə gələn Abşeron Rayon Polis İdarəsi əməkdaşları müvafiq ekspertizalar təyin ediblər.

Evə hasarı keçərək daxil olan şəxslər avtomobili alışdırdırqan sonra qapıdan çıxaraq qaçıblar. Zərərçəkmişin şübhələndiyi şəxs də var. Belə ki, sözugedən həyətdə bir müddət kirayədə qalan həmin şəxsin ailəyə borcu olub. O, pulu ödəməkdən boyun qaçırıb.

“Pasportunu girov kimi qoyub pul almışdı bizdən. Aylarla ödəmədi, mən də sahə müvəkkilinə şikayət etdim”, - Şiruyə Azadəliyeva keçmiş kirayənişinləri ilə aralarındakı münaqişə barədə danışarkən deyib.

Hadisəni törədən şəxslər qonşu evin qapısındakı kameranın obyektivini də ağ kağızla bağlayıblar ki, hadisənin kim tərəfindən törədildiyi məlum olmasın.

Zərərçəkən isə həmin şəxslərin saxlanılmasını və ona dəymiş ziyanın ödənməsini istəyir.

Polis yanğının qəsdən yaxud hər hansı digər səbəbdən baş verməsi ətrafında araşdırmalarını davam etdirir.

Açar sözlər:

Oxunub: 858