Prezident: Macarıstan Azərbaycanın ən yaxın dostlarındandır


13:05     10 Mart 2021 2021/03/bf6781ba-d2c9-35c7-8984-a17109039fc1_850_1615367316.jpg

"İşğal altında olan ərazilərimizin azad edilməsindən sonra orada yenidənqurma sahəsində çoxlu imkanlar mövcuddur. Həmin ərazilər tamamilə viran qoyulub və yəqin ki, siz də həmin videomateriallarla tanışsınız. Oralar darmadağın edilib və biz həmin əraziləri sıfırdan yenidən qurmalıyıq. Söhbət Azərbaycanın böyük bir hissəsi – 10 min kvadratkilometrdən artıq ərazidən gedir və biz bu işi tərəfdaşlarımızla əməkdaşlıq şəraitində icra etmək istəyirik. Mən artıq bir neçə dəfə bunu ictimai şəkildə bəyan etmişəm ki, biz dost ölkələrdən olan şirkətləri əməkdaşlığa dəvət edəcəyik. Macarıstan Azərbaycanın ən yaxın dostlarındandır. Əminəm ki, Macarıstan şirkətlərinin də azad edilmiş ərazilərdə bizimlə birlikdə çalışmaqla bağlı çoxlu imkanları olacaq".

Femida.az-ın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonu videoformatda qəbul edərkən deyib.

"Digər sahələrdə də imkanlar mövcuddur. Bilirəm ki, kənd təsərrüfatı və texnologiya sahələrində böyük potensial var. Biz azad olunmuş ərazilərdə müasir infrastruktur və şəhərsalma layihələrinin icrasını planlaşdırırıq. Beləliklə, görüləcək işlərin həcmi böyükdür və əminəm ki, səfəriniz çərçivəsində həmkarlarınızla bu məsələləri ətraflı müzakirə edəcəksiniz. Bir daha Azərbaycana xoş gəlmisiniz", - Prezident bildirib.

Femida.az

Açar sözlər:

Oxunub: 367