Vəkil hansı hallarda məsuliyyətə cəlb olunur?


14:25     29 Dekabr 2015 vekil%20esas.jpg

Femida.az vətəndaşlara hüquqi yardım layihəsini davam etdirir.


Bugünkü mövzu öz vəzifələrinin icrası zamanı yol verdiyi nöqsanlara görə vəkilin məsuliyyətə cəlb olunması ilə bağlıdır.

Daha geniş formada desək, vəkil hansı hallarda məsuliyyətə cəlb oluna bilər?

Femida.az sualı cavablandırmaq üçün hüquqşünas Fərid Ələkbərovla əlaqə saxladı.

Fərid Ələkbərov bildirdi ki, vəkil peşə fəaliyyəti zamanı yol vermiş olduğu qanun pozuntularına görə intizam məsuliyyətinə cəlb olunur:

“Vəkil öz peşə borcunu həyata keçirərkən fiziki və hüquqi şəxslərin hüquqlarını, fundamental azadlıqlarını və qanunla qorunan mənafelərini müdafiə etməli və həmin şəxslərə yüksək keyfiyyətli hüquqi yardım göstərməlidir. "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 22-ci maddəsi və Vəkillər Kollegiyasının 08 dekabr 2012-ci il tarixli Konfransı tərəfindən təsdiq olunmuş “Vəkillərin davranış qaydaları haqqında Əsasnamə”nin 14-cü maddəsinin göstərişləri nəzərə alınaraq vəkil peşə fəaliyyəti zamanı yol vermiş olduğu qanun pozuntularına görə intizam məsuliyyətinə cəlb edilə bilər”.

Fərid Ələkbərov vurğuladı ki, vəkil öz peşə fəaliyyətini həyata keçirən zaman yol verdiyi cinayət tərkibli qanun pozuntularına cinayət məsuliyyətinə cəlb olunur:

“Eyni zamanda, vəkilin Vəkillər Kollegiyasından xaric edilməyə səbəb ola biləcək müvafiq əsaslar olduğu zaman İntizam Komissiyasının rəyi əsasında Vəkillər Kollegiyasının Rəyasət Heyəti məsələnin həlli üçün məhkəməyə müraciət edərək həmin məsələ ilə bağlı məhkəmə qərarı qanuni qüvvəyə minənədək vəkilin fəaliyyətini dayandıra bilər. Həmçinin, vəkil öz peşə fəaliyyətinin həyata keçirilməsi zamanı yol vermiş olduğu cinayət tərkibli qanun pozuntularına (aktiv və yaxud passiv rüşvətxorluq, dələduzluq, sənədləri saxtalaşdırma və s.) görə ümumi əsaslarla cinayət məsuliyyətinə cəlb olunur”.

Hüquqşünas sonda onu da qeyd etdi ki, vəkilə qarşı aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər:

“Vəkilin peşə vəzifəsinin həyata keçirilməsindən irəli gələn fəaliyyətindəki pozuntulara dair müraciətlərə baxılması və onun intizam məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar məsələlərin həll olunması məqsədi ilə Vəkillər Kollegiyasının nəzdində Vəkillərin İntizam Komissiyası yaradılır. Vəkilin intizam məsuliyyətinə cəlb olunması üçün İntizam Komissiyası tərəfindən verilmiş olan rəy Vəkillər Kollegiyasının Rəyasət Heyətinə təqdim edilir. Vəkillər Kollegiyasının Rəyasət Heyəti də öz növbəsində səsvermə yolu ilə vəkilin intizam məsuliyyətinə cəlb olunub olunmaması ilə bağlı qərar çıxarır”.

İntizam Komissiyasının rəyi əsasında Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən vəkilə qarşı aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər:

İrad tutma;

Töhmət;

Üç aydan bir il müddətinədək vəkillik fəaliyyəti ilə məşğul olmanın dayandırılması”.


Ceyhun Əhmədli

Açar sözlər:

Oxunub: 3453