Ukrayna Azərbaycana texnika satacaq


14:29     27 May 2015 traktor_monitoring_030614.jpg

Kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev Ukraynanın Sumsk vilayətinin qubernatoru Kloçko Nikolay Alekseyeviçin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.


Kənd Təsərrüfatı Nazirliyindən Femida.az-a verilən məlumata görə görüşün məqsədi Azərbaycanla Sumsk vilayəti arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanlarının müzakirəsi olub.

Nazir müavini qonaqları səmimi salamlayaraq 9-cu “CaspianAgro” Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisində iştirak etdiklərinə görə təşəkkürünü bildirib və son dövrlərdə ölkəmizdə kənd təsərrüfatı sahəsində həyata keçirilən islahatlar, ölkə rəhbərliyinin aqrar sahəyə göstərdiyi diqqət və qayğı, aqrar sahənin inkişafı ilə bağlı qəbul olunmuş qərar və sərəncamlar, elektron kənd təsərrüfatı sisteminin tətbiq olunması istiqamətində görülən işlər barədə geniş məlumat verib və Azərbaycanda aqrar sahədə əlverişli investisiya mühitinin olduğunu nəzərə çatdırıb.

İ.Quliyev Azərbaycanın aqrar sahədə dost Ukrayna ilə baytarlıq və fitosanitar sahələrində fəal əməkdaşlıq etdiyini və bu əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə edib. O bildirib ki, taxılçılıq sahəsini inkişaf etdirmək üçün Azərbaycanda iri taxılçılıq təsərrüfatları yaradılır, buna görə də yüksək keyfiyyətli toxumla təminat məsələsini qarşı tərəflə müzakirə etmək məqsədəuyğun olardı. İ.Quliyev kənd təsərrüfatı sahəsində əməkdaşlığı daha da dərinləşdirmək üçün işçi quruplarının yaradılmasının vacibliyini söyləyib.

K.Alekseyeviç səmimi qəbula görə öz təşəkkürünü bildirib, sərginin yüksək səviyyədə təşkil olunduğunu, gələn il sərgidə daha çox Ukrayna şirkətlərinin təmsil olunacağını diqqətə çatdırıb və qeyd edib ki, Sumsk vilayəti əsasən kənd təsərrüfatı sahəsində ixtisaslaşıb, burada kənd təsərrüfatı texnikaları istehsal olunur və təmsil etdiyi vilayət Azərbaycanla bu istiqamətdə əməkdaşlıqda maraqlıdır.

Görüşdə kənd təsərrüfatının müxtəlif sahələri- taxılçılıq, toxumçuluq və cins mal-qara sahəsində əməkdaşlığın perspektiv imkanları müzakirə olundu.

Görüşdə Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenko da iştirak edib.

Açar sözlər:

Oxunub: 649