Avtobus səfərlərində hansı qadağalar olacaq? - DANX rəsmisi rayonlara aydınlıq gətirdi


15:05     27 May 2021 21_05_27_1622117942.jpg

“Gələn ayın ortalarından Bakıdan regionlara hərəkət edəcək avtobuslara bilet satışı onlayn həyata keçiriləcək”.

Bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova bildirib.

“Sərnişinlərə tövsiyə edilir ki, mümkün sıxlığı minimuma endirmək üçün bileti onlayn almağa üstünlük versinlər. Bölgələrə səfər edən avtobuslar sərnişinləri normal qaydada daşıya biləcəklər. Sərnişindaşımada hər hansı bir məhdudiyyət nəzərdə tutulmayıb. Sürücülərin 70%-i artıq vaksinasiya olunub. Sərnişinlərin hərarəti avtobusun yanında ölçüləcək. Qızdırması və yaxud koronavirusa oxşar əlamətləri olan sərnişinlər tibb məntəqəsində yönəldiləcək. Avtobuslarda sərnişinlər hər zamanki kimi oturacaq, ara məsafəsi olmayacaq. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, avtobuslarda kondisionerlər maksimum dərəcədə qoşulmayacaq, havalandırma olacaq. Amma müəyyən temperatur həddi keçiləndən sonra bu qərar qüvvədə olmayacaq və kondisionerlər qoşulacaq", - deyə o, qeyd edib.

N.Allahyarova onu da bildirib ki, mayın 31-dən 566 marşurut xətti üzrə 1 864 avtobus hərəkətdə olacaq. "Mayın 30-dan artıq biletlərin satışına başlanılacaq".

Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Bakıdan regionlara gedəcək sərnişinlərdən COVID pasportu tələb edilməyəcək.

“Sərnişinlər yalnız avtovağzal stansiyalarına daxil olduqda onların hərarətləri yoxlanılacaq. Hər hansı sərnişində narahatlıq yaranarsa və yaxud hərarəti yüksək olarsa, o, avtostansiyalarda olan tibb məntəqələrinə yönləndiriləcək”, - deyə o, qeyd edib."Artıq BBAK-da və 56 regional avtovağzalda sərnişindaşıma ilə bağlı hazırlıq işlərinə start verilib. Avtovağzalın ərazisi, avtobuslar, bilet kassaları, sərnişin gözləmə zalları dezinfeksiya olunur", - deyə DANX rəsmisi əlavə edib.


Bakıdan Naxçıvana avtobusla sərnişin daşımalarının bərpa edilməsi hələ ki, nəzərdə tutulmayıb.

“Buna səbəb muxtar respublikaya səfərin İran üzərindən gerçəkləşdirilməsidir. Sərhədlər açılmadığı üçün Naxçıvana hələlik sərnişindaşıma həyata keçirilməyəcək. Gürcüstan digər ölkələrlə sərhədləri açsa da, ölkəmizdə belə bir qərar qəbul edilməyib. Gürcüstan və digər ərazilərə sərnişindaşıma ilə bağlı Nazirlər Kabinetinin müvafiq qərarı olmalıdır”, - deyə N.Allahyarova qeyd edib.

Femida.az

Açar sözlər: #DANX  

Oxunub: 423