Gözlərini kor edib, suda boğublar... - Ermənilərin azərbaycanlılara verdikləri işgəncələr məhkəmədə


13:21     09 İyun 2021 21_06_09_1623234186.jpg

Bu gün Yasamal Rayon Məhkəməsinin inzibati binasında Birinci Qarabağ müharibəsi zamanı əsir götürülmüş azərbaycanlılara qarşı amansız işgəncələr verməkdə ittiham olunan erməni hərbçilər - Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin şüşə qəfəsdən çıxarılaraq müdafiəçilərin yanında əyləşməsi ilə bağlı vəsatət qaldırıb.

Vəsatət təmin olunub.

Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib.

İttiham aktına əsasən, Lüdviq Mkrtçyan Birinci Qarabağ müharibəsi dövründə azərbaycanlı əsirləri işgəncələr altında saxlayıb. Xosrovyan bir neçə erməni ilə cinayət əlaqəsinə girərək Kazımov Həbib Muxtar oğlunu əsir götürərək baş və bədən nayihəsinə ağır zərbələr yetirib və onu ağır işgəncələrə məruz qoyub.

L.Mkrtçyan 1994-cü ildə Kəlbəcər rayonu istiqamətində - Murovdağda əsir düşən Hacıyev Elman Rəhman oğlunu Xocavənd rayonunun Ağbulaq kəndi istiqamətinə apararaq orada ona işgəncələr verib, onu ağır fiziki işlərə cəlb edib və ac-susuz saxlayıb.

A.Xosrovyan bir qrup erməni ilə Ağdamın Cəbrayıllı kəndində əsgər Əliyev Famil Heydərəli oğlunu əsir götürüb, qanunsuz olaraq Şuşa həbsxanasında saxlanılarkən ona dəmir və taxta parçaları ilə xəsarətlər yetirərək ac-susuz saxlayıb. Beləliklə, ona işgəncələr verib.

A.Xosrovyan Ağdamda 1994-cü ildə əsir düşən Hüseynov Cavid Alı oğlunun qanunsuz olaraq saxlanıldığı Şuşa həbsxanasında işgəncələrə məruz qoyub və onu şaxtalı havada qarın altında saxlayaraq baş və göz nayihəsinə ağır zərbələr vurub. Bununla da C.Hüseynov gözlərinin ikisinin də görmə qabiliyyətini itirib.

A.Xosrovyan 1994-cü ildə Kəlbəcərdə əsir düşən Babayev Kamil İdris oğluna qanunsuz olaraq saxlanıldığı Şuşa həbsxanasında baş və bədəninə avtomat qundağı ilə ac-susuz vəziyyətdə mütəmadi xəsarətlər yetirib.

A.Xosrovyan Kəlbəcərdə Ömər aşırımında əsir düşən əsgər Abduləliyev Yaşar Abduləli oğlunu Kəlbəcərdəki evlərdən birində saxlayaraq müxtəlif alətlərlə döyərək ona xəsarətlər yetirib.

L.Mkrtçyan erməni qruplaşması ilə birlikdə 1994-cü ildə Füzulidə yaralanaraq əsir düşən Həsənov Zahidi qanunsuz olaraq saxlanıldığı əsirlik dövründə ağır işgəncələrə məruz qoyublar və ona xəsarətlər yetiriblər.

Onlar qış aylarında qanunsuz olaraq saxlanılan əsirin üzərinə soyuq su tökərək onu döyüb və ac saxlayıblar.

1994-cü ildə Füzuli rayonunun Alıxanlı kəndi istiqamətində gedən döyüşlərdə Qafarov Rauf Şəmsəddin oğlunu əsir götürüb, onu yumruq və təpiklə döyərək siqaret kötüklərini bədənində söndürüb və ağır işgəncə məruz qoyub.

Mkrtçyan 1998-1999-cu ildə İslamov Elşən Sabir oğlunu qanunsuz saxlanılan vaxtlarda Ermənistan Milli Təhlükəsizlik Nazirliyinin inzibati binasında tərcüməçi kimi iştirak edərək Elşən İslamova işgəncələr verib, onu Ermənistan vətəndaşlığını qəbul etmədiyi üçün ağır işgəncələrə məruz qoyub.

Azərbaycanlılara işgəncə verən L. Mkrtçyan həmçinin ermənilər tərəfindən yaralı vəziyyətdə əsir götürülən Bərdə sakini Vəliyev Qərib Rövşən oğluna da işgəncələr verib. O, azərbaycanlı əsirə təzyiqlər göstərərək boynunu qırmaqla hədələyib, dizi ilə döş qəfəsinə müxtəlif zərbələr vurub, avtomat silahının qundağı və ağır dəmir parçaları ilə onu vurub, azərbaycanlı əsiri yerə yıxaraq ayağı ilə sifətini sıxıb, başını və sifətini dəfələrlə soyuq suda saxlayıb, nəfəs alması çətinləşənə qədər suda saxlayıb boğmağa cəhd edib.

Təqsirləndirilən şəxs 2016-cı ildə aprel ayında olan döyüşlər zamanı da Azərbaycan Ordusuna qarşı döyüş əməliyyatlarında könüllü olaraq iştirak edib.

2020-ci il başlanan döyüşlər zamanı o, könüllü olaraq döyüşlərə cəlb olunub.

2020-ci ilin 15 oktyabrında Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Əsgərov Firavan Xanbala oğlunu qətlə yetirib.
Həmin gün o, Azərbaycan Ordusu tərəfindən əsir götürülüb.

İttiham aktına görə, digər təqsirləndirilən A.Xosrovyan qabaqcadan əlbir olan bir qrup cinayətkar şəxslə birləşərək qanunsuz olaraq silahlar əldə edib. O, Birinci Qarabağ Müharibəsində Dağlıq Qarabağ bölgəsində yaşayan bir qrup erməni silahlı birləşmənin üzvləri ilə birləşərək 1993-cü ildə Qubadlı rayonunun Əliquluuşağı kəndində baş nayihəsindən yaralanan Kazımov Həbibi 1 il müddətində avtomat silahın qundağı, ağır dəmir parçaları ilə döyərək, ac-susuz saxlayaraq işgəncə verib.

O, L.Mkrtçyan və digərləri ilə birlikdə 1994-cü ildə əsir düşən Əliyev Famil Heydərəli oğluna Şuşa həbsxanasında saxlanarkən ağır xəsarətlər yetirib. Ac susuz saxlayıb.

A.Xosrovyan və digərləri ilə Ağdam rayonunun Güllücə kəndində 1994-cü ildə əsir düşən yaralı əsgər Hüseyn Cavid Alı oğlu ilə Şuşa həbsxanasında bir il amansız davranıb, şaxtalı havada qarın altında xlorlu soyuq suda saxlayıb.
1994-cü ildə Kəlbəcər rayonunun Susuzluq kəndində əsir düşən əsgər Babayev Kamil İdris oğlu ilə qəddar davranan A.Xosrovyan ona mütəmadi olaraq avtomat və dəmir parçaları ilə xəsarətlər yetirib.

Bundan başqa o 1994-cü ildə Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində gedən döyüşlərdə qarın nahiyəsindən yaralanan əsgər Həsənov Zahid Əsgər oğluna hər gün işgəncələr verib, baş nahiyəsinə dəmir və ağac parçaları ilə xəsarətlər yetirib, ac saxlayıb.

Ağdam rayonunun Güllücə kəndində çiyin nayihəsində yaralanan əsir düşən Rzayev Zaur Vahid oğlu da Xosrovyanın işgəncələrinə məruz qalıb. Əsir əsgər Ağbulaq kəndindəki evlərdən birində saxlanılarkən ağır işlərə cəlb edib.
Xosrovyan onu döyüb, xəsarətlər yetirib, ayağındakı yaraları basaraq işgəncələr verib.

Xosrovyan ötən il oktyabrın 3-də Cəbrayıl şəhərinin yaxınlığında Azərbaycan Ordusunun hərbçiləri tərəfindən saxlanılaraq əsir götürülüb.

İttihama münasibət bildirən müttəhimlər özlərini qismən təqsirli biliblər.

Lüdvik Mkrtçyan əsir və girovlara işgəncə vermədiyini bildirib.

Prokuror deyib ki, ibtidai istintaqda ifadə verən zərərçəkmişlərin ifadələri təsdiqlənib. Həmin zərərçəkmişlərin ifadələri Şuşa şəhərindəki həbsxanada yoxlanılıb və sübutlar ifadələrlə düz gəlib.

Daha sonra prosesdə təqsirləndirilən şəxslərə sərbəst ifadə vermək təklif edilsə də, onlar indiki mərhələdə susmaq hüququndan istifadə edib. Bildiriblər ki, zərərçəkmiş şəxslər dindiriləndən sonra ifadə verəcəklər.

Proses iyunun 16-na təyin olunub. / Report

Femida.az

Açar sözlər:

Oxunub: 275