“Xalqımız ağır anlarla üzləşdi“ - Mehriban Əliyeva


02:51     31 Dekabr 2015 mehriban-aliyeva-liderxeber-640.jpg

2015-ci il ölkəmizin tarixində yeni nailiyyətlərlə, yeni qələbələrlə qalacaq. Bununla yanaşı, 2015-ci ildə ölkəmiz, xalqımız ağır anlarla da üzləşmişdir. Mayın 19-da faciəli yanğın zamanı həlak olmuş vətəndaşlarımız, dekabrın 4-də “Günəşli” yatağında dünyasını dəyişmiş neftçilərimiz, cəbhə xəttində Vətən qarşısında öz borcunu yerinə yetirərkən həyatlarını itirmiş əsgərlərimiz - bütün bu hadisələr hər bir azərbaycanlının ürəyində kədərlə və ağrı ilə qarşılanmışdır.


Femida.az xəbər verir ki, bu sözləri Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva deyib. Dünyasını dəyişmiş vətəndaşlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad edən Mehriban xanım Əliyeva deyib ki, qoy Tanrı Azərbaycanı və Azərbaycan xalqını hər zaman qorusun! Faciələrdən və bəd hadisələrdən qorusun!

"Əziz dostlar, başa çatmaqda olan ilə nəzər salanda əlbəttə, bu ilin ən yaddaqalan hadisələrindən biri ölkəmizdə Avropa Olimpiya Hərəkatının tarixində ilk dəfə Azərbaycanda, Bakıda keçirilmiş ilk Avropa Oyunları oldu. Siz bilirsiniz ki, biz bu Oyunları çox qısa zamanda hazırladıq və ən yüksək səviyyədə keçirdik. Azərbaycan xalqı yenə də bütün dünyaya öz birliyini, öz qonaqpərvərliyini nümayiş etdirdi. Mən bu fürsətdən istifadə edərək bütün Azərbaycan xalqına Oyunlar zamanı hər bir idmançıya verdiyi dəstəyə, hər bir qonağa göstərdiyi qonaqpərvərliyə görə dərin minnətdarlığımı bildirirəm. Eyni zamanda, biz hamımız yığma komandamıza, idmançılarımıza dəstək olmağa çalışırdıq. Bizim idmançılarımız cəsarət, güc göstərdilər və nəticədə yığma komandamız 50 ölkə arasında ikinci yeri tutmağa nail oldu. Bu, əlbəttə ki, böyük qələbədir. Mən əminəm ki, sizin aranızda gələcək Olimpiya, dünya və Avropa çempionları var. Ona görə, mən sizi idmanla məşğul olmağa çağırıram. Mən sizi yaxşı oxumağa, təhsil almağa çağırıram. Mən bu sözləri hər il deyirəm, bu, artıq aydındır ki, Azərbaycanın gələcəyi sizin əlinizdə olacaq. Ona görə, bu gün gözəl təhsil almaq, savadlı olmaq, bilikli olmaq sizin ən vacib, ən böyük vəzifənizdir.

Bilirəm ki, bugünkü uşaqlar daha çox kompyuterə maraq göstərirlər və bu da çox gözəldir. İnternet vasitəsilə siz bütün informasiyanı əldə edirsiniz. Amma bu gün üzümü sizə tutub xahiş edirəm ki, kitab oxuyasınız. Çünki kitablar, yəni bədii ədəbiyyat, həm Azərbaycanın bədii ədəbiyyatı, həm dünya xəzinəsinin bədii ədəbiyyatı həyatınızda sizə çox lazım olacaq və heç bir kompyuter kitabı əvəz edə bilməz. Ona görə, nə qədər mümkündürsə çox kitab oxuyun, tanış olun. Siz özünüz üçün tamamilə yeni bir aləm aşkar edəcəksiniz. Əlbəttə, mən sizə ilk növbədə cansağlığı arzulayıram. Mən istəyirəm ki, siz sağlam, savadlı, təhsilli böyüyəsiniz. Öz valideynlərinizi, müəllimlərinizi, bizim hamımızı, böyükləri yalnız və yalnız şad edəsiniz.

Əziz dostlar, mən bu bayram ərəfəsində bir daha sizin hamınızı qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə səmimi qəlbdən təbrik edirəm. Biz 2015-ci ilə birgə əlvida deyirik, 2016-cı ili qarşılayırıq. Əminəm ki, 2016-cı il ölkəmiz üçün yeni uğurlar, yeni nailiyyətlər gətirəcək. Bu gün ölkəmiz yeni çağırışlarla üzləşir. Hər zaman olduğu kimi, Azərbaycan xalqının müdrikliyi, birliyi bizə bütün çətinliklərin öhdəsindən gəlməyə imkan yaradacaq. Bir daha sizi təbrik edirəm, bağrıma basıram, öpürəm. Çox sağ olun", - Mehriban Əliyeva qeyd edib.

Açar sözlər:

Oxunub: 1137


Oxşar xəbərlər