İran-Səudiyyə münaqişəsi Azərbaycana nə vəd edir?


15:32     05 Yanvar 2016 iran%20seudiyye.jpg

İranla Səudiyyə Ərəbistanı arasındakı münasibətlər kritik həddə çatıb. Buna səbəb isə İran meylli şiə axundu, şeyx Nimr Baqir əl-Nimrlə birlikdə 47 nəfərin Səudiyyə Ərəbistanında edam edilməsidir. İki dövlət arasında diplomatik münasibətlər kəsilib və tədricən müharibə ehtimalları üzərində düşünülməyə başlanıb.

Regionda belə bir münaqişənin baş tutması sözsüz ki, Azərbaycana təsirsiz ötüşməyəcək.

İki dövlət arasında davam edən gərginliyi Femida.az-a şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlu bildirdi ki, son hadisələr bölgədə dövlətlərarası münasibətləri gərginləşdirəcək və məzhəblərarası qarşıdurmaya səbəb olacaq:

“İki dövlət arasında olan hazırkı vəziyyət müəyyən qədər müharibə ehtimallarını ağıla gətirir. Belə ki, İranla Səudiyyə Ərəbistanı arasındakı diplomatik münasibətlər kəsilib. Sudan və Bəhreyn də İranla diplomatik münasibətləri dayandırıblar. Lakin nəzərə almaq lazımdır ki, İranla Səudiyyə Ərəbistanı arasındakı münasibətlər əvvəl də xoş təsir bağışlamayıb. İki dövlət arasında regionda liderlik uğrunda daima mübarizə gedib. Düşünmürəm ki, hadisələrin mövcud gedişatı müharibələrə gətirib çıxaracaq. Lakin nəzərə almaq lazımdır ki, son hadisələr bölgədə dövlətlərarası münasibətləri gərginləşdirəcək, məzhəblər arası qarşıdurma yaranacaq”.

“Olası bir müharibə Azərbaycana nə dərəcədə təsir edəcək?” sualını Elxan Şahinoğlu belə cavablandırdı:

“Bəziləri Azərbaycanı şiə dövləti kimi tərənnüm edir. Amma bizim İranla münasibətlərimiz müsbət təəsürat oyatmır. Dünən xəbər yayıldı ki, İran öz qazını Ermənistan üzərindən Gürcüstana çatdıracaq. Digər tərəfdən Səudiyyə Ərəbistanı Azərbaycan üçün strateji tərəfdaş sayılır. Çünki Səudiyyə Ərəbistanı Qarabağı Azərbaycan torpağı hesab edir və Ermənistanla heç bir doplomatik münasibət qurmur. Buna baxmayaraq bu qarşıdurmada biz neytralıq. Hətta bir misal da deyək. Bu yaxınlarda Səudiyyə Ərəbistanı İslam ittifaqı yaratdı və Azərbaycanı da həmin ittifaqa qoşulmaq üçün dəvət etdi. Lakin biz həmin koalisiyaya qoşulmaqla bağlı gözləmə mövqeyindəyik. Çünki biz o koalosiyaya qoşulsaq, gərək İranı qarşımıza alaq. Buna görə də bizim indiki mövqeyimiz son hadisələrə qarışmamaqdır. Biz bu məsələnin danışıqlar yolu ilə həll olunmasının tərəfdarıyıq. Tərəf olmasaq, bizə qarşı təzyiqlər də az olar”.

Politoloq Qabil Hüseynli isə bildirdi ki, iki dövlət arasında gərginlik dünya bazarında neftin qiymətinin artmasına səbəb olacaq və bu amil Azərbaycanı müəyyən qədər qane edir:

“İranla Səudiyyə Ərəbistanı arasındakı münasibətlər həmişə gərgin olub. Lakin münasibətlərin müharibə həddinə çatacağına inanmıram. Müharibə olmasa da, gərginlik davam edəcək. Düşünürəm ki, gərgin münasibətlərin Azərbaycana elə də ciddi təsiri olmayacaq. Gərginlik dünya bazarında neftin qiymətinin qalxmasına şərait yaradacaq. Bu baxımdan Azərbaycana müsbət təsiri ola bilər. Lakin qeyd edim ki, Azərbaycan olası bir müharibədə heç bir tərəfin yanında olmayacaq”.

Ceyhun Əhmədli

Açar sözlər:

Oxunub: 3181


Oxşar xəbərlər