Azay Quliyev: "Qrant siyasətimiz Qarabağda quruculuğa yönəldiləcək"


15:36     16 Avqust 2021 azay%20quliyev.jpeg

“QHT-lərə beynəlxalq təşkilatları ölkəyə dəvət etmələrinə dəstək olcağıq”.

Bunu Ağdama səfəri zamanı jurnalistlərə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri Azay Quliyev bildirib.

O qeyd edib ki, Agentliyin qrant siyasəti ilk növbədə Qarabağın quruculuğuna yönəldiləcək: "Bizim Qarabağa qayıdışla bağlı çox ciddi planlarımız var. Həm maddi, həm təşkilati, həm də informasiya baxımından... Beynəlxalq təşkilatları ölkəmizə dəvət etmələri üçün Azərbaycanda fəaliyyət göstərən QHT-lərə dəstək olacağıq. İlk növbədə ərazilərin minalardan təmizlənməsi prosesində beynəlxalq təşkilatların və xaricdə fəaliyyət göstərən QHT-lərin iştirakını təmin etməliyik. Bu, çox vacib məsələdir. Ərazilərin minalardan təmizlənməsi həyati əhəmiyyətə malikdir. Minalardan təmizlənmə olmasa, quruculuq işlərinin aparılması mümkün deyil. QHT-lər bu baxımdan böyük potensiala malikdirlər".

A.Quliyev əlavə edib ki, bundan başqa Azərbaycanın haqlı mövqeyini dünyada bir daha tanıtmaq üçün informasiya müharibəsinə xüsusi önəm verilməlidir: "Son vaxtlar ermənilər tərəfindən Azərbaycana qarşı yalan və böhtan xarakterli kampaniyaya başlanılıb. QHT-lər bu işlərdə fəal olmalıdırlar. Onlar gördüklərini olduğu kimi, yerli və xarici ictimaiyyətin diqqətinə çatdırmalıdırlar. Burada QHT-lərin kifayət qədər potensialı var ki, beynəlxalq təşkilatları, xüsusilə ATƏT, Avropa İttifaqı, BMT, Avropa Şurası və onun digər qurumlarını bu istiqamətdə məlumatlandırsınlar".

Açar sözlər:

Oxunub: 1193