Tələbələrə şad xəbər: Fevralın 16-dan başlayacaq


09:22     08 Fevral 2022 22_02_07_1644261763.jpg

"Təhsil tələbə krediti almaq hüququ olan tələbələrin sayı 56 min 208 nəfərdir. Onlardan 16 min 800-ü sosial təhsil tələbə krediti almaq hüququ olanlardır. 39 min 408 tələbə isə standart təhsil tələbə krediti almaq hüququna sahibdir ". Bunu Təhsil tələbə fondunun icraçı direktoru Araz Paşayev deyib. Onun sözlərinə görə, indiki qaydalarla sırf ödənişli əsaslarla əyani tədris alan tələbələr təhsil kreditlərindən yararlana bilərlər. İcraçı direktor qeyd edib ki, artıq təhsil tələbə krediti üçün müraciət edən 2 minə yaxın şəxsə müsbət cavab verilib. Tədbirdə yaz semestri üzrə təhsil krediti üçün müraciət tarixi də açıqlanıb.

Ötən ilin noyabrın 25-dən bu günə qədər təhsil tələbə krediti ilə bağlı sistemə 5000 müraciət daxil olub. Bunu təhsil tələbə krediti fondunun icraçi direktoru Araz Paşayev deyib. Onun sözlərinə görə, artıq 2 minə yaxın tələbənin təhsil haqqı ali məktəblərə ödənilib. Müxtəlif səbəblərə görə, 420 tələbənin müraciəti təsdiq olunmayıb. İcraçı direktor qeyd edib ki, tələbələrə gələcəkdə digər xərclərin ödənilməsi üçün də kreditlərin verilməsi nəzərdə tutulur.

Araz Paşayev bildirib ki, Sosial təhsil tələbə kreditinin alınması üçün potensial müraciət həcmi 16 min 800 nəfərdir. Onlardan 12000 nəfəri bakalavriat, 1300 nəfəri magistratura, 3500 nəfəri isə subbakalavriat üzrə təhsil alan tələbələrdir. Qeyd edilib ki, I semestr üzrə təhsil krediti üçün müraciətlərin qəbulu fevralın 15-də başa çatacaq.Yaz semestri üçün kreditlə bağlı müraciətlərin qəbulunun isə fevralın 16-dan etibarən başlanması nəzərdə tutulur.

Araz Paşayev onu da əlavə edib ki, təhsil səviyyəsi üzrə təhsil tələbə krediti almaq hüququnu müəyyən edən tələbə qəbulu imtahanında toplanan ümumi balın minimal həddi dəyişdirilə bilər. Qeyd edək ki, hazırda bakalavr səviyyəsi üzrə ödənişli təhsil alan tələbələr üçün həmin hədd 300-700, magistr səviyyəsi üçün 50-100, subbakalvr səviyyəsi üzrə isə 110-300 bal aralığı müəyyən edilib.





Açar sözlər:

Oxunub: 351