Valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlı fərdi inkişaf planları hazırlanacaq


13:47     16 Fevral 2022 22_02_16_1644963335.jpg

Azərbaycanda valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlı fərdi inkişaf planları hazırlanacaq.

Femida.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı açıqlamada qeyd olunub.

Bildirilib ki, Prezident İlham Əliyevin imzaladığı “Uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması və hüquqlarının müdafiəsinin gücləndirilməsi ilə bağlı bəzi məsələlər haqqında” fərman uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması və hüquqlarının müdafiəsinin gücləndirilməsinə imkan yaratmaqla, uşaq qayğı sisteminin inkişafında yeni mərhələ açır.

Fərmanla himayədar ailə sahəsində dövlət siyasətinin, tənzimləmənin və dövlət nəzarətinin həyata keçirilməsi 2022-ci il noyabrın 1-dən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilir. Eyni zamanda nazirlik himayədar ailə (himayədar valideyn) olmaq istəyən ailələrin (şəxslərin) və himayədar ailəyə verilmiş uşaqların vahid uçotunun elektron qaydada aparılmasını, valideyn himayəsindən məhrum uşaqların onlar üçün müəssisələrdə yerləşdirilməsini, həmin müəssisələri tərk etməsi ilə bağlı qərarların qəbulunu həyata keçirəcək.

Həmçinin sosial dəstək mexanizmlərinin tətbiqi vasitəsilə uşaqların müəssisələrdən ailələrinə qaytarılması və ya himayədar ailəyə verilməsi, eləcə də onların müəssisələrə düşməsinin qarşısının alınması ilə bağlı tədbirlər görəcək. Həmin müəssisələrdə olan uşaqlarla bağlı fərdi inkişaf planları hazırlayacaq.

Himayədar ailə institutu uşaqlara qayğı sisteminin dünyada geniş yayılmış nümunələrindən biri olmaqla, dövlət müəssisələrindəki uşaqların himayədar ailələrə verilməsi ilə ailə mühitində yaşamalarına və bununla onların inkişafına şərait yaradılmasını nəzərdə tutur. Həmin modelin ölkəmizdə də tətbiqinə hazırlıq işləri aparılır. Bu sahədə Nazirlik tərəfindən qabaqcıl dünya təcrübəsi öyrənilir, xüsusilə Türkiyənin bu sahədə təcrübəsindən istifadəyə xüsusi önəm verilir və qardaş ölkə ilə fəal təcrübə mübadilələri aparılıb.

Dövlət başçısının yeni fərmanı himayədar ailə institutunun ölkəmizdə uğurla formalaşmasına şərait yaradılır. Fərmanla bu sahədə normativ hüquqi bazanın təkmilləşdirilməsinə dair təkliflər Nazirlər Kabineti tərəfindən yeddi ay müddətində hazırlanıb dövlət başçısına təqdim ediləcək.

Habelə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi himayədar ailə sahəsində dövlət siyasətini, tənzimləməni və dövlət nəzarətini, bu sahədə idarəetməni həyata keçirməsi ilə əlaqədar 2022-ci il noyabrın 1-dək mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminin təkmilləşdirilməsini təmin edəcək.

Açar sözlər:

Oxunub: 515