Kürdəmirin sabiq icra başçısının apellyasiya şikayəti üzrə məhkəməsi başlayıb


17:33     17 Fevral 2022 22_02_17_1645094046.jpg

Kürdəmir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Ceyhun Cəfərov və digərlərin barələrində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

Femida.az -ın xəbərinə görə, Şirvan Apellyasiya Məhkəməsinin hakimi Elşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası fevralın 21-nə təyin edilib.

Qeyd edək ki, Ceyhun Cəfərov Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Kürdəmir Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat zamanı saxlanılıb.

Aparılan istintaq-əməliyyat tədbirləri ilə müəyyən olunub ki, Ceyhun Cəfərov 16 aprel 2014-cü il tarixdən 20 avqust 2020-ci il tarixədək həmin vəzifədə işləyərkən birinci müavini Tacəddin Novruzov, İcra Hakimiyyəti Başçısı Aparatının Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Natiq Kərimov və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən öz qulluq mövqeyindən istifadə etməklə müxtəlif tabe qurumlara məxsus olan külli miqdarda pul vəsaitlərini mənimsəmiş, rayon ərazisində fəaliyyət göstərən səhiyyə, təhsil və digər dövlət qurumlarından, bir sıra özəl müəssisələrdən külli miqdar təşkil edən pul vəsaitlərini rüşvət qismində almış, habelə həyata keçirilmiş tikinti işləri ilə bağlı verdiyi qanunsuz sərəncamlar nəticəsində torpağın üst münbit qatına ağır nəticəli ziyan vurulmasına səbəb olub.

İş üzrə toplanan sübutlar əsasında Ceyhun Cəfərov, Tacəddin Novruzov və Natiq Kərimova Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma), 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və digər maddələri ilə ittiham elan edilmiş və barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

İstintaq zamanı, həmçinin, yol verdikləri korrupsiya hüquqpozmaları ilə bağlı cinayətkar qruplaşmanın digər üzvləri - Kürdəmir rayonunun Yaşıllaşdırma idarəsinin rəisi Emin Sadıqov, Mənzil İstismar sahəsinin rəisi Sərvər Məmmədov, Kommunal Müəssisələr kombinatının direktoru Məhəmmədəli Surxayev, rayon Mərkəzi Xəstəxanasının direktoru Eynulla Novruzov, həmin tibb müəssisəsinin baş həkimi Məhəmməd Musayev, eləcə də rayonun Təhsil şöbəsinin müdiri Mətləb Allahverdiyev və baş mühasibi Rəcəb Hüseynova 179.3.2 (mənimsəmə külli miqdarda törədildikdə), 313-cü (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham elan edilməklə barələrində həbslə bağlı olmayan qətimkan tədbirləri seçilib.

Cinayət işinin ibtidai istintaqı zamanı vurulan maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilib, xüsusi müsadirəni təmin etmək məqsədilə məhkəmənin qərarı ilə təqsirləndirilən şəxslərə məxsus olan daşınmaz əmlak üzərinə həbs qoyulub.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ceyhun Cəfərov, Tacəddin Novruzov və Natiq Kərimovun hər biri 8 il 6 ay, Eynulla Novruzov, Məhəmməd Musayev, Mətləb Allahverdiyev, Rəsəb Hüseynovun hər biri 8 il üç ay, Emin Sadıqov 4 il, Sərvər Məmmədov 2 il 6 ay azadlıqdan məhrum edilib.

Təqsirləndirlilən Məhəmməd Surxayev isə 3 il müddətinə azadlığın məhdudlaşdırılması şərti ilə 2 min manat cərimə olunub.

Açar sözlər:

Oxunub: 703