Anar Rzayev: "Qardaşımın şirkətinə xüsusi defisit olan icazələrdən biri belə verilməyib"


13:16     18 Fevral 2022 22_02_18_1645168657.jpg

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) rəisi Anar Rzayev qardaşının şirkətinə himayədarlıq etməsi, onu normadan artıq icazə vərəqəsi ilə təmin etməsi ilə bağlı yayılmış məlumatlara münasibət bildirib.

Femida.az xəbər verir ki, o, bu barədə REAL TV-nin efirində danışıb.

"Mən 1996-cı ilin avqustundan 2013-cü ilin avqust ayına qədər Niderlandın "Van der Val Intl. Transport Bakı" şirkətinin baş direktoru vəzifəsində çalışmışam. Amma bu, ofşor şirkət deyil. Yəni Azərbaycanda olan bir şirkət ofşor ola bilməz. 2013-cü ildən akademik fəaliyyətlə məşğul oldum və o vaxtdan bəri mənim bu şirkətlə əməliyyat, maliyyə və digər formada əlaqələrim yoxdur. Sadəcə olaraq qardaşım oranın rəhbəridir. Mən şirkətdən ayrılan vaxtda onun 60-a yaxın avtomobili var idi və kifayət qədər böyük şirkət hesab olunurdu. Bunu hər kəs bilir. İndi istifadə edilən “Daf” avtomobillərini də ölkəyə ilk gətirənlərdən biri biz olmuşuq. Amma hazırda şirkət cəmi 15 maşından ibarətdir. Yəni artıq heç də elə böyük şirkət deyil.

İcazələrinin defisit olan və defisit olmayan hissələri var. Defisit olmayan hissələr Rusiyaya keçməyə icazə vermir. Yəni siz onunla Rusiyaya gedə bilməzsiniz və onun üzərində də möhür vurularaq qeyd edilir ki, “Rusiyaya keçid olmaz”. Bununla ancaq uzaq ölkələrə - Almaniya, Hollandiya, Fransaya gedə bilərsiniz. Həmin şirkət o icazələrdən əldə edib. Keçən il DANX-da o icazələrdən 400-500 ədəd qalmışdı. Hazırda da 100-ə yaxın var.

Qardaşının şirkətinə daha çox icazə verilməsi ilə bağlı iddiaları digər daşıyıcılardan soruşmaq lazımdır. Öyrənin ki, defisit olan icazələrdən heç olmasa biri o şirkətə verilibmi?! Xüsusi defisit olan bu icazələrdən bir dənəsi də deyilən şirkətə ayrılmayıb. Heç onlar da müraciət də etməyiblər. Çünki bu şirkət heç vaxt İrandan daşıma ilə məşğul olmayıb.

İcazələrin defisit olan hissəsinə gəlincə isə hər kəsə paylandığı qədər bu şirkətə də paylanıb. Yəni hər 2 “Avro 6” nəqliyyat vasitəsinə bir defisit icazə verilib. Bütün digər şirkətlər arasında eyni qaydada bölüşdürülüb. Hazırda bu şirkətə cəmi 3 defisit icazə verilib”, - deyə o, qeyd edib.

Açar sözlər:

Oxunub: 646