Vergiləri ödəməkdən yayınan şirkət sahibi barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib


20:14     21 Fevral 2022 22_02_21_1645459146.jpg

Azərbaycanda vergiləri ödəməkdən yayınan “Ağstafa Aqrar Sənaye Kompleksi” MMC-nin Müşahidə Şurasının sədri Rəsul Qardaşxan oğlu Orucov barədə ev dustaqlığı qətiimkan tədbiri seçilib.

Bu barədə Femida.az-a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.

Bildirilib ki, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində “Ağstafa Aqro” MMC-nin təsisçisi olduğu “AK Petroleum İndustrial Company” MMC-nin ümumilikdə xüsusilə külli miqdar təşkil edən vergilər və sığorta haqlarının dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə 2021-ci il aprelin 12-də Cinayət Məcəlləsinin 213.3-cü maddəsilə cinayət işi başlanıb və hazırda istintaq aparılır.

"Həmin müəssisənin fəaliyyətinə faktiki rəhbərlik edən Rəsul Qardaşxan oğlu Orucov istintaqa gəlməkdən boyun qaçırdığından barəsində axtarış elan edilib və bu il fevralın 2-də tutularaq istintaqa təhvil verilib. Rəsul Orucov həmin müəsssisə üzrə ümumilikdə xüsusilə külli miqdar təşkil edən vergilər və sığorta haqlarının dövlət büdcəsindən yayındırılması epizoduna görə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona ittiham elan edilib. Yasamal Rayon Məhkəməsinin 3 fevral 2022-ci il tarixli qərarı ilə Rəsul Orucov barəsində həbs qətimkan tədbiri seçilib və müdafiə tərəfinin vəsatəti əsasında Bakı Apellyasiya Məhkəməsinin 14 fevral 2022-ci il tarixli qərarı ilə onun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilib. Hazırda həmin cinayət işi üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir", - deyə məlumatda vurğulanıb.

Açar sözlər:

Oxunub: 603