Yasamal məhkəməsindən şok qərar: Şəhid bacısına 20 min manat “atan” şəxsi azadlığa buraxıldı


14:56     07 İyul 2022 22_07_07_1657191406.jpg

Birinci Qarabağ müharibəsinin iştirakçısı, şəhid və qazi bacısı Fərəcova Təranə Allahverdi qızı Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Səfərovun çıxarıdğı hökmdən narazıdır. Onun sözlərinə görə, hakim ədalətsiz qərar çıxarıb.

Femida.az xəbər verir ki, ötən il Fərəcova Təranənin ailəvi tanışı, özünü Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevin yaxın qohumu kimi təqdim edən Şahmar Əliyev onlara məcburi köçkünlər üçün tikilən binalarda iki ədəd üç otaqlı ev alacağı barədə söz verərək vəsaitini mənimsəyib.

“İstəyirdik ki, qardaşım və qazi olan qardaşım oğlu qaçqınlar üçün tikilən şəhərcikdə evlə təmin olunsunlar. Bununla bağlı müəyyən instansiyalara müraciət etsək də, müraciətimiz cavabsız qalırdı. Bir gün söhbət əsnasında Şahmar Əliyev dedi ki, mənzil problemini həll edə bilər. Belə ki, Rövşən müəllim onun qohumumdur. Fikirləşdim ki, asan yol seçmişik və problemi həll etmək olar. Mənim yanımda birbaşa Rövşən müəllimə zəng etdi. Dedi ki, sədrin köməkçisi Rövşən Ələkbərovla danışıb, gedir onunla məsələni həll etməyə”.

Şikayətçi bildirib ki, Şahmar Əliyev ondan Masazır qəsəbəsində yerləşən Zəngilan şəhərciyindən və Qobu şəhərciyindən mənzil alacağı ilə bağlı vəd verərək 20 min manat alıb:

“Daha sonra məlum oldu ki, o vəzifədə olan qohumunun adından sui-istifadə edərək məni aldadıb. Hətta Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevlə də görüşdüm. Özü də bildirdi ki, Şahmarı tanısa da, onlar arasında mənzilin verilməsi ilə bağlı heç bir danışıq aparılmayıb”.

Bundan sonra Fərəcova Təranə Yasamal Rayon Polis İdarəsinə müraciət edib. Müraciət əsasında isə Yasamal rayon prokurorluğunda Şahmar Əliyev barəsində cinayət işi açılıb:

“Yasamal rayon prokurorluğunda istintaq düzgün şəkildə aparıldı. Sadəcə Yasamal rayon məhkəməsinin hakimi Hüseyn Səfərovun verdiyi qərardan narazıyam. Məhkəmədə dörd dəfə işə baxılıb. Prokuror Aidə xanım növbəti məhkəmə prosesində bildirdi ki, mənim təqdim etdiyim səsyazıları, videogörüntülər və digər materiallarla sübut olunur ki, Şahmar Əliyev tərəfindən Fərəcova Təranəyə 20 min manat dəyərində maddi ziyan vurulub. Sadəcə olaraq hakim müşavirədən döndükdən sonra təqdim olunan faktları etibarsız hesab etdi.

Təqsirləndirilən şəxs də etiraf edir ki, məndən 20 min manat yox, sadəcə 7 min manat məbləğində pul alıb. Halbu ki, səs yazılarında 10 min manatı müəyyən müddətdən, digər 10 min manatı isə daha sonra ödəyəcəyini etiraf edir. Hakim səs yazılarına və videoçəkilişlərə baxsa da, ədalətsiz qərar çıxarıb. Belə ki, prokuror Şahmar Əliyev barəsində həbs qərarının çıxarılmasını istəsə də, hakim təqdim edilən bütün sübutlara baxmayaraq Şahmar Əliyev haqqında bəraət hökmü çıxarıb.

Mənə dəyən ziyanın ödənilməsini istəyirəm. Bir qardaşım şəhid olub, digər qardaşım qazidir. Vətən uğurunda özümlə yanaşı bütün ailə üzvlərim vuruşub. Lakin hakimin belə ədalətsiz qərar çıxarması məni məyus edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevadan kömək istəyirəm. Hakimin ədalətsiz qərarı nəticəsində mənə dəyən maddi ziyan ödənilmir”.

Açar sözlər:

Oxunub: 587