Kimlərə dənizdə çimmək qətiyyən olmaz? – Boğula bilərsiniz


14:57     25 Avqust 2022 2022/08/65e4e4e0-ee40-11ec-9d35-154e2197c6d8_1661421699.jpg

Hər il çimərlik mövsümü gələndə təəssüf ki, özü ilə bağlı ölümləri, faciələri də gətirir. Yay fəslində az qala iki gündən bir dənizdə boğulmalarla bağlı xəbərlərə rast gəlirik. Bu cür bədbəxt hadisələrə ən çox ehtiyatsızlıq, qaydalara əməl etməmək kimi hallar səbəb olsa da, bəzi şəxslərin səhhətini nəzərə almaması da ölümlə nəticələnə bilir.

Bəs səhhətində hansı problemlər olan şəxslər açıq dənizə girməməlidirlər?

Terapevt Elvira Seydiyevanın sözlərinə görə, aktiv müalicə alanlar, yaşlılar, xroniki xəstəlikləri olan insanlar çimərliyə getməzdən əvvəl mütləq şəkildə həkimlə məsləhətləşməlidirlər:

“Ağır ürək-damar problemləri, böyrək, qaraciyər, aktiv onkoloji xəstəliklərdən əziyyət çəkənlər dənizə girməməlidirlər. Kəskin infeksion xəstəliklər də bu siyahıya daxildir.

Həmçinin dəniz suyu arterial təyziqi yüksək olanlara, yod alergiyasından əziyyət çəkənlərə məsləhət deyil. Dəniz suyu resetivləşən herpes, yəni tez-tez kəskinləşən herpes viruslar, göbələk, sistit kimi böyrək-sidik kisəsi infeksion xəstəlikləri olan insanlara da təhlükə yarada bilər”.

Həkim bildirdi ki, tək dəniz suyuna deyil, günəş şüalarına da diqqət etmək lazımdır. Əsasən də dəri xəstəlik törətdikdə, fotodermatit hallarda, dəri melanoması, ət xalları olduqda günəş şuaları ilə birbaşa təmasdan qaçmaq lazımdır:

“Antibiotik terapiya zamanı bəzi antibiotik qrupları var ki, həmin antibiotiklər dərinin günəş şualarına qarşı həssaslığını artırır. Buna görə də dəridə müxtəlif ləkələr, qızartı, quruluq, qaşıntı kimi problemlər yaranır.
Dəniz suyu təmiz olmadığı üçün müxtəlif infeksion xəstəliklərə yoluxma riski də yüksəkdir. Xüsusən də körpələrə diqqət yetirməliyik, az miqdarda dəniz suyunun udulması, müxtəlif bağırsaq infeksion xəstəliklərinə yol aça bilər. Bu enteoviruslar, rotoviruslar, dizinteriya, xolera kimi xəstəliklər ola bilər. Hətta hepatit A və göbələk xəstəliklərinə yoluxma riski də yüksək olur”.

Terapevt Elvira Seydiyeva onu da söylədi ki, kalsium, maqnezium, vitamin D kimi maddələr çatışmadıqda ayaq əzələlərində gərginlik artır. Bu isə özlüyündə qıcolmalara səbəb olur. Dənizdə bu cür durumla rastlaşmaq ölümlə də nəticələnir. Buna görə də qıcolmaları olan şəxslər analiz verməli, qoyulan diaqnoz üzrə müalicə almalı, daha sonra dənizə getməlidirlər.



Açar sözlər:

Oxunub: 457