Yuxarı mərtəbədən evinizə su axırsa - NƏ ETMƏLİ?


14:55     02 May 2017 11304319_826996700710799_2107778956_n.jpg


“Qonşum başıma su axıdır”

Bu ifadə bina evlərində yaşayan insanların çoxuna yad deyil desək yanılmarıq. Yaxud da qonşusunun mənzilinə su axıtmayan və ya qonşusu tərəfindən mənzilinə su axıdılmayan vətəndaş çətin ki olsun. Uzaq səfərə çıxarkən, müvəqəti evdən ayrılarkən bəzən də elə oturduğunuz yerdə uzun illərdən bəri tanıdığınız qonşunuzun evindən mənzilinizə su axıdılmağa başlayır. Hadisə baş verərəkən ilk işiniz təbii ki, qonşunuzun qapısını döyüb “Salam, qonşu! başımıza su axır”- deyərək şikayətlənirsiz. Problemin qonşunuz tərəfindən həll edilməməsi, etinasız davranması isə məhkəməyə qədər gedib uzanır. Kimi dəymiş ziyanın ödənilməsini, kimi də evinin təmir edilməsini istəyir.

Bəs qonşular başımıza su axıdanda nə etməliyik?

Femida.az belə hallarda hansı tədbirlər görmək lazım olduğunu araşdırıb.

Mövzu ilə əlaqədar olaraq kommunal məsələlər üzrə ekspert, hüquqşünas Ələkbər Ağasıyevlə əlaqə saxladıq.

Hüquqşünas yuxarı mərtəbədəki qonşunun evindən aşağıdakı mənzilə su axıdılması halları baş verdikdə, öncə problemin mənbəyini müəyyən etməyi deyir.

“Əgər problemin kökü qonşudan qaynaqlanırsa, hər halda normal münasibəti saxlamaq, kompramis üçün uyğun nöqtəni tapmağa çalışmaq daha yaxşı olardı. Artıq mənzilinizə su axıdılıbsa, ilk əvvəl qonşuya danışıb və vurulmuş ziyanı məhkəmədən kənar qaydada könüllü ödəməsini təklif etmək lazımdır. Zərərin daha düzgün qiymətləndirilməsi məqsədilə qiymətləndirimə ekspertlərinin köməyindən istifadə edilsə daha yaxşı olar”.

Hüquqşünasın sözlərinə görə, əgər qonşu ilə qarşılıqlı söhbət nəticə verməsə Mənzil İstismar İdarəsinə müraciət etmək lazımdır:

“Mənzil İstismar İdarəsinin əməkdaşları baş verən hadisəni qeydiyyata alır, Akt tərtib edirlər. Gələcəkdə məhkəməyə müraciət edəcək şəxs iddia tələbində dəlillərini sübut etmək üçün həmin aktın tərtibi əhəmiyyət kəsb edir və bu rəsmi sübutdur. Əgər problem həll edilməsə, o zaman vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək olar”.

Bəzən məhkəmədə tərəflərdən biri zərərin daha böyük olduğunu iddia edir, qarşı tərəf isə zərərin məbləğini daha da aşağı salmağa çalışır. Ələkbər Ağasıyev bu cür halların yaşanmaması üçün zərər dəymiş otağın şəkillərini çəkməyi tövsiyyə edir. Çünki, məhkəmə zamanı bu şəkillər problemin həllində köməklik göstərir.

Hüquqşünasın sözlərinə görə, əgər məhkəmə qətnaməsi çıxarılandan sonra zərər vuran şəxs dəymiş zərəri ödəməkdən imtina etsə, bu zaman cinayət işi açıla bilər.

Oğuz Altay
Femida.az

Açar sözlər:

Oxunub: 5742