Dələduz qadın yenidən həbs edildi


00:17     18 Fevral 2016 846516_0.jpg


Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Nərgiz Məmmədovanın həbsi üçün Baş Prokurorluğun verdiyi şikayət üzrə məhkəmə prosesi yekunlaşıb.


Lent.az-ın məlumatına görə, hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçən prosesdə qərar elan edilib. Qərara görə, prokurorluğun protesti təmin edilib və hökmdən Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi xaric edilib. Nərgiz Məmmədova məhkəmə zalındaca həbs edilib.
Qeyd edək ki, o, TQDK-nın ali məktəblərə təşkil etdiyi test imtahanlarından kənar tələbə qəbul etdirməkdə təqsirli bilinib. Nərgiz Məmmədova 2007-ci ildə Rüfət Şərifovu Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul etdirmək adı ilə aldadıb ondan 23 min manat almaqda ittiham edilib. Nərgiz Məmmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə təqsirləndirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nərgiz Məmmədovanın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. 8 il 6 ay müddətinə cəza alan Nərgiz Məmmədovanın cəzası şərti hesab olunub və o, məhkəmə zalından azadlığa buraxılıb. Hökmdən narazı qalan Baş Prokurorluq apellyasiya protesti verib.

Açar sözlər:

Oxunub: 1185