İnqilabın cəmiyyətlərə ziyanı


02:57     12 Aprel 2015 asif%20eminov.jpg

Asif Eminov

Bir çox ölkələrdə mövcud hakimiyyəti bəyənməyənlər çoxdur. Bunlar əsasən korrupsiya, anti-demokratik addımlar, işsizlik, aclıq, kasıblıq və s. kimi problemlərə görə etiraz edirlər və bütün günahı atırlar mövcud hakimiyyətin boynunda. Sonra isə inqilab etməyə, mövcud hakimiyyəti devirməyə çalışırlar. Bununla hər şeyin yaxşı olacağını düşünürlər.


Amma son illər inqilablar baş verən ölkələri nəzərdən keçirsək görərik ki, nəticə olaraq həmin ölkələrdə inqilaba qədərki sabitlik pozulur, vətəndaş müharibələri nəticəsində insanlar həlak olur, infrasturkturda ciddi dağıntıların yaranmasına, bütünlüklə ölkənin dağılmasına, iqtisadiyyatının çökməsinə gətirib çıxardır. Nəticədə hər iki tərəf itirir.

Bu kimi hallar, tarixə nəzər salsaq, hər zaman olub. Lakin son illər baş verən inqilablara nəzər salaq. Ərəb ölkələrində baş verən inqilablarda nə qazanıldı? Ölkə infrastrukturu dağılaraq dövləti milyardlarla dollar borca salır, insanlar həlak olur, işsizlik, aclıq yüksək həddə çatır. Ölkədə xaos yaranır. Sanki onillərdir qurulan ölkə birdən-birə dağılır və müflis olub, təzədən ayağa qalxmaq istəyir. Bundan isə ən çox xalq əziyyət çəkir. Dünənə kimi yaxınları yanında idisə, bu gün vətəndaş müharibəsində qohumlarını itirir, dünənə kimi bir tikə çörəyi var idisə, bu gün onu da tapa bilmir. Dünənə kimi hansısa bir işlə başını qatırdısa, indi həmin işi də bağlanır və s.

Liviya, Suriya, İraq... Bu ölkələrdə baş verən inqilablar ölkənin özünə, əhalisinə nə qazandırdı? Onlarda indi də vətəndaş müharibəsi gedir. Minlərlə insan həlak olub, ölkə xarabalığa çevrilib. Yəni qazanılan heç nə yoxdur. Əksinə, olan-qalan varlıqlarını, mövcudluqlarını da toplu halda itirirlər. Hər gün daha çox. Qazanan ancaq xarici qüvvələr olur. “Sizə ölkəni yenidən qurmağa kömək edəcəyik” adı ilə, ölkənin, əhalisinin müflisləşməsini gözləyirlər. Sonra isə kömək adı ilə ölkəyə milyardlarla borc verib, özündən asılı edir. 5-10 ildən sonra ölkə bir az ayağa qalxan kimi olur bu işdə ona kömək edən ölkənin qulu. Ondan asılı vəziyyətə düşür. Və bütün qazanclarını həmin ölkə idarə etmiş olur. Bu üsuldan daha çox ABŞ istifadə edir. Özü də inqilablar yolu ilə.

Bu gün bütün dünyanın diqqət mərkəzində olan Ukraynanı misal çəkəcəyəm. Ukraynadakı avropapərəstlər ölkədə inqilab etdi, hakimiyyəti ələ aldı. İndi ölkənin 69 milyard dollar borcu var. Milli iqtisadiyyat 20%-ni itirib. Ümumi Daxili Məhsul 6%-dən çox azalıb. Ölkədə vətəndaş müharibəsi indi də davam edir. 20 mindən çox insan həlak olub. Milyonlarla insan işsiz, ac-susuz qalıb. Ölkəni tərk edənlərin sayı durmadan artır. Ölkə müflisləşmək həddindəndir. Ancaq Qərbdən borc ala-ala ayaqda qalır. Amma bir fikirləşin. Viktor Yanukoviçin dövründə Ukrayna belə idimi? Xeyr. Xalq başını aşağı salıb, özünü dolandıra bilirdi. Ölkə səviyyəsində kiçik görünəcək problemləri provokasiya nəticəsində qabadardaq, inqilablar edib nə qazandılar? Bəs nə itirdilər?

Digər tərəfdən, maraqlı bir fenomen ortaya çıxır. Bu inqilabları edən insanlar ən çox demokratiyanı əldə bayraq edirlər. Lakin o cür ölkələrdə olan hakimiyyət əgər dünənə kimi demokratik addımlar atırdısa, bu gün mövcud sistemin dağılmaması üçün daha da totalitarlaşır. Dünənə kimi azad sözünu ifadə edəndə heç kim dəyib toxunmurdusa, inqilab təhlükəsindən sonra bir çox qadağalar meydana gəlir. Misal üçün, Ukraynanın özündə demokratiyadan danışıb, inqilab edənlər bu gün həmin ölkədə Rusiyanın tərəfini saxlayanları ciddi təhdid edir, bir neçə il iş verir, cəza tətbiq edir. 

Və yaxud, Rusiyanın özünü götürək. Dünənə kimi Rusiya dövlətinin əksinə danışanları problem yaratmırdısa, bu gün xalq düşməni hesab edilir. Dünyanın Rusiyaya qarşı təzyiqlərindən sonra kanallarda xarici dildə mahnılara, kinolara qadağa qoyulur və s. Nəticədə totalitar-avtoritar rejimin yaranmasına gətirib çıxarır.

Biz nə etməliyik? Çıxış yolu sabitliyi pozmadan, sivil yolla mövcud hakimiyyətlə dil tapmaq və problemlərin həlli yolunda birgə addımlamaqdır. Hakimiyyətlə əlbir işləyib, zamanla problemiləri həll etmək lazımdır. Moskva bir günə tikilməyib. Nə də indi tanıdığınız Norveç. Azərbaycan da 10 il əvvəki Azərbaycan deyil. 10 il əvvəlki bir çox problemlər həll olunub və hər gün müxtəlif problemlər qaldırılır və həll yolları axtarılır. İndi biz nə edək ki, indiki Norveç səviyyəsində bir ölkədə yox, 100 il əvvəlki Norveçdə doğulmuşuq? Durub, dağıdıb, hər şeyi yenidən qurmaqmı? 20-25 ildə qazandığımız sıfıra endirib, 20 il geriyə düşməkmi?

Açar sözlər:

Oxunub: 1152


Oxşar xəbərlər