AMEA-da tanınmış azərbaycanlılarla bağlı müsabiqə


21:21     07 Mart 2016 amea2.jpg

Azərbaycan Milli Elmlər Akademiyası 2016-cı il üçün Nəsirəddin Tusi, Həsən bəy Zərdabi, Üzeyir Hacıbəyli, Mirəsədulla Mirqasımov, Yusif Məmmədəliyev, Musa Əliyev və Abbasqulu ağa Bakıxanov adına mükafatları üzrə müsabiqə elan edib.


AMEA-dan Femida.az-a verilən məlumata görə, müsabiqənin keçirilməsində məqsəd elmin inkişafına böyük töhfələr verən və mühüm nailiyyətlər qazanan alimləri daha yüksək səviyyəli tədqiqatlar aparmağa həvəsləndirmək, eləcə də Azərbaycanın bir sıra alim və mütəfəkkirlərinin xatirəsini əbədiləşdirməkdir.

AMEA-nın adlı mükafatları öz əsasnamələrinə uyğun olaraq müvafiq elm sahələri üzrə mühüm əhəmiyyətli fundamental və tətbiqi elmi nəticələrə, əsərlərə, kəşflərə və ixtiralara görə verilir.

Mükafatlara namizədlər AMEA-nın həqiqi və müxbir üzvləri, AMEA-nın elmi bölmələri, elmi-tədqiqat və ali təhsil müəssisələrinin elmi şuraları, elmi cəmiyyətlər, nazirlik və dövlət komitələri yanında fəaliyyət göstərən elmi-texniki şuralar tərəfindən irəli sürülə bilər.

Namizədlərin irəli sürülməsi ilə bağlı aşağıdakı sənədlər 2016-cı il martın 18-dək AMEA-nın Elm və Təhsil İdarəsinə (Bakı ş., İstiqlaliyyət küç., 30, otaq 502) təqdim edilməlidir:

- namizədin irəli sürülməsi haqqında təqdimat (təqdimatda irəli sürülmüş namizədin elmi fəaliyyəti haqqında ümumi məlumat, müsabiqəyə təqdim olunan elmi nailiyyətin elmi-praktiki əhəmiyyəti barədə əsaslandırılmış ətraflı məlumat öz əksini tapmalıdır);

- namizədin elmi əsərlərinin təsdiq olunmuş siyahısı;

- kadr uçotu üzrə şəxsi vərəqə;

- 2 ədəd fotoşəkil (6x9 sm.);

- ali təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin təsdiq olunmuş surətləri;

- tərcümeyi-hal;

- şəxsiyyət vəsiqəsinin surəti;

- əlaqə telefonları.

Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsis edilən dövlət mükafatlarına və digər adlı dövlət mükafatlarına layiq görülmüş işlərin müəlliflərinin həmin işlərə görə AMEA-nın adlı mükafatlarına namizəd kimi irəli sürülməsinə yol verilmir.

Açar sözlər:

Oxunub: 669