Göygöldəki dəhşətli qətlin üstü açıldı - RƏSMİ


00:19     08 Mart 2016 qetl9.jpg

Göygöl rayonunun polis və prokurorluq əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cari ilin fevralında qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü açılaraq təqsirkar şəxslər cinayət məsuliyyətinə cəlb ediliblər.



Femida.az Baş Prokurorluğun mətbuat xidmətinə istinadən xəbər verir ki, martın 2-də Göygöl rayonunun Axarca kəndi ərazisindəki meşə massivində insan cəsədinin basdırılması barədə Göygöl Rayon Prokurorluğuna daxil olmuş məlumat əsasında meyit aşkarlanaraq basdırıldığı yerdən çıxarılıb. İstintaq-əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, bu, Gəncə şəhər sakini, 1964-cü il təvəllüdlü Eldar Əliyevdir.

Faktla bağlı dərhal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İstintaqla müəyyən edilib ki, Balçılı kənd sakini Cavid Cəfərov tanışı Eldar Əliyev ilə aralarında borc pulla bağlı yaranmış narazılığa görə həmkəndliləri Qoçu Kərimov və Aqil Rüstəmov ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında onu öldürməyi razılaşıblar. Onlar bu məqsədlə fevralın 15-də iki ədəd bel, bir ədəd dəmir ling və bir külüngü sonuncunun idarə etdiyi avtomobillə Axarca kəndi ərazisinə gətirib meşəlikdə gizlədiblər.

Bundan sonra, fevralın 25-də saat 18 radələrində C.Cəfərov E.Əliyevi nahar etmək adı ilə A.Rüstəmovun idarə etdiyi avtomobillə rayonun Balçılı kəndində yerləşən “Nurəddin bulağı” adlanan əraziyə dəvət edib. Burada yeyib içdikdən sonra sərxoş vəziyyətdə olan C.Cəfərov ilə E.Əliyev arasında yaranmış mübahisə zamanı C.Cəfərov çəkiclə E.Əliyevin təpə nahiyəsinə iki dəfə vuraraq öldürüb və meyitini birlikdə A.Rüstəmovun idarə etdiyi avtomobilin yük yerinə qoyub Axarca kəndi istiqamətinə aparıblar.

Avtomobil nasaz vəziyyətə düşdüyündən meyiti oraya çağırılmış tanışları Xəyal Məmmədovun idarə etdiyi avtomobillə Axarca kənd ərazisindəki meşəlik sahəyə aparıb basdırıblar.

İş üzrə Cavid Cəfərov, Aqil Rüstəmov və Qoçu Kərimov Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə), Xəyal Məmmədov isə həmin məcəllənin 307.3-cü (qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Açar sözlər:

Oxunub: 1399


Oxşar xəbərlər