Nazim Hikmətin azərbaycanlı oğulluğu ilə bağlı maraqlı FAKTLAR


15:05     15 Yanvar 2018 img1204958.jpg


Bu gün tanınmış türkiyəli şair Nazim Hikmətin doğum günüdür. Dünyaca tanınmış şəxsiyyət olan şairin anadan olmasından 116 il ötür.


Çox adama bəlli olmasa da, onun həyatında Azərbaycanla bağlı önəmli bir nüans olub. Belə ki, şair vaxtilə azərbaycanlı bir uşağı övladlığa götürüb. Söhbət Azərbaycanda tanınmış mütəxəssis, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) “Azalternativenerji” MMC-nin Texnologiya şöbəsinin baş mütəxəssisi vəzifəsində çalışmış Çingiz Fərəcovdan gedir.

Təəssüf ki, hazırda Çingiz bəy də həyatda deyil. O, vaxtilə atalığı haqqında Türkiyə TV-lərindən birinə maraqlı açıqlamalar verib.

Həmin müsahibədən bəzi hissələrini oxuculara təqdim edirik:

Hər şey müəllimin verdiyi o kağızla başladı...

10 yaşında Nazim Hikmətlə qarşılaşan Çingiz Fərəcovun həyat hekayəsi acınacaqlı olduğu qədər, həm də böyük bir şəxsiyyət haqqında bilinməyən tərəfləri göz önünə qoyur.

Çingiz Fərəcov körpə vaxtlarında Azərbaycan Respublikasının Füzuli rayonunda uşaq evinə verilir. Digər uşaqlar kimi Çingiz də 10 yaşına qədər acınacaqlı həyat sürür. Bir gün müəllim ona yaxınlaşaraq üzərində şeir yazılmış bir kağız verir. Müəllim Çingizə tapşırır ki, həmin şeri əzbərləsin. O vaxta qədər nə Türkiyə, nə də Nazim Hikmət haqqında heç nə eşitməyən Çingiz 1952-ci ilin iyununda Nazim Hikmətin qarşısına çıxır və bu şeiri əzbərdən söyləyir. Nəticədə, Nazim Hikmət Çingizi övladlığa götürür. Hazırda 61 yaşı olan Çingiz Fərəcov Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyində çalışır.

1952-ci il, Nazim Hikmətə onun şeirini oxuyur...

Çingiz Fərəcov uşaqlıq xatirələrini danışdı:

“1952-ci ildə 10 yaşlı bir uşaq idim. Fizuli rayonunda uşaq evində qalırdım. Həmin dövrdə hər uşaq evindən 100 uşaq Moskvaya aparılmalı idi. Məni də bu qrupa daxil etdilər. Əvvəlcə Bakıya gəldik, konfrans salonunda Nazim Hikmətin əzbərdən bildiyim şeirini oxudum. Hamı alqışladı. Sonra Moskvaya yola düşdük. Mənə deyildi ki, sabah tanınmış yazarlarla görüşəcəyik. Hətta Stalin də həmin görüşdə ola bilərdi. Çox həyəcanlandım. Görüş zamanı Nazim Hikmətin şeirini oxudum. Çox bəyənildi”.

“Uzun boylu, qıvrım saçlı biri ...”

“Qısa müddət sonra yetimxana Şuşaya köçürüldü. Müəllimlərim mənə yaxınlaşıb dedilər ki, Nazim Hikmət məni övladlığa götürmək istəyir, Rusiyada oxuyub təhsil almağın üçün şərait yaradacaq. Məndən razı olub-olmadığım soruşuldu. Mən isə tərəddüdsüz razı olduğumu bildirdim. Müəllimimlə birlikdə Moskvaya gəldik. Bizi Nazim Hikmət qarşıladı. Mənimlə çox yaxşı davranırdılar. Həyatım bir şeirlə dəyişmişdi. Mənə oyuncaq əşyalar verildi. Sanki, yuxuda idim”.

“Suya nifrət eləyərdi”...



“Ona su ilə işgəncə verildiyinə görə Nazim Hikmət suya nifrət eliyərdi. Bir gün belə yuyunduğunu görmədim. Buna görə də arvadı Qalina ilə daima mübahisə edərdi. Qalina həkim idi və çox yaxşı qadın idi. O, Nazim Hikməti xiyar losyonu ilə təmizləyərdi”.

“Nazim əmi mənə şillə vurdu...”

“Rusiyaya adaptasiya oluna bilmirdim. Rusca da danışa bilmirdim. Azərbaycana qayıtmaq istəyirdim. Bir dəfə Nazim əmi ilə Qalina mübahisə edirdi. Mübahisəyə qonşular da gəldi. Bu zaman Nazim əmi mənə şillə vurdu. Artıq qəti şəkildə qərar verdim ki, Azərbaycana qayıtmalıyam. Əvvəlcə qatar ilə Bakıya gəldim, sonra Şuşaya yollandım. Nazim əmi məni heç vaxt unutmadı. Mənə hədiyyələr göndərərdi. Bir neçə dəfə onunla Bakıda görüşümüz də oldu. Nazim əmi öləndə Moskvaya getdim, onu “Novaya Devici” mzarlığında dəfn etdilər. O, mənə demişdi ki, ən böyük arzusu Türkiyəyə qayıtmaq olub. Sonra bildirmişdi ki, bu arzusuna çatmasa belə, məzarının Türkiyədə olması da onun üçün yetər”.

Ceyhun Əhmədli

Femida.az

Açar sözlər: Nazım   Hikmət   şair   Türkiyə   Azərbaycan    

Oxunub: 6481