Ərinin qətlində günahlandırılan qadın: “Qatil başqasıdır”


21:43     11 Mart 2016 hebs_qadin_22220.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə ittiham olunan Xalidə İsgəndərovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.



Femida.az -ın Virtualaz.org saytına istinadən məlumata görə, prosesə hakim Əfqan Hacıyev sədrlik edib.

Prosesdə dövlət ittihamcısı Fərid Naqıyev ittiham aktını elan edib. İttihama görə, X.İsgəndərova 1 sentyabr 2014-cü ildə yaşadığı evdə həyat yoldaşı Füzuli İsgəndərovu coxsaylı bıcaq zərbələri ilə qətlə yetirib. F.İsgəndərov kəskin qanitirmədən dünyasını dəyişib.

Bu səbəbdən də, X.İsgəndərovaya qarşı CM-nin 120.2.4-cü maddəsi ilə ittiham irəli sürülüb.

Təqsirləndirilən X.İsgəndərova məhkəmədə ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. O, istintaqda dəfələrlə ifadə verdiyi ücün artıq susmağı üstün tutduğunu deyib: "Mənim heç bir təqsirim yoxdur. Suallara cavab verməyəcəyəm. Bir Allah şahiddir ki, mənim günahım yoxdur. Hər şeyi Allah görür. Bu işlə bağlı dərindən araşdırma aparsaydınız, yaxşı olardı. Mən qatil deyiləm. Qatili axtarıb tapsınlar".

Məhkəmə prosesi aprelin 8-də davam etdiriləcək.

Xatırladaq ki, sözügedən qətl hadisəsi 2014-cü il sentyabrın 1-də Babək prospekti, ev 17 ünvanında baş verib. 1964-cü il təvəllüdlü Füzuli İsgəndərov evin həyətində, qarajın yanında qətlə yetirilib. Qatil ev sahibinə 19 bıçaq zərbəsi vurduqdan sonra onun boğazını kəsib. Hadisə baş verən gün evdə F.İsgəndərovun həyat yoldaşı Xalidə İsgəndərova olub.

İlkin dindirilmə zamanı qadın cinayətkarın ona hücum elədiyini və boğmağa çalışdığını bildirib. O, ilkin ifadəsində cinayətkarın maskasını çıxararaq öldürməməsi üçün yalvarıb, evdə olan qızılları və pulları verəcəyini deyib. Qadını sağ buraxan cani hadisə yerindən qaçıb...

İstintaqın gəldiyi nəticəyə görə isə F.İsgəndərov elə öz həyat yoldaşı tərəfindən qətlə yetirilb. Bakı Şəhər Prokurorluğu və Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı hadisənin mərhumun həyat yoldaşı Xalidə İsgəndərova tərəfindən törədildiyi məlum olub. Hadisədən 8 ay sonra Xalidə İsgəndərova şübhəli şəxs qismində saxlanılıb.

Qeyd edək ki, qətlə yetirilən Füzuli İsgəndərov uzun illər Daşınmaz Əmlak üzrə Dövlət Reyestri Xidmətinin rəis müavini vəzifəsində işləyib.

Bir müddət əvvəl sözügedən cinayət işi ilə bağlı keçirilən məhkəmə prosesində hakim cinayət işi üzrə kobud qayda pozuntularının qeydə alınmasını əsas gətirərək işin istintaqa qaytarılması ilə bağlı qərar çıxarmışdı.

Onu da xatırladaq ki, mərhum F.İsgəndərov sabiq maliyyə naziri Əvəz Ələkbərovun xalası oğlu olub.

Açar sözlər:

Oxunub: 2336