ŞƏT-ə üzvlük nələri vəd edir? - ŞƏRH


17:30     18 Mart 2016 elmar%20m1.jpg

“Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov martın 14-də Çinə səfər etdi. Məmmədyarovun səfərinin məqsədi Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) baş katibi Raşid Alimovla görüşmək idi. Görüşdə Azərbaycana rəsmi tərəfdaş statusunun verilməsi ilə bağlı memorandum imzalandı. Azərbaycanla yanaşı Ermənistan, Nepal və Şri Lankaya dialoq üzrə tərəfdaş statusunun verilməsi ilə bağlı qərar ötən ilin iyulunda Rusiyanın Ufa şəhərində qəbul edilmişdi”.


Bu sözləri Femida.az-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlu deyib.

Analitikin hesab edir ki, rəsmi Bakı Şanxay Əməkdaşlığı Təşkilatına üzv olan dövlətlərin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyəcəklərinə ümidlidir:

“İmzalanan sənəd Azərbaycana təşkilatla dialoqa başlamağa imkan yaradır. Dialoq üzrə tərəfdaş statusu Azərbaycana təşkilatın çoxplanlı və çoxtərəfli fəaliyyətinə qoşulmağa imkan verəcək. Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatına Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan daxildir. Müşahidəçi statusu alan ölkələr isə Belarus, Monqolustan, Hindistan, İran, Pakistan və Əfqanıstandır. Təşkilatın 2016-cı ildə sammiti 23-24 iyun tarixlərində Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək. Beləliklə, Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində bütün layihələrdən xəbərdar olacaq və qarşılıqlı istək əsasında həmin layihələrdə iştirak edəcək.

Şanxay Əməkdaşlıq Təşkilatının aparıcı dövləti Çindir. Ona görə rəsmi Bakı bu dövlətlə əməkdaşlığın genişləndirilməsinə xüsusi əhəmiyyət verir. Prezident İlham Əliyev 11 dekabr 2015-c ildə Çinə rəsmi səfəri zamanı iki ölkə arasında iqtisadi əməkdaşlıq mövzularıyla yanaşı Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq məsələsini də müzakirə etmişdi. Həmin səfər zamanı Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığını genişləndirməsi qərarı verilmişdi.
Birincisi, İlham Əliyev Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə Bakıdakı son görüşündə nəqliyyat dəhlizlərindən danışarkən, bu layihələrin işlək olması üçün Azərbaycanın və Türkiyənin Çinlə əməkdaşlığını genişləndirməsi vacibliyini bildirmişdi. Bu sırada Bakı-Tiflis-Qars dəmir yolu böyük əhəmiyyəti daşıyır. Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan İlham Əliyevlə martın 15-də Ankarada keçirdiyi görüşdə bildirdi ki, Bakı-Tiflis-Qars dəmiryolu 2016-cı ilin dekabr ayında tamamlanmalıdır. Bu dəmir yolu Çinlə yanaşı Şanxay Əməkdaşlıq Təşkilatının digər üzvü olan Mərkəzi Asiya ölkələrinin marağına səbəb olmalıdır. Bu ölkələr öz mallarını Türkiyə və Avropaya Bakı-Tiflis-Qars dəmir yolu ilə daşıya biləcəklər. Bu faktorun özü gələcəkdə Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatındakı rolunu artıracaq.


İkincisi, Xəzərin Ələt sahilində bölgənin ən böyük limanlarından biri inşa olunub. Limanın genişləndirilməsi işləri davam edir. Rəsmi Bakı Ələtdəki limanı Xəzər dənizinin ən böyük və modern limanı etmək istəyir. Bunun üçün Dubay nümunəsindən istifadə olunur. Dəniz limanında azad iqtisadi zona da yaradılacaq. Çin və Mərkəzi Asiya ölkələri Ələt limanına yük daşımaqla yanaşı, buradakı azad iqtisadi zonada məhsul istehsalına da başlayıb dəmir yolu ilə Avropa ölkələrinə ixrac edə biləcəklər. Beləliklə, Ələt limanı gələcəkdə Şanxay Əməkdaşlıq Təşkilatının əsas logistik mərkəzlərindən birinə çevrilə bilər.

Üçüncüsü, rəsmi Bakı Şanxay Əməkdaşlığı Təşkilatına üzv olan dövlətlərin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyəcəklərinə ümidlidir. Məsələ burasındadır ki, Ermənistan Şanxay Əməkdaşlıq Təşkilatında dialoq üzrə tərəfdaş statusunu Azərbaycandan əvvəl alıb. Rəsmi Bakını bu təşkilatla əməkdaşlığı genişləndirməyə məcbur edən səbəblərdən biri də məhz bu idi. Ermənistanın Azərbaycanın üzv olmadığı təşkilatlarda Azərbaycan əleyhinə təbliğat aparır. İrəvan Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində də bu siyasətini davam etdirəcəyinə ümidli idi. Ancaq İrəvanın planlarını Bakı pozdu və Azərbaycan da Şanxay Əməkdaşlıq Təşkilatında Ermənistanla eyni statusa malik oldu. Digər tərəfdən Şanxay Əməkdaşlıq Təşkilatı iqtisadi və ticarət əməkdaşlığına daha çox üstünlük verir. Buna görə də Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatındakı rolu Ermənistanın rolundan üstün olacaq.

Dördüncüsü, gələcəkdə Türkiyənin də Azərbaycan kimi Şanxay Əməkdaşlıq Təşkilatında dialoq üzrə tərəfdaş statusu alması mümkündür. Türkiyənin prezidenti Rəcəb Təyyub Ərdoğan əvvəlki illərdə bu haqda fikir bildirmişdi. Ancaq Rusiya-Türkiyə münasibətlərinin pozulması Ankaranın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlük məsələsini arxa plana keçirtdi. Ancaq mümkündür ki, Ankaraya gələcək illərdə yenidən bu mövzunu gündəmə gətirsin. Çünki, Azərbaycanla Türkiyəni nəqliyyat və enerji layihələri biləşdirir və Ankaranın Çin və Mərkəzi Asiya ölkələri sıx iqtisadi və ticarət münasibətləri var. Ona görə də Türkiyə-Rusiya münasibətlərin normallaşması mərhələsinə qədəm qoyan kimi Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına inteqrasiyası aktuallaşacaq. Türkiyənin bu təşkilatda varlığı Azərbaycan üçün də vacibdir”.

Femida.az

Açar sözlər:

Oxunub: 1477


Oxşar xəbərlər