ABŞ-dan Rusiyaya mesaj: “O heç vaxt sizin olmayacaq!”


14:42     20 Mart 2016 abs_rus.jpg

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Samanta Pauer Krımın Rusiya tərəfindən ilhaqının ikinci ildönümündə ukraynalılara video-müraciət edib.


Publika.az xəbər verir ki, amerikalı diplomat Krımda Rusiyanın keçirdiyi “referendum”un saxta nəticələrinin ABŞ tərəfindən heç vaxt tanınmayacağını bildirib.

“Bu haqsızlığın nəticələrini Krımda yerli hakimiyyəti tənqidə qorxan insanlar üzərində hiss edirlər. Tatarlar rahat şəkildə öz mədəniyyətini yaşada bilmirlər. Birləşərək öz hüquqlarını müdafiə edənlərin çoxu köçürülüb, başqaları ölüm təhdidi altında yaşayırlar. Bu haqsızlıq Krımın qanunsuz işğalının davam etdiyi hər gün qeydə alınır”, - Pauer deyib.

O, ABŞ-ın iki il əvvəl Birləşmiş Millətlər Təşkilatında 100-dən çox ölkəni səfərbər etdiyini xatırladıb: “Onlar səsvermə ilə Rusiyaya çox aydın şəkildə dedilər ki, saxta referendumu və işğal faktını Birləşmiş Millətlər Təşkilatı heç vaxt tanımayacaq. Biz bunu olduğu kimi - beynəlxalq hüququn pozulması və Birləşmiş Millətlər Təşkilatının nizamnaməsinə məhəl qoymama kimi - qəbul edəcəyik. Siz özünüzə tarixi danışa bilərsiniz ki, Krım sizindir, amma o heç vaxt sizin olmayacaq”.

Pauer vurğulayıb ki, Ukrayna suveren dövlətdir və onun ərazi bütövlüyü müqəddəsdir: “Biz heç vaxt təslim olmayacağıq. Yalnız xəritənin dəyişməyəcəyindən söhbət getmir. Krım xalqına sədaqətimiz heç vaxt dəyişməyəcək”.

Xatırladaq ki, martın 16-da da ABŞ Dövlət Departamenti Krımın Rusiya tərəfindən ilhaq olunmasının ikinci ildönümü ərəfəsində verdiyi bəyanatında Rusiyanı Krımı Ukraynaya qaytarmağa çağırıb.

“Biz XXI əsrdə sərhədlərin güc yolu ilə yenidən çəkilməsini qəbul etməyəcəyik. İşğal davam etdiyi müddətdə sanksiyalar qüvvədə qalacaq. Biz Rusiyanı işğalı dayandırmağa və Krımı Ukraynaya qaytarmağa çağırırıq”, - Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi deyib.

Qeyd edək ki, 2014-cü il martın 16-da Krımda muxtar respublikanın statusu haqqında referendum keçirilib. Rusiya tərəfinin açıqladığı rəqəmlərə görə, əhalinin 90 faizindən çoxu Ukraynadan ayrılmaq və Rusiyaya birləşmək üçün səs veriblər. Martın 18-də isə Ukraynanın Krım regionu və Rusiya Krım və Sevastopol şəhərinin Rusiyanın tərkibinə daxil olması haqqında saziş imzalayıblar. Qərb bu hadisəni işğalın rəsmiləşdirilməsi hesab etsə də, Moskva hər şeyin yarımada əhalisinin iradəsi və beynəlxalq normalara, o cümlədən BMT-nin nizamnaməsinə uyğun baş verdiyini bildirir.

Açar sözlər:

Oxunub: 2068