Vəkil, yoxsa nümayəndə? – ARAŞDIRMA


18:38     09 Avqust 2016 VEKILLER.jpg

Mübahisələr zamanı ədalətin qələbə çalmasında vəkillərin rolu xüsusi olaraq vurğulanmalıdır. Belə bir deyim var: “Yaxşı vəkil hüququn, mükəmməl vəkil isə ədalətin carçısıdır....”


Vətəndaşlar da pozulan hüquqlarının bərpa olunması üçün daima mükəmməl vəkil axtarışında olurlar. Mükəmməl vəkili tapmaq isə vətəndaşlara elə də asan başa gəlmir.

Azərbaycanda vəkillərin birləşdiyi vahid bir qurum var. Bu qurum Vəkillər Kollegiyası adlanır. Ölkəmizdə vəkil adı qazanmaq istəyən hüquqşünaslar mütləq bu quruma üzv olmalıdır. Vəkillər Kollegiyasına üzv olan hüquqşünas faktiki olaraq, məhkəmələrdə vətəndaşı müdafiə etmək hüququna sahib olur. Vətəndaş vəkilə ehtiyac olduqda bu quruma üz tutur və hər hansı işlə bağlı öz vəkilini seçir.

Bəzi hallarda vətəndaşlar vəkil sanıb güvəndiyi dələduz nümayəndələrin qurbanı olur. Lakin elə nümayəndələr də var ki, öz müvəkkilini məhkəmələrdə layiqincə müdafiə edə bilirlər. Günün reallığı ondan xəbər verir ki, nümayəndə qismində hüquq xidmətləri göstərən şəxslər heç də müştəri qıtlığı çəkmir. Yəni kifayət qədər vətəndaş var ki, həmin nümayəndələrə müraciət edir və bir çox hallarda işin nəticəsindən də razı qalırlar.

Sual yaranır:

Vətəndaşlar niyə vəkillərə yox, müstəqil fəaliyyət göstərən nümayəndələrə (hüquqşünaslara) üz tuturlar?


Sualla bağlı Femida.az-a danışan vəkil Asif Abdullayev ilk öncə vəkil və nümayəndənin fərqini şərh etdi:

“Məsələyə aydınlıq gətirmək üçün, ilk növbədə vəkil və nümayəndəni (kollegiyanın üzvü olmayan istənilən) ayırmaq lazımdır. Vəkil yalnız o şəxslərdir ki, qanunla müəyyən edilmiş qaydada Vəkillər Kollegiyasına üzv qəbul ediliblər. Nümayəndələr isə, vəkil deyil, onlar Vəkillər Kollegiyasının üzvü də sayılmırlar. Vəkillərin də, nümayəndələrin də sırasında kifayət qədər peşəkar hüquqşünaslar var. Vəkili nümayəndədən fərqləndirən əsas cəhətlərdən biri də odur ki, nümayəndə hüquqşünas olmaya da bilər, hüquqi təhsili olmaya bilər. Vəkillikdə isə məsələ fərqlidir. Belə ki, vəkil olmaq üçün imtahan vermək istəyən şəxs ali hüquqi təhsili və ən azı hüquq sahəsində 3 illik iş təcrübəsinə malik olmalıdır. Bu isə onu deməyə əsas verir ki, vəkillərin hamısı ali təhsilli və ən azı 3 illik iş təcrübəsinə malikdirlər. Vəkillər kollegiyasının üzvü olmayan nümayəndələrin də sırasında ali hüquqi təhsili, kifayət qədər yüksək iş stajı və peşəkalığı olan şəxslər kifayət qədərdir. Eyni zamanda nəzərə almaq lazımdır ki, nümayəndədən fərqli olaraq, vəkilin fəaliyyəti “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunla tənzimlənir. Bu isə o deməkdir ki, vəkil istər-istəməz hüquqi yardım göstərdiyi şəxsə qarşı daha məsuliyyətlə yanaşır. Həmin qanun vəkilin üzərinə bir sıra vəzifələr qoyur, o cümlədən, ona müraciət edən edən şəxsin verdiyi məlumatı sirr kimi saxlamaq, işlə bağlı bütün zəruri addımları atmaq, vəkil andına və etikasına riayət etmək və sair”.



Asif Abdullayevin fikrincə, ucuz və “zəmanətli” xidmət vətəndaşların nümayəndələrə müraciət etmələrinə gətirib çıxarır:

“Təcrübədən görünür ki, bəzən hüquqi yardıma ehtiyacı olan şəxsləri daha çox ucuz xidmət məbləği və işin hüquqi nəticəsi barədə 100 faizlik təminat cəlb edir. Ümumiyyətlə, az sayda məsələləri çıxmaq şərti ilə, məhkəmə çəkişmələrinin nəticələrinə dair 100 faizlik təminat vermək düzgün olmaz. Bu cür təminat verən şəxslər öz işgüzar nüfuzlarını və müraciət etmiş şəxsin maraqlarını nəzərə almalıdırlar. Təəssüflər olsun ki, təcrübədə dəfələrlə belə hallarla rastlaşmışıq ki, ucuz və zəmanətli hüquqi xidmət həvəsində olan şəxslər, “zəmanətli” prosesin sonunda daha acınacaqlı hüquqi duruma düşmüş olublar”.

Vəkil Asif Abdullayev sonda bildirdi ki, vəkillərin müstəsna hüquqları var:

“Vəkillərin kifayət qədər hüquqları vardır. Məsələn, nümayəndənin sorğu vermək hüququ olmadığı halda, vəkilin sorğu vermək hüququ var. Bundan başqa, vəkillər hüquqi yardım üçün müraciət edən fiziki və hüquqi şəxslərin müdafiəçisi olmaq, onların mənafelərini təhqiqat, istintaq, məhkəmə, digər dövlət orqanlarında, təşkilatlarında, qeyri-dövlət təşkilatlarında, xarici ölkələrdə və beynəlxalq təşkilatlarda təmsil etmək; öz fəaliyyətində qanunvericiliklə qadağan olunmamış və vəkil etikasına zidd olmayan bütün üsullardan və vasitələrdən istifadə etmək; peşə fəaliyyətini həyata keçirməklə əlaqədar müstəqil araşdırmalar aparmaq, sənəd toplamaq, hüquqi yardım göstərmək üçün zəruri olan arayışları və digər sənədləri idarə, təşkilat və müəssisələrdən tələb etmək, onlarla tanış olmaq və həmin sənədlərin surətlərini çıxarmaq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarının alınması ilə bağlı əsaslandırılmış yazılı sorğular vermək; xüsusi bilik tələb edən məsələlərin araşdırılması üçün mütəxəssislərdən rəy almaq; qanunvericiliklə nəzərdə tutulmuş qaydada texniki vasitələrdən istifadə etmək kimi hüquqlara sahibdirlər”.

Vəkil Anar Qasımlı hesab edir ki, peşəkar hüquqi yardım almaq üçün ilk növbədə vəkillərə müraciət etmək lazımdır:



“Vəkillər Kollegiyasının üzvü olmayıb hüquq xidmətləri göstərən şəxslər qanunvericiliklə mülki və inzibati işlərdə Ali Məhkəmə mərhələsinə qədər nümayəndə qismində iştirak edə bilər. Yəni onlar qanun çərçivəsində fəaliyyət göstərirlər. Vəkil olmayıb hüquqi xidmət göstərən elə şəxslər var ki, geniş müştəri bazasına malikdirlər. Düşünürəm ki, vətəndaşlar vəkillərə müraciət etsələr, daha yaxşı olardı. Çünki əgər bir şəxsin vəkil adı varsa, deməli, bu şəxs ixtisasca hüquqşünasdır. Peşəkar hüquqi yardım almaq üçün ilk növbədə vəkillərə müraciət etmək lazımdır. Bir məsələni də qeyd etmək lazımdır ki, əgər vəkil səhvi nəticəsində müştəriyə ziyan dəyərsə, Vəkillərin Siğorta Fondu tərəfindən o zərər ödənilir. Lakin müstəqil hüquq xidmətləri göstərən nümayəndələrdən həmin zərəri tələb etmək çətindir. Hazırda vəkil olmayıb, nümayəndəliklə məşğul olan bəzi şəxslərlə bağlı şikayətlərin sayı çoxalıb. Dələduzluqla məşğul olduqlarına görə həmin şəxslər barəsində cinayət işi açılıb, bəziləri müəyyən müddət ərzində azadlıqdan məhrum edilib, bəzilərinin istintaqı davam etdirilir”.

Vəkillər Kollegiyasının üzvü olmayıb, lakin müstəqil şəkildə hüquq xidmətləri göstərən hüquqşünas Məhərrəməli Həmidov bildirdi ki, vətəndaşlar daha çox müstəqil nümayəndələrə müraciət edirlər:



“Vətəndaşlar ən çox müstəqil vəkillərə müraciət edir. Buna səbəb isə kollegiyanın üzvü olan vəkillərlə müqayisədə, müstəqil vəkillərin vətəndaşlara daha münasib qiymətə hüquqi xidmət gostərməsidir. Eyni zamanda, göstərdiyi xidmətlərə zəmanət verirlər ki, işi müvəqqiyyətlə başa vura bilməzlərsə, aldığı puldan çəkilən xərclər istisna olmaqla, qalan məbləğ vətəndaşa geri qaytarır. Vəkillər Kollegiyasının üzvü olan vəkillərdə isə işin nəticəsindən asılı olmayaraq aldığı pulun geri qaytarılması nəzərdə tutulmur”.

Ceyhun Əhmədli

Açar sözlər:

Oxunub: 8403


Oxşar xəbərlər